“Bu xəstəliklər ana olma ehtimalını yox edir” – Ginekoloqla VİDEOMÜSAHİBƏ

12:35

23 Aprel

lady gaga

Son dövrlər artan müxtəlif  xəstəliklərə görə uşaqların qeyri-sağlam doğulması, doğuş zamanı ana və uşaq ölümü halları, cütlüklərin övlad sahibi ola bilməməsi kimi problemlər çoxalıb. Təəssüflər olsun ki, haqqında bəhs etdiyimiz problemlər həllini tapmaqdansa, daha da artır.

Sözügedən məsələ ilə bağlı cərrah mama-ginekoloq, uzman doktor Sədaqət Bayramovayla ətraflı söhbət etdik. S. Bayramova bildirdi ki, qadın xəstəliklərinin, sonsuzluğun, eləcə də ana ölümlərinin başlıca səbəbi ailələrin vaxtında həkimə müraciət etməmələri, müayinə olunmamalarıdır.

Sədaqət Bayramova ilə müsahibəni təqdim edirik.

–  Hansı xəstəliyi olan qadınlar ana ola bilməz?

–  Müəyyən xəstəliklər var ki, ana olma ehtimalını olduqca azaldır. Hətta yox dərəcəsində olur, deyərdim. Bunlara ürək-damar xəstəliyini, davamlı insulin qəbul edən şəkərli diabet xəstəliyini , psixosematik xəstəlikləri, major depressiv hallar, şizofreniya xəstələrini və sonda hamının bildiyi kimi bədxassəli törəməli  nümunə kimi göstərmək olar. HİV və Sifilis kimi infeksiya daşıyıcıları olan qadınlarda da ana olma şansı çox azdır.

–  Bu xəstəliklərin daşıyıcıları həkim nəzarəti altında hamiləliyini davam etdirə bilərlərmi?

– Bəli, bu mümkündür. Hətta sadaladığım xəstəliklərdə belə risklər izah edilərək, müəyyən həftələrə qədər hamiləliyi davam etdirmək olar. Bu təxmini 32-33 cü həftəyə qədər davam edir.

–  Son zamanlar ana ölümü halları çoxalıb. Bu nədən qaynaqlanır?

– İstər fizioloji doğuş zamanı, istərsə də qeysəriyyə doğuşu zamanı ana ölümü hallarının başlıca səbəbi qanaxmalardır. Təbii ki, hər bir yaranan fəsadda bir başa deməsək də, dolayı yolla həkim səhlənkarlığının  rolu var. Digər tərəfdən bəzi bölgələrdə hamilələr vaxtında həkimə müraciət etmədikdə, həmçinin son anda doğuş üçün həkimə getdikdə ana haqqında yetəri qədər məlumat almaq olmur. Bu səbəbdən ana ölümü baş verir.

–  Süni mayalanma etmədən,müalicə üsulu ilə hamilə qalmaq olarmı?

– Bəli, olar. Süni mayalanmaya köməkçi texniklər dediyimiz ovulyasyon induksion adlandırılan bir üsul var. Həmçinin folekulaların böyüdülüb aşılama üsulu ilə də bu mümkündür.  Amma hansı halda mümkündür? Əgər uşaqlıq borusu bağlıdırsa, bu zaman tək yol süni mayalanmadır. Amma  kişidə sperma zəifliyi və ya qadında ovulyasiya dövrü ilə problemlər olarsa, biz vəziyyəti ələ ala bilirik və nəticəyə uyğun müalicəyə başlayırıq.

-Təbii doğuşla qeysəriyyə doğuş arasında fərqlər və fəsadları nələrdir?

– Hal-hazırda olan vəziyyəti nəzərə alıb deyə bilərəm ki, hamilə qadınların əksəriyyəti qeysəriyyə doğuşa üstünlük verir. Təbii olaraq, bunun əsas səbəblərindən biri ağrısız doğum olmasıdır. Amma bütün ginekoloqların tərcihi fizioloji doğuşdur. Qeysəriyyə doğuş adından göründüyü kimi, bir əməliyyatdır. Mümkün olduğu qədər cərrahi müdaxilədən uzaq olmaq  lazımdır. Həm maternal fəsadlar, yəni ana tərəfdən olan fəsadlar, həm də uşaq tərəfdən olan fəsadları nəzərə alaraq, hər zaman cərrahi müdaxilədən qaçmaq lazımdır. Fizioloji doğumun üstünlükləri ondan ibarətdir ki, ana tək doğum anında ağrı keçirir. Ananın özünü toparlaması və uşağı əmzirmə dövrü daha rahat olur. Digər tərəfdən qeysəriyyə zamanı dərialtı hematom və infeksiyalaşma, kəsik yeri yırtılması kimi fəsadlar baş verə bilir. Uşaq yönündən düşündüyümüz zaman fizioloji doğum anında döl hər ağrı anında bir növ stress yaşayır və o əsnada ağciyərdə olan kiçik qabarcıqlar genişlənir. Bu zaman uşaq ağciyərləri xarici mühitə adaptasiya olmuş halda dünyaya gəlir. Qeysəriyyə doğumda isə biz uşağı birdən xaricə çıxardığımız üçün adaptasiya dövrü uzun çəkir. Bu zaman da tənəffüs problemi və islah ağciyər sendromu dediyimiz problemlə qarşılaşa bilərik.

