Elnur Hüseynovdan möhtəşəm iş: “Say Hallelujah” – FOTO – VİDEO

18:25

12 Mart

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində iki dəfə təmsil edən, o cümlədən “O Ses Türkiye” mahnı müsabiqəsinin qalibi Elnur Hüseynov yeni mahnısına çəkilən klipini təqdim edib.

 

lady gaga

“Say Hallelujah” adlanan mahnının bəstəsi ifaçıya, sözləri isə Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanova aiddir. Klipi tanınmış rejissor Ülviyyə Könül çəkib.

 

Təqdimat mərasimində Xalq artisti Aygün Kazımova, aparıcılar Nərgiz Cəlilova, Kamilə Babayeva, Ranar Musayev, Əməkdar artist Sevda Ələkbərzadə, Tünzalə Ağayeva, aktrisa Vəfa Zeynalova, Əməkdar artist Mehriban Zəki və başqaları olub.

 

Elnur Hüseynov mahnını ingilis dilində Fidan Hüseynova ilə birlikdə duet şəklində oxumağı təklif edib. Cəlal Qurbanovun yazdığı “Körpələrin səsi” şeirini Azərbaycan dilindən ingiliscəyə şair Nigar Həsənzadə tərcümə edib.

 

Elnur Hüseynov çıxışında bildirib ki, bu layihə çox bəşəridir, məna və məzmun etibarı ilə Azərbaycanın hüdudlarına sığmır:

 

“Bu ifa bütün ölkələrə, dünyaya ünvanlanıb. Hansı ki, iki azərbaycanlının dünyaya və dünyanı idarə edən qüvvələrə mesajdır. Bu mesajda çox dərin mənalar yatır. Biz dünyadan yalnız haqq, ədalət və əmin-amanlıq istəyirik. Mahnının özəlliyi mətnlə musiqinin bir-birini gözəl şəkildə tamamlamasıdır. “Say Hallelujah” mahnısı bizim terrora və müharibələrə qarşı etiraz səsimizdir. Çox istərdim ki, kompozisiya insanların qəlbinə toxusun, gözləri açılsın və başa düşsünlər ki, dünyanın sülhə ehtiyacı var”.

 

Nigar Həsənzadə çıxışında bildirib ki, şeirin ingilis dilinə tərcümə olunması təsadüfi deyil:

 

“Şair üçün mahnını tərcümə etmək asan iş deyil. Çünki sözün azadlığı və sərbəstliyi məhdudlaşır. Orijinal versiyasına mütləq uyğun olmalıdır. Cəlal bəyin şeiri o qədər həssas mövzuda yazılıb ki, əlbəttə ki, bu işə böyük həvəslə başladım. Bu, çox aktual mövzudur, müharibələr və terror dünyanın yaralı yeridir. Hamımız istəyirik ki, müharibələrə son qoyulsun, balalarımız sağlam və xoşbəxt böyüsün. Qoy, bizim nə düşündüyümüzü dünya da bilsin. Qoy, görsünlər ki, bizim istəyimiz, məramımız yalnız sülh və əmin-amanlıqdır. Mahnının əsas təsir qüvvəsi ideyadadır. İdeya isə budur ki, bu bəşəri sözlər körpələrin dilindən səslənir”.

 

Ülviyyə Könül açıqlamasında deyib ki, ekran işində müharibə səhnələrindən istifadə etməyib:

 

“Bu klipdə qanlı kadrlar, müharibə və tək qalan uşaqlar görməyəcəksiniz. Çalışdım ki, öz fikrimi simvollarla çatdırım”.

 

Məlumat üçün onu da bildirək ki, Elnur Hüseynovun duet ortağı Fidan Hüseynova 2014-cü ildə ecazkar səsi ilə Azərbaycanda konsert verən müğənni Lara Fabianı heyran qoymuşdu. Bir il sonra isə Lara Fabian İstanbulda konsert verərkən Fidan onunla yenidən səhnəyə çıxıb və məşhur fransız müğənnisi ilə “Je tom” kompozisiyasını ifa etmişdi.

 

Fidan Hüseynova Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib. 2016-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə xüsusi təqaüdə layiq görülüb.

 

Sizə maraqlı ola bilər