Burada sizin reklamınız ola bilər

“Azərbaycan toyu” Ginnesin Rekordlar kitabına düşə bilər
23 Yanvar 2020 , 19:25

“Azərbaycan toyu” Ginnesin Rekordlar kitabına düşə bilər - FOTOLAR


Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyinin foyesindəki divar rəsmləri Ginnesin Rekordlar Kitabına daxil edilə bilər.

 

Primetime.az xəbər verir ki, divara çəkilmiş miniatür tipli təsvirlər 73 kvadratmetr sahəni əhatə etməklə, dünyada bu vaxta qədər çəkilmiş miniatür tipli ən irihəcmli rəsm əsəri hesab edilir.  “Azərbaycan toyu” adlanan və vahid süjet əsasında işlənmiş divar rəsmlərinin müəllifi Azərbaycan Rəssamlar İttifaqının üzvü Fərman Hüseynovdur.

 

Tempera boyası ilə işlənmiş rəsmlər divara 2016-cı ildə, bir il ərzində çəkilib.

 

Təsvirlərin mərkəzində ilin ən gözəl fəslində - yaz çağında saz-söz, şeir məclisi qurulub. Ətrafdakı hər şey, aydın səma, yaşıla bürünmüş dağlar, çəmənlər, coşub-daşan çaylar, çiçəkləyən ağaclar, durna qatarı, yuva quran qaranquşlar, cəh-cəh vuran bülbüllər, bir sözlə ətraf aləm yazın gəlişindən, təbiətin oyanışından xəbər verir.

Rəsmin süjet xəttinə əsasən, bir ozan bir-birlərini ülvi məhəbbətlə sevən iki aşiqin eşq dastanını danışır. Əsərin sağında oğlan evi, solunda isə qız evi təsvir edilib. Arxa fonda qədim Şəmkir qalası və məşhur sütun, öndə isə elçilik üçün yola düşən dəvə karvanı görünür. Bir az sonra qız evində elçilik və hər iki gəncin söhbətləşən ataları təsvir olunur. Nəhayət, valideynlər xeyir duaları ilə öz qızlarını bəzənmiş kəcavədə oğlan evinə yola salırlar. Uzun yolçuluqdan sonra karvan şəhərə çatır, xoş xəbər hər yana yayılır. Oğlan evində el adəti ilə böyük toy məclisi qurulur, gənclər sevinir, oynayır, şadlıq edirlər.

 

“Azərbaycan toyu” adlanan divar rəsmlərində rəssam Fərman Hüseynov demək olar ki, ölkəmizin maddi-mənəvi irsini, onun adət-ənənələrini, el sənəti nümunələrini, bir rəssam peşəkarlığı ilə təsvir etməyi bacarıb.

 

Ginnesin Rekordlar Kitabına daxil edilməsi üçün təqdim olunmuş “Azərbaycan toyu” iki mərhələni uğurla keçib. Hazırda proses növbəti sənədləşmə mərhələsindədir.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR