Bakıda ərini öldürən 23 yaşlı qadın: “Anamı döydü, qolunu dişlədi”

22:57

11 Oktyabr

lady gaga

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Primetime.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs T.Vəliyeva ifadə verib.

 

O deyib ki, hadisə günü mərhum əri sərxoş vəziyyətdə evə gəlib və onu döyməyə başlayıb:

 

“Heç bir səbəb olmadan məni və daha sonra anamı döydü. Anamın qolunu dişlədi, onu öldürməyə cəhd etdi. Həmin vaxt anamın başına elə vurdu ki, başından qan açıldı. Bunu gördüm, elə bildim, anam öldü. Mən də özümdə olmadım, ərimin üstünə getdim. Sonra nə baş verdiyini xatırlamıram”.

 

Onun sözlərinə görə, mütəmadi olaraq əri tərəfindən işgəncələrə məruz qalıb.

 

Sonra təqsirləndirilən şəxs vəkil və prokurorun suallarını cavablandırıb.

 

T.Vəliyeva onu da deyib ki, ərinin öldüyünü görəndən sonra bu barədə polisə məlumat verib.

 

Məhkəmə iclası oktyabrın 15-də davam etdiriləcək.

 

Qeyd edək ki, qətl bu il paytaxtın Sabunçu rayonunda baş verib. Tünzalə Vəliyeva həyat yoldaşı 29 yaşlı Nazim Vəliyevi öldürüb. İlkin məlumatda onun hadisəni zamanı özünü müdafiə edərkən törətdiyini deyilir. İki azyaşlı körpə anası olan 23 yaşlı qadın saxlanılarkən məlum olub ki, əri onu stulla döydüyü üçün bir neçə gün əvvəl bir qolu sınıb və gipsdədir. Onun başının bəzi hissələrində, xüsusi ilə çənə nahiyəsində də əzik xəsarətləri olub.

Sizə maraqlı ola bilər