“Ən böyük korrupsiya incəsətdədir” – Afaq Bəşirqızı – MÜSAHİBƏ – FOTOLAR

10:00

20 Fevral

“Kişi odur ki, öz torpağında baş çıxardıb, başqa torpağa gəzməyə getsin”

lady gaga

“Şöhrət” ordenli xalq artisti Afaq Bəşirqızı PrimeTime.Az-ın “Tet-a-Tet” rubrikasının qonağıdır.

Afaq xanımla Sumqayıt Teatrında İsi Məlikzadə və Süleyman Ələsgərovun “Subaylarınızdan görəsiniz” komediyasının məşqləri zamanı görüşdük. Məhz bu səbəbdən söhbətimizin mövzusu Sumqayıt Teatrı və yeni tamaşa ilə bağlı oldu.

– Afaq xanım, özünüzü necə hiss edirsiniz? Səhhətiniz necədir?

– Şükür Allaha, normalam. Müalicələrim davam edir. Tamaşalarımı oynayıram. Məşqlərimə müntəzəm gəlirəm. Gördüyünüz kimi hazırda da məşqdəyəm.

– Sumqayıt Teatrında “Subaylarınızdan görəsiniz” tamaşasının intensiv məşqləri gedir. Bu gedişlə tamaşanı yaxın günlərdə təhvil verəcəksiniz?

– İnşallah. Hələlik, məşqlər davam edir. Tamaşa martın əvvəlində hazır olacaq. Musiqili Teatrda da yeni tamaşanın məşqləri gedir. Amma bütün gücümü bura yönəltmişəm. Bu tamaşa müvəffəqiyyətlə təhvil verilməlidir. Çünki, Sumqayıt Teatrına hər zaman qayğı ilə yanaşmışam. Həyatımın 15 ili Sumqayıt Teatrı ilə bağlıdır. Fəxrlə deyə bilərəm ki, bu teatrda namusla, alın təri ilə işləmişəm. Bu teatrın qayğısına qala-qala, Sumqayıt Teatrının yaşaması üçün çalışmışam. İndi baxanda görürəm ki, keçmiş kollektivdən heç kim qalmayıb. Onların yarısından çoxu dünyasını dəyişib, bəziləri başqa teatrlara gedib.

– Demək olar ki, Sumqayıt Teatrında köhnələrdən heç kim qalmayıb…

– Hə, keçmiş aktyorlardan heç kim qalmayıb. Sumqayıt Teatrında indi gənclər və orta nəslin aktyorları çalışır. O dövrdən təkcə Növrəstə Həşimova qalıb. Ona görə də mənə bu təklif gələndə məmnuniyyətlə razılıq verdim. .

– Afaq xanım, təklif kimdən gəldi? Sumqayıt Teatrından?

– Təklif teatrdan gəldi. Daha dəqiqi Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdan. Zakir müəllimi uzun illərdir tanıyıram. Diqqətli insandır. Qurub-yaratmağı sevir. Sumqayıt Teatrının təmirdən sonra açılışında mənə bu təklif gəldi. Təklif belə oldu ki, mən bu teatra gəlim və bir tamaşa ilə çıxış edim. Mən razılaşdım. Verdiyim sözün arxasında dayanan insanam. Yaradıcı heyətlə, teatrın baş rejissoru Firudin Məhərrəmovla belə qərara gəldik ki, İsi Məlikzadə və Süleyman Ələsgərovun “Subaylarınızdan görəsiniz” komediyasını hazırlayaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

– Həm də sizin təklifinizlə xalq artisti Valeh Kərimov teatra dəvət edilib…

– Hə, təklif məndən gəldi. Sağ olsunlar ki, razılıq verdilər. Valeh Kərimovla əl-ələ verib yenidən duet ortağı olacayıq. Ümumiyyətlə, mən bunu əvvəllər də müşahidə edirdim və indi də görürəm ki, Sumqayıt Teatrında gözəl potensialı olan aktyorlar var. O dəqiqə də seçilirlər. Əsərin stolarxası məşqlərində hiss etdim ki, bu teatrda hər rolun öz aktyoru var. Tamaşanın düzgün rol bölgüsü aparıldı və inanıram ki, ərsəyə uğurlu iş gətirəcəyik.

– Afaq xanım, bu tamaşanı bir zamanlar Musiqili Komediya Teatrında müvəffəqiyyətlə oynamısınız. Əsərə bələdsiniz. Nə əcəb, tamaşaya özünüz quruluş vermədiniz?

