Burada sizin reklamınız ola bilər

BDU-da zəhərlənən qızlardan birinin bacısı DANIŞDI
21 Noyabr 2019 , 16:52

BDU-da zəhərlənən qızlardan birinin bacısı DANIŞDI - "Ölən qız nişanlı idi" /FOTO


Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənən qızlardan biri Quliyeva Dilrubə bu gün evə buraxıla bilər.

 

Bu barədə Dilrubənin bacısı Firuzə Quliyeva Primetime.az-a açıqlama verib. O bildirib ki, bu hadisə ilə bağlı çox gec xəbərləri olub:

 

“Axşam bacımla danışanda hər şey yaxşı idi. Səhər saatlarında dedilər ki, Dilrubəyə zəng çatmır. Daha sonra isə əmim zəng edib xəstəxanaya getdiyini, Dilrubənin vəziyyətinin ağır olduğunu, otaq yoldaşının öldüyünü dedi. Həmin zaman Dilrubə və Həmidənin vəziyyəti isə ürəkaçan deyildi, ayılmamışdılar. Yarım saatdan sonra isə bildirdilər ki, Dilrubə artıq özünə gəlib. Hələ ki, əlimizdə olan məlumat budur. Nədən zəhərləndikləri ilə bağlı informasiya yoxdur”.

 

F.Quliyevanın sözlərinə görə, tələbələrin vəziyyəti yaxşı olsa, bu gün evə buraxılacaqlar:

 

“Vəfat edən Şəkər xanımı şəxsən tanıyırdım. Nişanlı idi, çox yaxşı qız idi. Əlimizdə olan məlumata görə, Şəkər xanım təcili tibbi yardım xidmətindən imtina edib. Lakin bacımı xəstəxanaya təcili tibbi yardım çatdırıb. Ümumiyyətlə isə, onları kim tapıb – bu haqda məlumat yoxdur”.

 

Qeyd edək ki, hadisə BDU-nun Mətbuat küç. 36 ünvanında yerləşən 2№-li yataqxanasında baş verib. Verilən məlumata görə, qızlar ötən axşamdan zəhərləniblər. Həkimlər bu gün günorta saatlarında yataqxanada huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıb. Onlardan biri ölü tapılıb. Hazırda xəstəxanada olan tələbələr 1998-ci il təvəllüdlü Həmidə İbadova və kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dilrubə Quliyevadır.

 

Günay Rəsulqızı

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR