Prezident: “Ötən il Azərbaycanda 118 min daimi iş yeri açılıb”

15:15

11 Yanvar

lady gaga

2018-ci ildə Azərbaycan 3-cü peykini orbitə buraxıb, Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi işə düşüb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyətə başlayıb.

 

Primetime.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.

 

Ötən ili həm də dərin islahatlar dövrü kimi xarakterizə edən dövlət başçısı əsas iqtisadi göstəriciləri də açıqlayıb. O deyib ki, 2018-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalı 1,4% artıb, o cümlədən qeyri-neft sektoru 1,8%, sənaye sektoru 1,5%, kənd təsərrüfatı sektoru isə 4,6% böyüyüb. Ölkənin valyuta ehtiyatları 45 mlrd. ABŞ dollarına çatıb, 118 min daimi iş yeri yaradılıb.

 

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə ediblər.

 

Yekun nitqində 2019-ci ildə qarşıya qoyulan vəzifələrin icra olunacağına əminliyini ifadə edən prezident bildirib ki, vergi və gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. İ.Əliyev həmin sahələrdə şəffaflığın, dürüstlüyün təmin edildiyini, korrupsiyaya qarşı güclü mübarizənin aparıldığını, sağlamlaşdırma prosesinin getdiyini və artıq gözəl nəticələrin əldə edildiyini vurğulayıb.

 

Bu il də infrastruktur layihələrinin icra ediləcəyini deyən Prezident qazlaşdırma, içməli su təminatı, kənd və magistral yolların salınması, meliorativ tədbirlərin görülməsi, məcburi köçkünlərin, şəhid ailələri və Qarabağ əlillərinin, həmçinin hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini qeyd edib.

 

Prezident İlham Əliyev 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirib.

 

Ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü beşillik proqramın başa çatdığını, bu il dördüncü proqramın qəbul olunacağını, keçən il bölgələrə 24 dəfə səfər etdiyini deyən dövlət başçısı ölkədə ictimai-siyasi vəziyyətin sabit olduğunu, xarici siyasət sahəsində də bir sıra uğurların əldə edildiyini, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını bildirib, Ermənistan istisna olmaqla qonşu ölkələrlə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan Tərəfdaşlıq Prioritetləri sənədinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın bu ildən Qoşulmama Hərəkatına sədrlik edəcəyini deyib, Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan Konvensiyada ölkəmizin mövqeyinin əksini tapdığını bildirib.

Sizə maraqlı ola bilər