“Fotokadr 2018” adlı təqdimat və mükafatlandırma mərasimi keçirildi – FOTOLAR

17:32

31 Yanvar

lady gaga

Yanvarın 30-da Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında “Gilavar” Azərbaycan Foto Klubunun “Fotokadr 2018” adlı təqdimat və mükafatlandırma mərasimi keçirilib.

 

Primetime.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, rəsmi şəxslər, fotoqraflar və KİV nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən “Gilavar” Azərbaycan Foto Klubunun həmsədri Dilavər Nəcəfov klubun yaradılmasında məqsədin ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq və onların imkanlarından istifadə etmək, bu sahəyə maraqlarının artırılmasına, beynəlxalq fotomüsabiqələrdə iştirakına dəstək vermək və ölkəmizi fotolar vasitəsilə dünyada tanıtmaq olduğunu vurğulayıb.

 

Klubun həmsədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev bir il ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib.

 

R.Mehdiyev bildirib ki, bu müddət ərzində klub tərəfindən Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) xüsusi icazələri ilə “Azerbaijan Photo Salon”, “Baku 2018” və “Autumn Circuit 2018” adlı üç beynəlxalq fotomüsabiqə təqdim olunub. Klub tərəfindən təşkil edilən ilk müsabiqəyə 57 ölkədən 410 fotoqraf 7865, ikinci müsabiqəyə isə 55 ölkədən 329 fotoqraf 5741, dairəvi sistem üzrə keçirilən üçüncü müsabiqəyə 53 ölkədən 273 fotoqraf 3463 foto göndərib. Ümumilikdə təqdim olunan 478 mükafatı əldə etmək üçün dünyanın 60 ölkəsindən 1011 fotoqraf bu yarışlara 17 min 69 foto göndərib. Bu müsabiqələr zamanı Azərbaycandan olan fotoqraflar Dilavər Nəcəfov, Kərim Abbasov, Orxan Əzimov, Ramil Zeynalov, Rüstəm Məhərrəmov, Şahin Sərdarov, Nadejda Cavadova və Kelvin Qasımov xüsusi seçiliblər. Azərbaycanlı fotoqraflar ümumilikdə 27 mükafat qazanıblar. Fotoların qiymətləndirilməsi beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində Azərbaycan, Gürcüstan, Serbiya, Makedoniya və Monteneqrodan olan peşəkar fotoqraflardan ibarət münsiflər tərəfindən aparılıb.

 

Bildirilib ki, “Gilavar” yeni yaranmasına baxmayaraq, artıq Beynəlxalq Foto Sənəti Federasiyasına üzv qəbul olunub, bu təşkilatın Azərbaycanda yerli fərdi klub statusunu əldə edib. Adıçəkilən qurum dünyada UNESCO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun üzvlüyünə qəbul edilmiş klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür. Azərbaycandan 3 fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarına layiq görülüb ki, onlardan ikisi “Gilavar” fotoklubunun üzvləridir.

 

Tədbir çərçivəsində iştirakçılara “Autumn Circuit 2018” fotomüsabiqəsində qalib gəlmiş fotolardan ibarət videoçarx nümayiş olunub.

 

Sonra “Gilavar” tərəfindən təşkil edilən beynəlxalq yarışlarda fərqlənən azərbaycanlı fotoqrafların mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin ən yaxşılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunub.

 

Tədbirdə fotoqrafiya sahəsindəki uğurlarına görə gənc fotoqraf Kərim Abbasov “Gilavar” tərəfindən xüsusi diplomlarla təltif edilib.

Sizə maraqlı ola bilər