– Tamaşanın quruluşçu rejissoru Firudin Məhərrəmovdur. Mən düşünürəm ki, öz missiyamı yerinə yetirsəm daha yaxşı olar. Bilirsiniz, insan özünü tanımalıdır və hər kəs yerini biləndə bu, daha qiymətli olur.

– Afaq xanım, Valeh Kərimovla yenidən duet ortağı olacaqsınız. Sumqayıt Teatrında uğurla tamaşaya qoyulan Söylü-Moşu dueti yenidən davam edəcək?

– Tamaşaçı istər-istəməz Valehlə mənim partnyorluğumu görən kimi Söylü və Moşunu yada salacaq. Bu belədir. Amma mənim Valehlə söhbətim belə olub ki, bu tamaşanı izləyənlər Söylü-Moşunu şirin xatirə kimi xatırlasın və bizim yeni personajlarımıza fərqli yanaşsınlar. Hərçənd, fərqli yanaşacaqlar. Çünki Səməni və Seyfi fərqli obrazlardır.

– Afaq xanım, Musiqili Teatrın səhnəsində iki tamaşada çıxış edirsiniz. Həmçinin, Sumqayıt Teatrında yeni tamaşa. Səhhətinizdə problem yaranacağından ehtiyat etmirsiniz?

– Ağır cərrahiyyə əməliyyatları keçirmişəm. Amma şükür Allaha, səhnəyə çıxa bilirəm. Həkimlərin daimi nəzarəti altındayam. Sumqayıt Teatrından əlavə, Musiqili Teatrda da yeni tamaşaların məşqlərinə başlayırıq. Yəni, Allah köməyimiz olsun, işlər gedir.

– Musiqili Teatrda hansı tamaşanın məşqlərinə başlamısınız?

– Yeni tamaşadır. Rejissor Əsgər Əsgərovla birlikdə hazırlıqlara başlamışıq. Amma hansı əsər olduğunu deməyəcəm. Əvvəlcədən demək mənə düşmür.

– Afaq xanım, son dövrlər teatr aləmində gedən proseslərə sizin münasibətiniz necədir? Dəyərli sənətkar olaraq, sizi incidən, narahat edən məsələlər hansılardır?

– Ümumiyyətlə, mən şəxsi ambitsiyalarıma görə heç kimi günahlandırmamışam. Bu, mənim özümə aiddir və elə gücsüz qadın deyiləm ki, problemlər qarşısında aciz qalam. Amma ümumilikdə bu sahədəyəmsə, buranın çatışmayan cəhətləri, çatışan cəhətlərindən daha çoxdur. Bu, məni incidir. Hər zaman demişəm. Mədəniyyəti qorumaq lazımdır. Hər bir xalq mədəniyyəti ilə tanıyırlar. Ona görə də mədəniyyəti qorumaq bizim hər birimizin borcudur. Bizim sənətimiz meydan sənətidir. Meydanda kimin kim olduğu gözəl görünür. Bunu hansısa qırmızı, qara rəngli telefonlarla həll etmək bəlkə də, mümkündür, bəlkə də haqsızlıq, ədalətsizlik etmək mümkündür. Amma zəmanə, cəmiyyət və tarix öz rolunu oynayır. Ola bilər ki, bir qədər geciksin. Sonda isə öz sözünü deyəcək. İstəyərdim ki, səlahiyyətli şəxslər bu barədə fikirləşsin. Sənətdə dayı zəngi, əmi tapşırığı, rəngli telefonlar rol oynaya bilməz. Müəyyən dövrdə rol oynaya bilər, amma yetişən gənc və orta nəsli təmsil edənlərin həyatını məhv etmək düzgün deyil. Çox istəyirəm ki, hər teatrın özünün konsepsiyası, studiyası olsun. Hər bir teatr özünün aktyorlarını, rejissor, rəssamlarını yarada bilsin. Bu barədə mən on ildir danışıram. Müəyyən dairələrdə, Teatr Xadimləri İttifaqının plenumunda çıxışımda demişəm. Teatrların daxili studiyalarının olması vacibdir. Bilirsiniz, hər bir aktyorun dünyagörüşü, təfəkkürü və savadı olmalıdır. Bu belədir. Amma aktyor birinci növbədə istedadlı olmalıdır. Çünki istedad birincidir. Aktyor kütlə qarşısına çıxırsa, hər ağızdan bir sözü götürürsə, artıq cümlə qurmağı bacaracaq və sabah kitab da yazacaq. İstedadı oxumaqla, tonlarla kitabı qət etməklə əldə etmək mümkün deyil. İstedad Allah vergisidir. Bilirsiniz, keçid dövrü, devalvasiya və sair məsələlər incəsənətə şamil olunmamalıdır. İncəsənətdə elə dahilər olub ki, onlar xalq arasına üst geyimləri kasıb, nimdaş olduğu üçün çıxmağa utanıblar. Sənətkarın üst geyimindən kimsə utana bilər, amma özü utanmasın. Çünki o sənətkardır. Hər sənətkar öz qiymətini bilməlidir. Bu adı qazanmaq üçün başı çox “divarlara” dəyməlidir, zəmanənin qapazlarını götürməlidir, “dizləri qanamalıdır”, büdrəməlidir. Amma yenə də dözməlidir. Nəyə görə? Çünki bu, qeyri-adi bir sənətdir və eyni zamanda gözləməlidir ki, səhnə onu nə vaxtsa özü sinəsindən atacaq. Həyatdır. Səhnə sinəsində möhkəm yeriyən, qaltan səsi, bacarığı olan, bütün kütləni ələ alan, ayağa qaldıran insanı sevir. Bu mənada səhnəni məşuq və ya məşuqə adlandırmaq olar. Çünki ömrü az olur.

