Burada sizin reklamınız ola bilər

İlham Əliyev TANAP layihəsinin açılış mərasimində
30 Noyabr 2019 , 17:37

İlham Əliyev TANAP layihəsinin açılış mərasimində - YENİLƏNİB


Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

 

Primetime.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

 

Əvvəlcə Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən biri və Avropanın enerji təhlükəsizliyində mühüm amil olan TANAP - Transanadolu qaz boru xətti layihəsinin icrasına həsr olunmuş videoçarx nümayiş etdirildi.

 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz TANAP layihəsinin əhəmiyyətindən danışdılar.

 

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 il bundan əvvəl təməli qoyulan TANAP-ın Avropa sərhədinə çatması münasibətilə təbriklərini çatdırdı. Bu layihənin keçdiyi tarixi yoldan danışan dövlətimizin başçısı TANAP-ın icrasında əsas texniki və maliyyə yükünün Azərbaycanın və Türkiyənin üzərinə düşdüyünü bildirdi. Ölkələrimiz arasında icra olunan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin fəaliyyətə başlamasının TANAP üçün yol açdığını deyən Prezident İlham Əliyev 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışdı, onun ölkələri birləşdirdiyini vurğuladı. Bu layihələrin dünyada enerji təhlükəsizliyində mühüm rol oynadığını deyən dövlətimizin başçısı dedi ki, bundan sonra da iki qardaş ölkə - Türkiyə və Azərbaycan çiyin-çiyinə irəliləyəcək.

 

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi. Türkiyə Prezidenti Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Transanadolu xəttinin TAP xəttinə birləşməsinin tarixi əhəmiyyətindən danışdı. “Bu, həm də bir sülh layihəsidir”, - deyən Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasındakı dostluğun rəmzi olan TANAP-ın həyata keçirilməsində birgə əməkdaşlığın mühüm rol oynadığını bildirdi. Bu layihənin Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətini vurğulayan Türkiyə Prezidenti Asiya ilə Avropanı bir-birinə bağlayan TANAP-ın icrasına verdiyi dəstəyə, liderlik fəaliyyətinə görə Prezident İlham Əliyevə təşəkkür etdi.

 

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş Naziri Georgi Qaxariya və digər rəsmi şəxslərin iştirakı ilə TANAP kəmərini TAP kəməri ilə birləşdirilməsi mərasimi oldu.

 

Mərasim xatirə fotosu çəkdirilməsi ilə başa çatdı.

 

15:49 *****

 

Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimi keçirilir.

 

Bu barədə Prezidentin Mətbuat xidmətindən Primetime.az-a məlumat verilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR