Burada sizin reklamınız ola bilər


28 Noyabr 2019 , 18:43

"Nəsimi” bədii filminin surdo-tərcümə versiyasının təqdimatı keçirilib


"Nəsimi” bədii filminin eşitmə və nitq qabiliyyəti olmayan şəxslər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hazırlanmış surdo-tərcümə versiyasının təqdimatı keçirilib.

 

Primetime.az APA-ya istinadla xəbər verir ki, tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, eşitmə və nitq qabiliyyəti olmayan şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Hidayət Abdullayev bildirib ki, "Nəsimi” bədii filminin surdo-tərcümə versiyasının hazırlanması Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi ilə bağlı aparılan işlərə töhfə məqsədi daşıyır: "Eyni zamanda, bu layihə eşitmə və nitq qabiliyyəti olmayan şəxslərin cəmiyyətə inteqrasiyasına, onların informasiyaya əlçatanlığının təmin olunmasına bir dəstəkdir".

 

Layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, "Nəsimi" filminin surdo-tərcüməsi "Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud şəxslər üçün Kütləvi İnformasiya Vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması" layihəsi çərçivəsində hazırlanıb. Onun sözlərinə görə, filmin surdo-tərcüməsi beynəlxalq standartlara uyğun hazırlanıb: ""Nəsimi" filmindən başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə hazırlanan eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün "Bir qalanın sirri" filmi nümayiş olunub. Növbəti həftədə isə bu formatda hazırlanan "Yalançı çoban" cizgi filminin və vətənpərvərlik mövzularında 6 video materialın da surdo tərcümə versiyaları təqdim olunacaq".

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev bildirib ki, bu layihədən əvvəl "Danışan kitablar" adlı layihə təqdim olunub. Eşitmə və ya nitq məhdudiyyəti olan şəxslər üçün hazırlanan bu layihənin də böyük əhəmiyyəti var.

 

Daha sonra “Nəsimi” bədii filminin surdo-tərcümə versiyası təqdim edilib.

 

Qeyd edək ki, filmin təqdimatından sonra surdo-tərcümə versiyası disk formasında eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud şəxslərə təqdim olunub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR