Arif Alışanovu öldürməyə cəhddə təqsirləndirilən şəxslərə güzəşt edildi

18:23

31 Yanvar

lady gaga

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sabiq sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, şikayətə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Müalicə Müsəssisəsində Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Vidadi Cəfərovun sədrliyi ilə baxılıb.

 

Apellyasiya şikayətinə məhkəmədə deyil, Penitensiar xidmətin Müalicə Müsəssisəsində baxılmasına səbəb təqsirləndirilən şəxslərin məhkəməyə gəlməkdən imtina etmələri olub.

 

Prosesdə təqsirləndirilən Ş.Əkbərovun vəkilləri – Bəxtiyar Hacıyev və Babək Həmidov müdafiə çıxışı ediblər. Onlar hüquqlarını müdafiə etdikləri şəxsin günahsız olduğunu, barəsində bərəat hökmünün çıxarılmasını istəyiblər.

 

Daha sonra qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti qismən təmin edilib. Ş.Əkbərovun 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası 16 ilə, Zöhrab Şirinovun 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası isə 14 il 6 aya endirilib.

 

İttiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O həmçinin A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

 

Cinayət materialına əsasən, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib.

 

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Əkbərov 18 il, Q.Cəbiyev 17 il, Z.Şirinov 16 və A.Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. A.Hüseynov cəzasını başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb.

 

Xatırladaq ki, bu il yanvarın 15-də Prezident İlham Əliyevin sərəncam ilə A.Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri vəzifəsindən azad edilib.

Sizə maraqlı ola bilər