Bakıda su borusu partladığından böyük bir ərazidə çökmə baş verdi, binanın zirzəmisinə su doldu – VİDEO

21:17

25 Aprel

lady gaga

Yaşayış binalarına gedən su borusu partladığından böyük bir ərazidə çökmə baş verib, hətta su yaxınlıqda yerləşən yeni çoxmərtəbəli binanın zirzəmisinə dolub.

 

Primetime.az-ın “Xəzərxəbər”ə istinadən məlumatına görə, hadisə Nizami rayonunda baş verib. ”Azərsu” ASC-nin nümayəndəsi isə su borusunun üzərində qanunsuz tikinti aparıldığını və qəzanı vaxtında aradan qaldırmağın mümkün olmadığını bildirir.

 

Yeni tikilinin qarşısındakı avtomobil dayanacağı və istirahət üçün nəzərdə tutulan ərazi çöküb. Üstəlik, binanın zirzəməsinə də su sızıb. Buna səbəb ərazidən keçərək yaxınlıqdakı binalara gedən su xəttinin partlamasıdır.

 

Görüntülər Nizami rayonu Şirin Mirzəyev küçəsi 1 c ünvanındandır. Sakinlərin sözlərinə görə, binanın qarşısından keçən su borusu 1 həftədir ki, partlayıb və ərazidə çökmə davam edir. Amma yalnız bu gün su borusunun üzərinə xamıt vurulub. Sakinlər isə köhnə boru tez-tez partladığından onun dəyişdirilməsini istəyirlər.

 

Çəkiliş zamanı əraziyə gələn Nizami rayon Su kanal idarəsinin rəis müavini Qurban Quliyev isə problemin MTK-nın səhvindən baş verdiyini, ona görə də çökən ərazilərin düzəldilməyəcəyini bildirib.

 

Binanı tikən MTK-nın sədri Rasim Məmmədov isə həyətə lazımi texnikanı salmaq üçün heç bir maneənin olmadığını və bütün tikintilərin müvafiq icazə əsasında aparıldığını bildirir.

 

Qeyd edək ki, partlayan boru müvəqqəti təmir edilib və binalara suyun verilməsi bərpa olunub.

Sizə maraqlı ola bilər