Burada sizin reklamınız ola bilər

Deputatlığa namizəd olduğu deyilən Xalq artisti:
14 Yanvar 2020 , 14:23

Deputatlığa namizəd olduğu deyilən Xalq artisti: "İstəmirəm" - FOTOLAR


“Bu inciklik və küsülülük mən tərəfdən olmayıb. Hamı da bilir. Söhbətin mənə aidiyyəti belə, yox idi. Amma bütün bunlara rəğmən öz kiçikliyimi göstərdim. Böyüyün ayağına getdim. Bir də görürsən ki, ata ilə oğul arasında söz-söhbət, dava-dalaş olur. Bu addımı da mən özüm atdım".

 

Bu sözləri Xalq artisti Mənsum İbrahimov Primetime.az-a açıqlamasında deyib. Sənətçi Xalq artisti Canəli Əkbərov ilə aralarında yaranmış küsülülüyə son qoymasından danışıb:

 

"Bilirsiniz ki, Canəli müəllimin səhhətində ciddi problemlər yaranıb. Gedib onu xəstəxanada ziyarət etdim. Ağsaqqallara hörmət etmək bizim hər birimizin borcudur. Düşünürəm ki, hamı öz yerini bilməlidir. İstər sənətdə, istər həyatda. İddiası böyük olan insanlar sənətdə problemlərlə üzləşirlər. Hər zaman öz tələbələrimə də bu kimi incəlikləri aşılamağa çalışıram. Bacarıqlarınızdan üstün danışmayın. Belə olduğu halda, problemlərlə üzləşəcəksiniz. Çünki imkanla iddia üst-üstə düşməlidir. Mən də çox şey istəyirəm. Amma gərək sən ona layiq olasan”.

 

 

Xanəndə son zamanlar sənət adamlarının deputatlığa namizədliyini irəli sürmələrinə də münasibət bildirib: 

 

"Ankara şəhərində konsertdə idim. Zəng vurub söylədilər ki, mətbuatda mənim deputatlığa namizədliyim haqda məlumatlar yayılıb. Özü də mən, “Yeni Azərbaycan Partiyasının” (YAP) adından namizədliyimi irəli sürmüşəm. Cavab olaraq söylədim ki, heç bir partiyanın üzvü deyiləm. Bütün partiyalara mənim dərin hörmətim var. YAP isə bizim aparıcı partiyalarımızdan biridir. Amma üzvü olmadığım partiya mənim namizdəliyimi necə irəli sürə bilər? Deputat olmaq istəsəydim, namizədliyimi irəli sürərdim. Bu mənim haqqımdır. Amma heç vaxt düşünməmişəm.


 

Düşünürəm ki, öz sahəmdə görüləcək işlər yetərincə çoxdur. Bu gün mənim cəmiyyətdə statusum var. Həm muğam professoru kimi, həm də müğənni kimi. Təkcə 2019-cu ildə 14 ölkədə canlı solo konsert proqramı ilə çıxış etmişəm. Bu adi bir göstərici deyil. Söhbət xarici ölkələrdəki konsertlərin sayından gedir.

 

 

Hər bir Azərbaycan vətəndaşının konstitusiya hüququ var ki, deputatlığa namizədliyini irəli sürsün. Heç kim digərinin haqqını məhdudlaşdıra bilməz. Son sözü təbii ki, xalq deyəcək. Buna normal baxıram. Kim özünü orada görmək istəyirsə, onun haqqıdır. Milli Məclisdə mədəniyyət xadimləri mütləq şəkildə olmalıdır. Amma orada özümü hələ ki, görmürəm. Sənətimlə məşğul olsam, daha çox faydam olar. İstəyərdim ki, hüquqşünaslarımız, iqtisadçılarımız, tarixçilərimiz, alimlərimiz namizədliyini irəli sürüb fəaliyyətlərini davam etdirsinlər. Oraya ona görə gedirlər ki, tribunadan çıxış edib, söz desinlər. Mənim əlimdə tribuna var. İstədiyim telekanallar, saytlar vasitəsi ilə öz sözümü çatdıra bilirəm. Hansısa hadisəyə də öz fikirlərimi azad şəklində bildirirəm. Mənim statusum heç də deputatdan aşağı deyil. Artıqdır, əskik deyil. Məni dəstəkləyən insanların sayı çox oldu. Qarabağ bölgəsindən nə qədər telefon zəngləri, mesajlar aldım. Hamı bir ağızdan deputat olmağımı istədikləri ilə bağlı xoş sözlər söylədilər. Amma hələ ki, istəmirəm”.

 

Sərvər Mehtiyev

Foto: Kərim Abbasov

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR