Burada sizin reklamınız ola bilər

VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə Qala konserti keçirilib
03 Dekabr 2019 , 22:36

VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə Qala konserti keçirilib - FOTO


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq keçirilən Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə Qala konsert proqramı təqdim olunub.

 

Primetime.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, hökumət rəsmiləri, qeyri-hökumət qurumlarının nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Nazir bildirib ki, Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi bu kateqoriyadan olan insanların bədii yaradıcılıq sahəsində də istedad və qabiliyyələrə malik olduqlarını bir daha təsdiq edib: "Ulu öndərimiz Heydər Əliyevin dəstəyi ilə hələ 1990-cı illərdən belə tədbirlərin təşkil edilməsinə başlanıb. Ötən dövrdə də əlilliyi olan şəxslərin ümumrespublika səviyyəli bədii yaradıcılıq sərgi və baxış-müsabiqələrinin keçirilməsi artıq ənənəyə çevrilib. Prezident İlham Əliyev “Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər” deyə bəyan edib və Azərbaycanda aparılan işlər də bu sözləri əməli şəkildə təsdiqidir. Sevindirici haldır ki, hər il keçirilən bu tip tədbirlərə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar böyük maraqla və fəallıqla qoşulurlar. Onlara imkan yaradılır  öz istedad və qabiliyyətlərini cəmiyyətə təqdim eləsinlər".

 

Nazir deyib ki, əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, reabilitasiya imkanlarının artırılması ilə yanaşı, eyni zamanda, əsas məqsədlərdən biri də onların cəmiyyətə fəal inteqrasiyasına, ictimai həyatda fəal iştirakına nail olmaqdır.

 

S.Babayev yenicə yekunlaşan Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin də elə bu məqsədə xidmət edən mühüm tədbirlərdən biri olduğunu qeyd edib.

 

Qeyd edək ki, muğam, mahnı, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət üzrə keçirlən bu ilki baxış-müsabiqəsində 341 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın iştirakı ilə ölkəmizin regionlarında zona baxış-müsabiqələri keçirilib. Münsiflər heyətinin qərarına əsasən onlardan ümumilikdə 193 nəfər baxış-müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb. Final mərhələsində isə iştirakçılardan 25 nəfəri baxış-müsabiqənin qalibləri müəyyən olunub.

 

Gözdən I dərəcəli əlilliyi olan Elman Süleymanovun fortopianoda ifası ilə başlayan konsert proqramı Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan şəxslərin tanınmış incəsənət ustaları ilə eyni səhnəni bölüşərək duetlər ifa etmələri əsasında təşkil olunub. Mahnı və rəqslər, bədii yaradıcılıq nümunələri  tamaşaçılar Bəhlul Əliyevin və Elnarə Xəlilovanın, Ayşən Padarova və Pərviz Qasımovun, Mehman Çingizoğlu və əməkdar artist Nuriyyə Hüseynovanın, Gülnar Novruzova və Sənan Əliyevin,  Qəndaf Əkbərli və İbrahim Məmmədovun, Sadiq Həsənov və xalq artisti Gülyaz Məmmədovanın, Aysel Əlizadə və xalq artisti Samir Cəfərovun, Gülnar Rəhimova və Elvin Abdullayevin, Fatimə Savalanova və əməkdar artist Gülüstan Əliyevanın, Mətanət Quliyeva və əməkdar artist Nicat Kazımovun, Seymur Əliyev və Elnur Məmmədovun, Suma Tapdıqova və xalq artisti Gülyanaq Məmmədovanın ifasında duet formatında təqdim edilib.

 

S.Babayev və münsuflər heyətinin üzvləri olan tanınmış mədəniyyət və incəsənət xadimləri tərəfindən  baxış-müsabiqəsi qaliblərinə diplom və mükafatlar, digər iştirakçılarına həvəsləndirici təşəkkürnamə və mükafatlar təqdim edilib.   

 

Tədbir bütün əlilliyi olan şəxslərin ifasında “Yaşa Azərbycan” mahnısının ifası ilə yekunlaşıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR