Günvurmadan ehtiyatlı olun – XƏBƏRDARLIQ

16:07

12 İyun

lady gaga

Havaların isinməsi ilə əlaqədar vətəndaşlar arasında günvurma halları müşahidə olunur.

 

Məsələn, dünən Bakıda 3 nəfəri gün vurub. Bu baxımdan insanları günvurmanın hansı hallarda baş verdiyi və bundan qorunmaq üçün hansı tədbirlərin görülməli olduğu sualı çox maraqlandırır.

 

Mövzu ilə bağlı terapevt Mətanət Cəfərova Primetime.az-a açıqlama verib. O, öncə günvurma və istivurmanı fərqləndirmək lazım olduğunu bildirib:

 

“Günvurma birbaşa düşən günəş şüalarının təsiri altında baş verir. Bu, təbii ki, günün altında və açıq başla gəzən insanlarda olur. Daha aktiv günvurma səhər saat 11 radələrindən axşam saat 5-ə qədər olan zamanlarda baş verir. Bu saatlarda maksimum açıq havada olmaqdan qaçınmalı, bol maye içməli, əgər açıq havada olacaqlarsa, günəşdən qorunmaq üçün baş geyimlərindən istifadə edilməlidir. Günvurmanın ilkin əlamətləri isə ürəkbulanma, ümumi halsızlıq, ürəkdöyünmə, təzyiqin qalxması və ya enməsi, bayılma ola bilər. Yəni, günvurmanın dərəcəsindən asılı olaraq bu simptomlar üzə çıxır. Belə olan zaman xəstəni təcili kölgə olan yerə çəkməli, üstündəki geyimləri çıxarmalı, bol maye verməli və simptomların aradan qaldırılması üçün mütəmadi tədbirlərin hamısı həyata keçirilməlidir. Lazım gəldikdə isə təcili yardım çağırılmalıdır”.

 

M.Cəfərova həmçinin istivurmadan da söz açıb:

 

“Bu, qapalı şəraitdə baş verir. Söhbət günəş şüalarından getmir. İnsanların çox olduğu yerlərdə – avtobus, metrolarda və bunun kimi digər qapalı yerlərdə hava, otaq temperaturunun normadan çox olması xəstələrdə istivurma ilə özünü göstərə bilər. Günvurma ilə simptomları bənzərdir. Yenə də xəstədə daha çox qusma, tərləmə, ürəkdöyünmə, təngənəfəslik, bayılma, təzyiqin qalxması və ya enməsi müşahidə edilə bilər. Burda da xəstəyə eyni ilkin yardım göstərmək lazımdır”.

 

Terapevt günvurmanın hansı hallarda ölümə səbəb olduğundan danışıb:

 

“Əgər xəstə yeni doğulmuş və ahıl yaşlarda – 65 və üzəri yaşlarındadırsa, günvurmanın təhlükəsi daha çox müşahidə olunur. Həmçinin onda yanaşı xəstəliklər varsa – ağır şəkər, ürək xəstəliyindən əziyyət çəkirsə, onkoloji xəstəliyi varsa, onlarda günvurmanın dərəcəsi özünü daha ağır göstərəcək. Və üçüncü dərəcəli günvurma hallarında xəstə təcili həkimə çatdırılmırsa, ölüm halları baş verə bilər”.

 

Günay Rəsulqızı

Sizə maraqlı ola bilər