Azərbaycanın ilk inkluziv teatrının təsisçisi: ““Əsa” digər teatrlardan daha səmimi, daha dürüstdür” – VİDEO

12:00

7 Dekabr

lady gaga

İncəsənətin bir növü olan teatr, hiss, fikir və emosiyaların tamaşaçılara bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr rəqs formasında hələ daş dövründə mövcud olub.

Lakin Azərbaycanda bu sənətin tarixi Mirzə Fətəli Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran xanının vəziri” və “Hacı Qara” tamaşalarından sonra başlayıb. Bununla da milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram teatrının (AMDT) bünövrəsi qoyulub.

Azərbaycanda hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Bakı Bələdiyyə Teatrı, Bakı Uşaq Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Pantomim Teatrı kimi teatrlar fəaliyyət göstərir.

Ancaq bu gün biz sizə yeni yaranmış və qısa müddətdə kifayət qədər tamaşaçı kütləsi qazanmış “Əsa” teatrı barədə danışacayıq. “Əsa” teatrı Azərbaycanda əlilliyi olan və olmayan insanların birgə çalışdığı ilk teatrdır.

Qafqazın əlil aktyorlardan ibarət ilk teatrı olan “Əsa” ötən il sentyabrın 3-ü tarixində Nihad Qulamzadənin təşəbbüsü ilə yaranıb.

Teatrın ideya müəllifi və təsisçisi Nihad Qulamzadə saytımıza müsahibəsində bildirdi ki, teatrı yaratmaqda məqsəd əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasından savayı, ilk növbədə incəsənətə inteqrasiyasının təmin olunmasıdır:

“Təəssüf ki, ölkəmizdə əlilliyi olan insanlar passiv həyat tərzi keçirirlər. Biz həmin o passivliyi aradan qaldırmaq, əlilliyi olan insanları incəsənətə  təşfiq eləmək istədik. Bu məqsədlə yola çıxdıq və bir ildən sonra müəyyən qədər məqsədimizə çatdıq. Hansı ki, əlilliyi olan insanlar incəsənətə daha çox qoşulurlar, onlar müəyyən ruh yüksəkliyi yaranıb”.

 


N.Qulamzadə teatrın  heç bir yerdən maliyyələşmədiyini dedi:

““Əsa” heç bir qurumun və şəxsin maliyyə dəstəyi olmadan fəaliyyətə başlamışdı. Teatrın ilk maliyyəsini hazırda baş menecerimiz olan Nicat Qulam təmin etmişdi. Ondan sonra müəyyən tamaşalarımızda, məsələn, “Yay gecəsində yuxu”  və dekabrın 19-u premyerası olacaq “Adamlar və siçanlar” tamaşasında səfirliklərdən maliyyə dəstəyi almışıq. Onlar Britaniya və Amerika səfirliyidir. Bu da müəlliflərin britaniyalı və amerikalı olması ilə bağlıdır. Amma digər lazım olan maliyyəni isə biz özümüz təmin edirik, öz gücümüzə. Biletlərin satışı ilə və yaxud baş menecerimiz N.Qulamın tənzimlədiyi sistemlə.

Aktyorlar və aktrisalar bəzən maaşla, bəzən də qonorarla işləyir. Bu bizim büdcəmizdən və maliyyə durumumuzdan asılıdır. Elə zamanlar olur ki, hətta pul belə verə bilmirik. Büdcəmiz olmur və hər hansı maddi vəsait əldə edə bilmədiyimiz üçün qonorar belə verə bilmirik”.

Teatrın təsisçisinin sözlərinə görə, “Əsa”nı digərlərindən fərqləndirən əlilliyi olan və olmayan aktyorlardan ibarət heyətidir:

““Əsa” Azərbaycanda ilk inkluziv teatrdır. Burada həm əlilliyi olan şəxslər, həm də əlilliyi olmayanlar iştirak edə bilər. Bu bizi digər teatrlardan fərqləndirir. Başqa bir tərəfdən baxanda “Əsa” digər teatrlardan daha səmimidir, daha açıqdır, təvəzökarlıqdan uzaq olsa da, daha dürüstdür”.

Ayşən Ağayeva

Fotolar/Video: Nurlan Gülməmmədov

Sizə maraqlı ola bilər