 

 

 

 

 

 

 

 

 

 

 

– Etibarsızdır…

– Bəli, etibarsızdır və bu etibarsız sənətdə mətin addımlar atmaq, özünü təsdiq etmək və irəliləmək kişi işidir.

– Afaq xanım, söhbət dönüb-dolaşıb yenə getməyə gəlir. Allah sizə can sağlığı, uzun ömür versin. Amma siz o gedişi necə təsəvvür edirsiz?

– Sözün düzü, mən getsəm də həmişə ictimaiyyət arasında olacam. Uzun müddətdir şəxsi işlərim də var. Bütün bunlara baxmayaraq, sizə bir söz deyim. Amma dediklərim patriot cümləsi kimi görünməsin. Bu günə qədər qazandığım titulları müəyyən ehtiyacı olan adamlar üçün xərcləyirəm. Onların mənə ehtiyacı var. Bütün bunların hamısını qoyub, getmək böyük günah olar. Hiss edirəm ki, hələ lazımam. Yorulduğumu hiss edəndə gedəcəm.

– Fiziki yoxsa mənəvi yorğunluqdan söhbət gedir?

– Fiziki yorğunluq ola bilər. Onda mən özümə istirahət verəcəm. Hələlik güclü həkim nəzarəti altındayam və səhhətimdən razıdılar. Son illərdə incəsənətdə böyük boşluq yarandı. Sənətkarlarımızı itirdik. Mən dostlarımı, tərəf müqabillərimi, Azərbaycan teatr sənəti istedadlarını, incilərini, mirvarilərini itirdi. Bununla da dərin boşluq yarandı. Bu boşluqdan gənc və orta nəsil keçir və burulğana düşməmək üçün dayaq lazımdır. Çox az qalmışıq. Bəziləri isə uzaqlaşıb və ya özlərinə qapanıblar, ev şəraitində yaşayırlar. Bir çoxları kinoya bağlı sənətkarlardır.

 

 

 

 

 

 

 

 

 

 

 

