Bu gün Lütfi Zadənin doğum günüdür

10:00

4 Fevral

lady gaga

Bu gün dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin doğum günüdür.

 

Primetime.az xəbər verir ki, Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakının Novxanı kəndində, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

 

Dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradır.

 

Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb etmiş və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəlmişlər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırmışdır. Bu gün Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub. Amerikalılar da bu nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar. Bu gün bu nəzəriyyə Amerikanın “General Motors”, “General Electric”, “Motorola”, “Dupont”, “Kodak” və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.

 

Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir: “təəssüratlar nəzəriyyəsi”, “sistemlər nəzəriyyəsi”, “sözlə işləyən kompyuter nəzəriyyəsi”, “optimal süzgəclər nəzəriyyəsi” və “soft kompyutinq”.

 

Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında yerli vaxt ilə səhər saat 7:30-da 97 yaşında dünyasını dəyişib. Alim sağlığında Bakıda dəfn olunmasını vəsiyyət edib. Bir sıra səbəblərdən alimin nəşinin doğma vətəninə gətirilməsi yubanıb. Nəhayət, 28 sentyabrda cənazə San-Fransiskodan Bakıya yola salınmış və 29 sentyabr saat 03 radələrində Bakıya çatdırılıb. Həmin gün alimlə AMEA-da vida mərasimi keçirilib. Mərasimdə prezident İlham Əliyev başda olmaqla dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak edib. Dünya şöhrətli alim I Fəxri Xiyabanda torpağa tapşırılıb.

Sizə maraqlı ola bilər