– Qeysəriyyə doğuşundan neçə müddət sonra təbii doğum etmək mümkündür?

– Təbii ki, konkret vaxt qoymaq yanlışdır. Amma ümumi fikir budur ki, qeysəriyyədən 3-4 il sonra təbii doğuş etmək olar. Lakin elə olur ki, 1 və ya 1.5 il keçdikdən sonra qadın həftəsini tamamlamış olur və müraciət etdikdə 6-7sm açılış olursa, biz onu təbii doğuma buraxırıq. Ancaq diqqət olunmalı məqamlar var. Uşaq baş gəlişi olmalıdır, köndələn və ya ayaq gəlişi olmamalıdır, çəki olaraq 4 kq və üzərində olmamalıdır. Ana tərəfindən isə  ananın çanağının dar olması və ya bud sümüyü üzərində  keçirdiyi cərrahi müdaxilələr əks göstəriş ola bilər.

– Yeni ailə quran qadınların gec hamilə qalma səbəbləri nələrdir?

–  Bu hər zaman olub. Yəni tək bu yüzilliyin problemi deyil. Qadın və kişi sonsuzluğu səbəbliylə uşaq sahibi ola bilməmək hər zaman olub.  Lakin nədənsə son dönəmlərdə bu problemin üstünə daha tez düşülür. Yeni ailə quran qadından tez bir zamanda hamilə qalması gözlənilir. Yeni ailə quran qızlarımız ətrafdan olan müdaxilə və basqı nəticəsində hər ay stress yaşayırlar. Hər zaman bunu deyirəm ki, iki insanın bir-birini tanımasına zaman gərəkdiyi kimi, iki hüceyrənin də bir-birini tanımasında zamana ehtiyac var. Biz o zamanı ailələrə tanımırıq. Gərəksiz müdaxilələr edir, müalicələrə məcbur edirik. Digər tərəfdən qidalanma, kimyasal maddələrə məruz qalmaq və xəstəliklərin artması hamiləliyi gecikdirən səbəblər sırasındadır.

– Sağlam hamiləlik üçün başlıca amillər nələrdir?

– Bunun üçün birinci növbədə ananın və atanın sağlam olması mütləq şərtdir. Xüsusilə daşıyıcının ana olduğunu nəzərə alsaq, anada xəstəlik olmaması daha arzuolunandır. Sağlam hamiləlik əldə etmək üçün çox şeyə ehtiyac yoxdur. Biz hamiləliyi fizioloji dövr olaraq dəyərləndiririk. Amma o dövrdə qadın normal qidalanırsa, normal yatırsa və hərəkət aktivliyi varsa, genetik olaraq da heç bir problem yoxdursa, qadın hamiləliyi düzgün keçirə və sağlam uşaq dünyaya gətirə bilər.

– Gənc analara və ana olacaq qadınlara məsləhətiniz…

– Bəlkə də təkrar olacaq, amma yenə də deyirəm ki, kənar müdaxilələri bir kənara atın və özünüzü düşünün. Sadəcə həyatınızı yaşayın və zamana buraxın. 1 və ya 1.5 il gözləmə müddəti tərcih edin. Ondan sonra araşdıraraq, problem varsa, o yöndən həll etməyə çalışın. Digər tərəfdən vaxtında ginekoloji müayinəyə gedin. Ən tezi 6 ay, ən geci ildə 1 dəfə həm ginekoloji, həm də ultrasəs müayinədən keçin. Heç bir problem olmadıqda, sağlam uşaq dünyaya gətirmək olar. Ən əsası doğuma gələndə təbii və ya keysəriyyə doğuş edəcəklərini özləri müəyyənləşdirsinlər. Ola bilər ki, keysəriyyə birində müsbət effekt verəndə,  başqasında mənfi effekt versin. Məhz bu kimi səbəblərə görə, kənar müdaxilələrə çox da fikir verməsinlər.

Müxbir: Anara Mikayılova

Foto-Video: Nurlan Gülməmmədov

 

 

Sizə maraqlı ola bilər