“Dərslik”lərdə gedən qeyri-əxlaqi ifadələrə Təhsil Nazirliyi cavabdeh deyil – AÇIQLAMA

14:05

6 Oktyabr

lady gaga

Son vaxtlar bir sıra dərsliklərdə olan kobud səhvlərlə bağlı mətbuatda informasiyalar yayılmaqdadır. Bu xəbərlər sosial şəbəkə istifadəçiləri, xüsusilə də valideynlər tərəfindən neqativ qarşılanır.

 

Primetime.az saytı olaraq məsələni araşdırmağa qərar verdik və Təhsil Nazirliyinə müraciət etdik. Qurumdan bildirildi ki, sözügedən material hansısa bir müəllifin hazırladığı əsərin səhifəsindən götürülmüş surətdir və dərsliklə heç bir əlaqəsi yoxdur.

 

 

 

“Müəyyən media orqanlarının bu cür xəbərləri yanlış başlıqlar altında yayaraq dərslik kimi təqdim etməsi özü qeyri-peşəkarlığın göstəricisidir. Bu gün respublikamızda müxtəlif sahələrdə mövcud olan qanunlar var ki, hamı həmin qanunlara hörmət etməyə borcludur. “Nəşriyyat işi haqqında Azərbaycan Respublikasinin Qanunu”na əsasən nəşr üçün nəzərdə tutulmuş əsərlərin, əlyazmaların və digər materialların senzurasına yol verilmir. Dövlət orqanlarının, vəzifəli şəxslərin nəşrə hazırlanan materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və yayılmasını qadağan etmək hüququ yoxdur və nəşriyyatlar mövzu seçməkdə tam sərbəstdirlər. Odur ki, Təhsil Nazirliyinin bazarda olan və ayrı-ayrı nəşriyyatların yaratdıqları məhsulların məzmununa nəzarət və ya müdaxilə etmək kimi səlahiyyəti yoxdur. Buna görə də media nəzərdə saxlamalıdır ki, bazarda mövcud olan hər hansı nəşrin məzmununa Təhsil Nazirliyi cavabdeh deyil” – deyə nazirliyin açıqlamasında bildirilir.

 

Biz isə bir daha Təhsil Nazirliyinin dərslik siyasəti ilə bağlı bəzi məqamları təqdim etməyi özümüzə borc bildik.  İlk olaraq hamını maraqlandıran suallardan biri dərsliklərin necə hazırlanması ilə bağlıdır.

 

“Azərbaycan qanunlarına əsasən istənilən nəşriyyat öz təşəbbüsü ilə dərslik hazırlaya bilər. Lakin hazırlanan dərsliklər müəyyən tələb və meyarlara cavab verməli və təhsil müəssisəsində tətbiq olunan təhsil proqramlarındakı kompetensiyaların (biliklərin, bacarıqların və s.) şagird tərəfindən mənimsənilməsini təmin etməlidir. Özəl məktəblər tətbiq etdikləri dərslikləri özləri seçir. Dövlət məktəbləri isə dərsliklərlə Təhsil Nazirliyi tərəfindən təmin edilir. Dövlət məktəblərində istifadə ediləcək dərsliklərin seçilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən tender (müsabiqə) elan olunur. Nazirlik nəşriyyatların müəllif seçiminə müdaxilə etmir və bu işdə nəşriyyatlar tam sərbəstdirlər. Müsabiqəyə təqdim edilən dərslik layihələri ekspertiza və qiymətləndirilmə üçün Dərslikləri Qiymətləndirmə Şurasına təqdim edilir. Dərslikləri Qiymətləndirmə Şurası tərkibi seçim əsasında təşkil edilmiş yüksək dərəcəli mütəxəssislərdən – alimlərdən, pedaqoq-metodistlərdən, qabaqcıl praktik müəllimlərdən ibarətdir. Dərslikləri Qiymətləndirmə Şurası təqdim edilən dərslikləri qiymətləndirmək üçün hər fənn üzrə ekspert qrupları təşkil edir. Ekspert qruplarında fənn mütəxəssisləri ilə yanaşı, alimlər-xüsusilə də AMEA-nın müvafiq institutlarının əməkdaşları təmsil olunur. Qiymətləndirmədə Dərslikləri Qiymətləndirmə Şurasının ekspertləri ilə yanaşı Dövlət İmtahan Mərkəzinin də ekspertləri iştirak edir. Hər bir dərslik qiymətləndirmə meyarlarına əsasən qiymətləndirilir və verilən ballar əsaslandırılır. Qiymətləndirmə nəticəsində qalib gəlmiş dərslik geniş ictimiyyət üçün açıq elan edilir və ona dair ictimai rəyin öyrənilməsinə başlanılır. Bunun uçün həmin dərsliklərin layihələri www.trims.edu.az saytının “İctimai müzakirə” bölməsinə yerləşdirilir. Qeyd edilən proseslərlə yanaşı dərslik layihəsinə dair müvafiq profilli ali təhsil müəssisələrindən, elmi-tədqiqat institutlarından, digər ixtisaslaşmış qurumlardan rəylərin alınması həyata keçirilir. Daxil olan bütün irad və təkliflər dərsliyin yaradıcısı olan nəşriyyat və müəlliflərə, eləcə də ekspertlərə göndərilir. Bütün bu işlərlə yanaşı nəşriyyatda müvafiq dərslik layihələrinin rus və gürcü dillərinə tərcüməsi də təşkil olunur. Tərcümə yekunlaşdıqdan sonra həmin layihələr də yuxarıda qeyd edilən qayda ilə ictimai rəyin öyrənilməsi üçün açıq elan edilir və daxil olan rəylər əsasında onlar nəşriyyat tərəfindən təkmilləşdirilir. Nəşriyyat tərəfindən dərslik layihəsi üzərində edilən əlavə və düzəlişlərdən sonra o, ekspertlər tərəfindən bir daha yoxlanılır və bundan sonra çapa verilir.

