Aleyna Tilki Bakıda konsert verəcək – FOTO

20:19

15 Mart

lady gaga

Türkiyəli məşhur müğənni Aleyna Tilki Bakıya gəlir.

 

Primetime.az xəbər verir ki, xanım ifaçı martın 23-də Qoşa qala meydanında konsert proqramı ilə çıxış edəcək. Konsert proqramı 20-26 mart tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsində keçirilən ənənəvi “Bahar qalası” festivalı çərçivəsində baş tutacaq.

 

Bununla yanaşı, “Bahar qalası” festivalında Qoşa qala meydanındakı dekorasiyalar qonaqları paytaxtımızın keçmişinə səyahətə aparacaq. Ənənəvi olaraq təşkil edilən konsert proqramı festival ərzində hər gün saat 12:00-dan axşam saat 18:00-a qədər davam edəcək. Tamaşaçılara həm milli, həm də digər xalqların nümayəndələrinin ifasında Novruz ənənəsinə sadiq olaraq bir-birindən fərqli rəqslər və nəğmələr təqdim ediləcək, estradamızın ulduzlarının ifasında sevilən mahnılar səsləndiriləcək.

 

Festival müddətində Qüllə küçəsi boyunca tavandan asılacaq rəngarəng lentlər, hava şarları və çilçıraqlar, keçiddə canlandırılacaq opera səhnəcikləri izləyənlərdə sehrli bir nağıl təəssüratı yaradacaq. Həmçinin Qüllə küçəsi boyu qurulacaq “Şərq bazarı”, oradakı tacirlərin və onların dəvələrinin istirahət etməsi bu ərazini öz tarixi gözəlliyinə qovuşduracaq.

 

Qız qalasının arxasındakı meydanda İçərişəhərin sakinlərinin qonaqlara öz qonaqpərvərliklərini nümayiş etdirmək, onlara Bakı mətbəxinin zənginliklərini sərgiləmək və əlavə gəlir əldə etmək üçün 3 satış nöqtəsi təmənnasız onların istifadəsinə veriləcək.

 

Qız qalası qarşısında yerləşən meydanda ölkəmizdə yaşayan xalqların uşaq ansamblları öz milli geyimlərində ifa edəcəkləri rəqslər və nəğmələrlə izləyənlərə Novruz bayramının çoxsaylı etnik qrupları birləşdirməsini, Azərbaycan ərazisində yaşayan xalqların firavan həyatını nümayiş etdirəcək.

 

Sizə maraqlı ola bilər