– Kinonun vəziyyəti də acınacaqlıdır…

– Bilirsiniz, kinoya vəsait və şərait lazımdır. Həmin vəsaitə uzanan və onu dağıdan əlləri kəsmək lazımdır. Hərdən baxıram və düşünürəm ki, bəzi insanlar bilərəkdən bu incininin, mirvarinin qədrini bilmirlər. Ən dəyərli, qiymətli ləl-cəvahiratı tapdalayıb keçirlər. Bəzən adi parıldayan daşı, brillantdan üstün tuturlar. İstedadlı insanlara qarşı belə münasibətləri görəndə düşünürəm ki, bunu edənlərin vicdanı, vətəndaşlığı, torpaq qədri bilməsi var? Bəlkə də bütün sahələrdə korrupsiya mümkündür. Amma incəsənətdə korrupsiya mümkün deyil. Təəssüf ki, ən böyük korrupsiya incəsənətdədir. Bu baxımdan mənim haqqım yoxdur ki, indi hər şeyi atım və gedim. Bir haşiyə çıxım. 1975-ci ildə doğma Sumqayıt Teatrına gəlmişəm. 1977-ci ildə bu teatra məzun aktrisa gəlib, 1981-ci ildə həmin aktrisa əməkdar artist adını alıb. Bizə isə o dövrdə qiymət verilməyib. Amma indi vəziyyətə baxın. Həmin aktrisa heç sənətdə yoxdur. Hara gedib heç kim bilmir. Meydanda isə sona qədər əziyyət çəkən bizlər qalmışıq. Bütün haqsızlıqlara dözmüşük, sinə gərmişik, özümüzü sındırmamışıq. Titul üstündə dava etməzlər. Əvvəla, ilk titulu insana istedadı bəxş edən Allah verir. İkinci isə qoy səni qiymətləndirsinlər. Sən özünə qiymət verə bilmərsən. Hər bir insan özünü güzgüdə görməyi bacarmalıdır. Əgər bunu görmürsə və ya görüb camaatın gözünə kül üfürürsə, bu, ən böyük nadanlıqdır. Hərdən ikrah hissi ilə kanalı dəyişirəm. İncəsənət “xadimi” adını daşıyan biri çıxır və özü haqqında elə danışır ki, sanki bunu tanıyan yoxdur. Axı biz səni istedadsızın böyüyü kimi tanıyırıq. Hələ oturub, nəyisə idarə edirsən, başlar kəsirsən, talelər məhv edirsən. İncəsənət aləmindən, teatrlardan nə qədər istedadlı adamlar getdilər. Heç bilirsiniz, küsüb gedənlər, başqa sənətə, ölkəyə üz tutanlar nə qədər oldu? Əksəriyyəti sonradan məhv olub getdi. Kişi odur ki, öz torpağında baş çıxardıb, başqa torpağa gəzməyə getsin. Müəyyən bir yaşdan sonra başqa ölkəyə gedib, həmin ölkənin vətəndaşı olub, xoşbəxt yaşamaq mümkün olmur. Siz mənə inanın, xoşbəxt olmurlar.

 

 

 

 

 

 

 

 

 

 

 

– Amma illərdir vətəndən kənarda yaşayıb, karyera quran və xoşbəxt olanlarımız var…

– Yox qızım, xoşbəxt olmurlar. Mən inanmıram. Özünü təsdiq etmək üçün harasa getmək vacib deyil. Çətinlikdə özünü təsdiq et. Təsdiq et ki, sən sərkərdəsən. Pərən-pərən düşən bir qoşunun içində sərkərdəlik etmək sıravi qoşunun içində sərkərdəlik etməkdən qat-qat çətindir. Sərkərdəlik edib, qalib gəlmək lazımdır. Qoşun, sərkərdə məğlub olanda məhv olur. Bunu düşünməyə dəyər. Sükanı düzgün əllərə vermək lazımdır. Gəmini idarə edən bilməlidir ki, hara gedir. Qayalığa dəyib, məhv olmamalıdır. Bizim də sənətimiz belədir. Sənətimiz etibarlı əllərdə olmalıdır. Tanınmış simalar öz güclərini, istedadlarını, biliklərini, bacarıqlarını teatrın bundan sonrakı inkişafına sərf etməlidir.

– Afaq xanım, Bəşir Səfəroğlunun adını daşıyan teatrın aqibəti necə oldu?

– Hələlik mənim vəziyyətimlə əlaqədar olaraq, teatrın fəaliyyəti müvəqqəti dayandırılıb. 2011-ci ildə yaratdığım teatr “Rus evi”nin nəzdində fəaliyyət göstərməyə başladı. 2011-ci ildə teatr Almaniyanın yeddi şəhərində, sonra İsraildə, İsveçrədə qastrol səfərində oldu. 2012-ci ildə ürək əməliyyatımla əlaqədar olaraq teatr yaradıcı cəhətdən akademik məzuniyyətə buraxıldı. Çünki fiziki baxımdan teatrla məşğul ola bilməzdim. Sonradan Amerikaya qastrol səfərimiz oldu. Amma sonuncu əməliyyatımdan sonra teatrla heç məşğul ola bilmədim. Ağır əməliyyat keçirdiyimə görə hələlik teatrımın fəaliyyəti dayanıb. İndi isə vəziyyətlə əlaqədar olaraq, iyun ayında bir dəfə yığışıb, teatın konsepsiyasını müəyyən edəcəyik. Bundan sonra nə olacaq, necə fəaliyyət göstərəcəyik? Bunları müzakirə edəcəyik. Açıq etiraf etmək lazımdır ki, teatr mənim üzərimdə qurulub. Mən olmasam, bu teatrın fəaliyyət göstərməsi çox çətindir. Sözsüz ki, qeydiyyatdan keçmiş bir teatrın həm də Bəşir Səfəroğlunun adını daşıyan sənət ocağının bağlanmasına yol verə bilmərəm. Hər halda nəsə fikirləşəcəm.

Ülviyyə Həsənqızı

Foto: Rahib Hacıyev

Sizə maraqlı ola bilər