Burada sizin reklamınız ola bilər

18 yaşdan aşağı şəxslərə enerji içkiləri qadağan olunacaq? – AÇIQLAMA
13 Avqust 2019 , 11:33

18 yaşdan aşağı şəxslərə enerji içkiləri qadağan olunacaq? – AÇIQLAMA


İngiltərədə enerji içkiləri ilə bağlı qadağalar tətbiq olunacaq. Bu içkilər 16 yaşdan aşağı olanlara satılmayacaq. Bununla bağlı İngiltərənin Səhiyyə naziri Mettyu Xenkokun hazırladığı qanun layihəsi mətbuata sızıb. “Bu plan hökumətdə və iş dünyasında mübahisəyə səbəb ola bilər. Amma xəstəliklərin qarşısını almaq üçün hökumət tərkibində yüksək miqdarda kafein və şəkər olan enerji içkilərinin satışına müdaxilə etməlidir”, – deyə, nazir bildirib.

 

Bəs, Azərbaycanda bu cür qanunun tətbiqinə ehtiyac varmı?

 

Məsələ ilə bağlı qida mühəndisi İsa Əliyev Primetime.az-a açıqlamasında bildirib ki, enerji içkilərinin səbəb olduğu fəsadlar hər kəsə bəllidir:

 

“Bildiyiniz kimi enerji içkilərinin içərisində kofein, taurin, inozitol kimi stimullaşdırıcı komponentlər mövcuddur. Bunlar insanda qan dövranını sürətləndirir və damar genişlənmələrinə səbəb olur. Bu da nəticədə ürək-damar xəstəliklərinin əmələ gəlməsinə şərait yaradır. Xüsusilə azyaşlı uşaqların bədənləri tam formalaşmadığına görə, enerji içkilərini öz təsiri rahat şəkildə və qısa zamanda göstərir. Təəssüf ki, bununla əlaqədar Avropa və bir çox ölkələrdə xoşagəlməz hadisələr baş verib. Ona görə də hələ ötən il İngiltərə parlamenti baş nazir Tereza Meyin rəhbərliyi ilə artıq çəki və digər ciddi sağlamlıq problemlərinə səbəb olan bu içkilərin 16 yaşdan aşağı olanlar üçün qadağan edilməsi ilə bağlı qanun layihəsi üzərində işləməyə başladı. Təxmin edirəm ki, artıq o qanun qüvvəyə minib. Belə ki, hələ bu qanunu təklif etdikləri zaman belə bir çox pərakəndə firmalar artıq enerji içkilərini 16 yaşdan aşağı olanlara satmayacaqlarını elan etdilər. Bu da çox müsbət hal idi. Azərbaycanda da Qida Təhlükəsizliyi Agentliyi keçən ay “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul etdi. Bu qaydalara əsasən, enerji içkilərinin sadəcə qablaşdırılması, başqa komponentlər deyil, eyni zamanda onların içərisindəki inqridentlərin yüksək həddi müəyyən edildi. Yəni kofein, taurin maksimum nə qədər olmalıdır və s”.

 

 

İ.Əliyev qeyd edib ki, qəbul edilmiş qərarda istehsalçılara müəyyən məcburiyyətlərin qoyulması ən yaxşısı idi:

 

“Bunlardan biri də məhsulların üzərində mütləq “Enerji içkisi”, “Tərkibində GMO yoxdur”, “Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir”, “18 yaşdan aşağı şəxslərə, yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi qadağandır”, “Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazılarının qeyd edilməsidir. Bu,  doğru qərardır. Lakin bununla əlaqədar nəzarət mexanizminin olması da vacibdir. Qanun qəbul edilib, amma digər tərəfdən nəzarət edilməlidir ki, 18 yaşdan aşağı olanlara enerji içkiləri satılmasın. Xüsusilə məktəblərdə və bir çox məişət yerlərində bu məhsulların satışına qadağa qoyulmalı və AQTA tərəfindən diqqətlə yoxlanılmalı, həmin yerlər nəzarət altında saxlanılmalıdır”.

 

Müsahibimiz bildirib ki, 18 yaşından yuxarı insanlara enerji içkilərinin qadağası mümkün deyil:

 

“Çünki bunu etdikdə gərək spirtli içkilər və ya başqa zərərli məhsullara da qadağa qoyulsun. Amma 18 yaşından aşağı olanlara enerji içkilərinin satışının qadağası mümkündür. Bundan əlavə, məktəblərdə, kitabxanalarda tamamilə satışa icazə verilməməlidir, digər ictimai yerlərdə isə 18 yaşından aşağı olanlar üçün bu, tətbiq edilməlidir. Qeyd etdiyim kimi nəzarət önəmlidir. Bununla əlaqədar cəza tədbirləri görülməlidir ki, bəzi işbazlar məsələni gözardı etməsinlər”.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR