Abituriyentlər niyə intihar edir? – Ekspertlərdən çıxış yolu

20:20

15 May

lady gaga

Ötən həftənin sonu, mayın 13-ü Dövlət İmtahan Mərkəzi  (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi. İmtahandan bir gün sonra isə ölkə gündəmi Sumqayıt şəhərində imtahandan sonra iki abituriyentin intihar xəbəri ilə silkələndi. Xəbərlərdə hər iki gəncin imtahanlarda aşağı nəticə əldə etdiyi üçün belə addım atdığı qeyd olunub.

 

Təəssüflər olsun ki, analoji hadisə bundan əvvəlki illərdə keçirilən imtahanlardan sonra da qeydə alınıb. İmtahanlarda aşağı bal toplayan abituriyentlər çıxış yolu kimi intihara üz tuturlar. Gəncləri buna sövq edən nədir?

 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədova müraciət etdik. Ekspertin sözlərinə görə, gənclərin intiharında ailələri qədər təhsil müəssisələri, ətraf mühit də günahkardır:

 

“Sanki, imtahan verən abituriyentlər təkcə qəbul imtahanından kəsilmirlər, həm də həyat imtahanından kəsilirlər. Bu kimi halların baş verməsinin əsasən 3 günahkarı var. Birincisi məktəb – müəllimlər. İkincisi, valideynlər, üçüncüsü ətraf.

 

Xoş olmayan tendensiya odur ki, əksər gənclər həyatının uğura gedən yolunu ali təhsil almaqda görürlər. Düşünürlər ki, həyatda uğur əldə etməyin yeganə yolu ali təhsil almaqdadır. Əlbətdə ki, ali təhsil almaq lazımdır. Lakin dünyada və Azərbaycanda uğur əldə edənlər arasında ali təhsil almayan kifayət qədər şəxslər var”.

 

Kamran Əsədov orta məktəblərdə psixoloq xidmətinin yetərincə olmadığını bildirdi:

 

“Onlar valideyn və şagirdlərlə mütəmadi olaraq işləməli, onları çətin situasiyadan çıxarmaq istiqamətində formalaşdırmalıdırlar. Danılmaz faktdır ki, bu gün ali məktəblərə sənəd təqdim etmiş hər bir abituriyent ya repetitor yanında, ya da hazırlıq kurslarında hazırlaşır. Lakin bir çox hallarda repetitor müəllimlər, hazırlıq kursları şagirdin real vəziyyəti ilə bağlı valideynə düzgün məlumat vermirlər. Şagirdlər də  iştirak etdikləri sınaq imtahanlarının nəticəsini gizlədir və ya şişirdirlər. Valideynlər isə  müəllim və şagirdlərin yalanlarına inanıb övladından yüksək nəticə gözləyir. Sonda qəbul imtahanları gəlir və məlum olur ki, heç də hər şey deyilən və gözlənilən kimi deyil.

 

Valideynlər əlbəttə ki, uşaqlarına hazırlıq üçün kifayət qədər vəsaitlər sərf edirlər. Şagirdlər aşağı nəticə əldə edəndə hirs və heyflərini övladlarından çıxırlar. Zəif psixoloji dözümlülüyə malik olanlar bu çətin situasiyadan çıxış yolunu intiharda görürlər. Hələ bu, intihar edənlərdir. İnanın ki, yüzlərlə zəif bal toplayıb valideynləri tərəfindən fiziki zorakılığa məruz qalan abituriyentlər var”.

 

Ekspert bu tipli xoşagəlməz hadisələrdən yeganə çıxış yolu kimi ali təhsilin əlçatan olmasını göstərib:

 

“Belə ki, ali məktəblərə qəbul imtahanları sadələşdirilməli, ali məktəblərin qəbul qapıları geniş açılmalı, amma buraxılış, çıxış qapıları ilə daraldılmalıdır. Bunu üçün ilk növbədə ali məktəblərin keyfiyyətli təhsil verməsini təmin etmək lazımdır.

 

Bundan başqa, valideynlər və şagirdlər bilməlidir ki, bu, hələ son deyil. Qarşıdan ikinci imtahan gəlir. Birinci imtahan ilə hər şey bitmir. İkinci imtahanda nəticələrini yaxşılaşdıra bilərlər. Bundan əlavə, orta ixtisas təhsili müəssisələrinə, peşə məktəblərinə qəbul ola bilərlər. Onlar olmasa, təhsili Azərbaycandakı universitetlərdən daha yüksək, təhsil haqqı aşağı bizdən dəfələrlə aşağı olan qardaş Türkiyədə və digər ölkələrdə ali təhsil ala bilərlər və bunun üçün hansısa imtahana ehtiyac yoxdur. Təəssüf ki, az bal toplayan şəxslər qohum-qonşu və ətrafın münasibətindən qorxur. Cəmiyyət olaraq diqqətli olmaq lazımdır.

 

Əziz abituriyentlər, həyatın tək problemi qəbul imtahanı deyil. Gələcək həyatınızda qarşıalçacağınız  problemlərin yanında qəbul imtahanları adi bir şeydir. Yaşayın, həyat yaşamağa dəyər”.

 

Mövzu ilə bağlı psixoloq Vəfa Əkbərin də fikirlərini öyrəndik. Psixoloq bildirdi ki,  valideynlər övladlarının üzərinə qədərindən artıq məsuliyyət yükləyirlər. Ona görə belə xoşagəlməz, bədbəxt hadisələr baş verir:

“Demək olar ki, hər il bu məsələ ilə qarşılaşırıq. Məsələ burasındadır ki, valideynlər bacarmadığı, həyatda əldə edə bilmədiyi çox şeyləri övladlarının üzərinə yükləyirlər. Bunları onlardan tələb edirlər. Uşaqlar isə onların gözləntilərini doğrultmadıqda özlərini yararsız hesab edirlər. Çünki hər bir insanın həyatda bir missiyası var. Sözügedən missiyanı yerinə yetirmədikdə insan boşluğa düşür. Belə olan halda isə uşaq cəmiyyətdə yerinin olmadığını, ailəsi, qohumları və yaxınlarının üzünə baxa bilməyəcəyini düşünür. Abituriyentin üzərinə elə yüklənirlər ki, sanki bir nəsli xilas edəcək”.

Psixoloq valideynlərin uşaqlarını motivasiya etmədiyini dedi:

 

“Valideynlərlə söhbət zamanı bəlli olur ki, onlar uşağı imtahana 1 həftə qalmış motivasiya edirlər. Bu, səhv addımdır. Motivasiya ilin əvvəlindən başlayır. Uşaq anlamalıdır ki, qəbul olmağı da, olmamağı da onun bacarığının nümunəsidir. Yəni bu onun gələcəyi üçün faydalı bir şeydir. Əfsuslar olsun ki, valideynlər bunu zəruri bir şey kimi aşılayırlar. 1 həftə öncə “Yığacağın balın önəmi yoxdur. Bizim üçün vacib olan sənsən” ifadəsi il boyu deyilən sözlərin yanında  o qədər də güclü olmur.

 

İntiharlar əsasən valideynlərin həyat boyu nailiyyət əldə edə bilmədiyi ailələrdə baş verir. Uşaqda affekt vəziyyət yaranır. Çünki ona yalnız “Sən mütləq qəbul olacaqsan”, “Bu balı yığmalısan” kimi sözlər deyilir. Bu halda uşaq gələcəyini düşünə bilmir.  Bundan başqa,  məktəblərdə müəllimlər, psixoloqlar şagirdlərlə, onların valideynləri ilə danışıqlar aparmalıdır. Əks halda  intiharların sayı artacaq”.

Ayşən Ağayeva

Sizə maraqlı ola bilər