 

Qeyd edək ki, dərsliklər istifadəyə verildikdən sonra da onun məzmununa dair qeydlər, eləcə də cəmiyyətin həmin dərsliyə münasibəti nazirlik tərəfindən daima diqqət mərkəzində saxlanılır. Bu məqsədlə dərsliyin üzərində onu hazırlayan nəşriyyatın elektron poçt ünvanı qeyd edilib. Vətəndaşlar öz müraciətlərini həmin elektron poçt ünvanına göndərə və nəşriyyatın (müəlliflərin) mövqeyini öyrənə bilərlər. Daxil olan rəylərin hamısı toplanır və onların gələcək nəşrlərdə nəzərə alınması istiqamətində tədbirlər həyata keçirilir”.

 

Dərsliklərdə kobud səhvlər olarsa, bu zaman məsuliyyət kimin üzərinə düşür?

 

Təhsil Nazirliyindən bildirdilər ki, bu gün dərsliklərdə kobud səhvlər yoxdur: “Çox vaxt sosial şəbəkələrdə müzakirə olunan və səhv kimi qeyd edilən fakt araşdırıldıqda məlum olur ki, ümumiyyətlə dərslikdə belə bir fakt mövcud deyildir və o tamamilə başqa bir kitabda yazılıb. Qeyd edilənlərlə yanaşı bildiririk ki, dərslikdə hər hansı bir səhvin getmə ehtimalı da ola bilər və bu təbii bir prosesdir. Belə olan halda ilk növbədə məsuliyyət onu hazırlamış nəşriyyatın üzərinə düşür. Burada nöqsan müəlliflərdən tutmuş texniki heyətin hansısa bir üzvü tərəfindən edilə bilər. Daha sonra nöqsanı görməyərək onu qəbul edən ekspertlərin və Dərslikləri Qiymətləndirmə Şurasının üzvlərinin də məsuliyyəti vardır. Bundan əlavə müəyyən mənada ictimaiyyətin də üzərinə müəyyən məsuliyyət düşür. Çünki hər bir dərslik təsdiq edilməzdən əvvəl ictimai rəyin öyrənilməsi üçün 4-5 ay internetdə sərgilənir”.

 

Dərsliklərdə gedən səhvlərə görə Təhsil Nazirliyinin hansı tədbirləri görməsi də insanları maraqlandıran suallardandır.

 

Nazirliyin cavabı isə çox sadə və başadüşülən oldu: “Əgər dərslikdə hər hansı səhv olarsa, onda yuxarıda qeyd etdiyimiz kimi ilk növbədə onu hazırlayan nəşriyyat məsuliyyət daşıyır. Bu zaman dərsliyin yenidən nəşriyyatın büdcəsi hesabına çap edilib məktəblərə paylanmasından tutmuş, o səhvi buraxan əməkdaşın işdən azad edilməsinə qədər tədbirlərin həyata keçirilməsi təcrübəmizdə var. Həmin səhvi görməyən və dərsliyi qəbul edən ekspert və DQŞ üzvünün fəaliyyəti isə sual doğurur və təbii ki, Nazirlik tərəfindən onların  fəaliyyətinə yenidən baxılır”.

 

Sevinc İSGƏNDƏROVA

Sizə maraqlı ola bilər