Aygün Səmədzadənin musiqi dünyasına səyahət-FOTOLAR

15:33

9 Mart

lady gaga

8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Aygün Səmədzadənin əsərlərindən ibarət musiqi gecəsi keçirilib.

“Cratos” restoranında düzənlənən musiqi ziyafətində ictimai xadimlər, millət vəkilləri və təbii ki, A.Səmədzadə yaradıcılığına müraciət edən ifaçılar iştirak edib.

Konsert proqramının açılış hissəsi “Rəqsin sultanları” qrupunun üzərinə düşüb.

Onlar səbəbkarın müəllifi olduğu “Şərq balerosu”nun sədaları altında rəqs ediblər.

Aparıcısı A.Səmədzadənin özü olduğu proqramda, ən böyük məsuliyyət səbəbkarın bəstələrini royalda ifa edən Tural Yusubovun üzərinə düşüb.

Müğənnini müşayiət edən pianoçunun ifası Aygün Səmədzadə imzasını tamamlamalı idi ki, musiqiçi bunun öhdəsindən layiqincə gələ bildi. Gecədə bəstəkarın atası, deputat Ziyad Səmədzadə ilə yanaşı Abel Məhərrəmov, Jalə Əliyeva, Asim Mollazadə, İlyas İsmayılov, Əvəz Muradov, Oqtay Mirqasımov, Mərakeş Krallığının Azərbaycandakı səlahiyyətli səfiri Məhəmməd Adil Embarş, Qətər Əmirliyinin Azərbaycandakı səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sain öz ailəsi ilə birgə qonaq qismində iştirak edirdi. Həmçinin, konsert proqramının qonaqları sırasında Aygün Səmədzadənin bəstələrinin söz yazarı olan Xanım İsmayılqızı və Kəmalə Abıyeva da yer alırdı.

Qeyd etmək yerinə düşər ki, A.Səmədzadə əsərlərinin əsas üstünlüyü mahnıda imzası olan digər şəxslərin kimliyidir. Bəstəkarın musiqilərində söz yığını deyil, həqiqətən də insanı düşündürən, məna kəsb edən şeirlər səslənir. Musiqinin ifaçısı da istisnasız halda istedadlı olmalıdır. Aygün Səmədzadə ada yox, səsə mahnı təqdim edir. Gecədə çıxış edən ifaçılar da bunun bariz nümunəsi idi. Belə ki, xalq artistləri Brilliant Dadaşova,Eyyub Yaqubov, əməkdar artistlər İlqar Muradov, Lalə Məmmədova, Abbas Bağırov, Ənvər Sadıqov, müğənnilər Emil Bədəlov, Hacı Nazim, Ayaz Qasımov, Rəşad İlyasov, Elnur Məmmədov və b. kimi sənətçilər ifaları ilə Aygün Səmədzadənin böyük yaradıcılığını vəsf etdilər. Bəstəkarın özünün ifası isə gecəyə xüsusi rəng qatdı.

Türkan Məmmədli

Fotolar: Nurlan Gülməmmədov



 

Sizə maraqlı ola bilər