Lalə Məmmədova milyonlarla baxış toplayan müğənnilər və Brilliant Dadaşova haqda: “Onların yaradıcılığı yoxdur”

12:47

20 Fevral

lady gaga

Əməkdar artist Lalə Məmmədova PrimeTime.Az saytının “Tet-aTet” rubrikasının qonağıdır.

İfaçılıqla yanaşı ötən il Filologiya üzrə fəlsəfə doktoru adına layiq görülən L.Məmmədova, hər zaman söz-söhbətdən kənar qalmağa çalışıb. Əməkdar artistlə söhbətimiz də elə  şou-biznesdə baş verən qalmaqallarla bağlı oldu.

 

  • 2017-ci ilin sonu qalmaqalla yadda qaldı. 2018-də isə sözügedən söhbətlərdə sizin adınız da hallandı…

 

  • Adımı heç vaxt ucuz qalmaqal və PR-larda görə bilməzsiniz. Amma bu o demək deyil ki, sənət yoldaşlarım arasında baş verən anlaşılmazlıqlardan kənarda durmalıyam. Kimliyindən, sənətinin  böyük və kiçikliyindən aslı olmayaraq həmkarlarımın hər biri mənim üçün çox əzizdir. Məni son illər narahat edən başqa məqam da var. Həmkarlarımın arasını vurmağa çalışan, onlara heç bir dəxli olmayan kəslərin söz aparıb-gətirməsi… Bu nə kişiyə, nə də qadına yaraşmaz.

 

  • O ara vuran şəxslərin kimliyini bilirikmi? Hansısa həmkarınızla sizi üz-üzə qoymağa çalışan insanlar olubmu?

 

  • Kimlərdənsə mənə də nələrsə deyilir. Mənim iki qulağım, iki gözüm və ağzım var. Nədir axı probleminiz? Əlinizin altında telefon və internet var. Bir-birinizi tapmaq belə çətindir? Zəng edin özündən soruşun. Əgər kimsə haqqımda nəsə desə onun özü ilə əlaqə saxlayıb danışaram. Deyilən sözün nə dərəcədə düzgün olduğunu aydınlaşdıraram. Əgər öz təsdiqini tapsa o zaman onu həmin  sözü deməyə nəyin vadar etdiyini soruşaram. Ona görə də heç kimin sözünə uymayın.

 

  • Həmkarlarınızın uğuruna sevinən, uğursuzluğuna isə kədərlənən birisiniz. Bəs münasibətinizin olmadığı həmkarlarınızın uğuruna da eyni reaksiyanı verə bilirsiniz?

 

  • Necə sevinməmək olar? Məsələn, kimsə Azərbaycanın adını xaricdə yüksəklərə qaldırır, himnimizi səsləndirir, diplom alır. Buna biganə qalmaq olmaz axı. Mən özüm də iki beynəlxalq müsabiqə laureatıyam. Bunun necə əziyyətli bir şey olduğunu yaxşı bilirəm.

 

 

  • O zaman bu sualımı da cavablandıracağınıza şübhəm yoxdur. Küsülü olduğunuz xalq artisti Brilliant Dadaşova Heydər Əliyev adına Sarayda konsert verəcək. Ona uğurlar diləyərsiniz?

 

  • Bununla bağlı heç bir şey deyə bilmərəm. Ümumiyyətlə, bu mənim üçün qapalı mövzudur. Nə yaxşı, nə də pis heç bir şey deyə bilmərəm.

 

  • Hansısa yeniliyinizi təqdim edəndə həmkarlarınızdan təbrik edənlər olur?

 

 

  • Sevinməyi bir kənara qoyaq, insana təsir edən görməzdən gəlməkdir. Ona görə də heç kimin haqqına girə bilmərəm. Görülən hər bir iş haqda düzgün fikir bildirməyə çalışıram. İnsanlar əziyyət çəkir tamaşaçı qarşısında, onların işini görməzdən gələ bilmərəm.

 

  • Fikrinizcə son zamanlar musiqimizdə çatışmayan nədir?

 

 

  • Musiqimizdə çox çatışmazlıqlar var. Mən özüm də son zamanlar yoxsulluğun içərisində çabalayıram. Yaxşı ki, bir neçə bəstəkarımız var. Hansılar ki, yaxşı mahnılar yazırlar. Kütlə də bizi çaşdırır. Milyonlarla baxış toplayan mahnılara baxırsan və görürsən ki, həmin ifaçıların yaradıcılığı yoxdur. Bu məqam məni çox qorxudur. Çox istərdim ki, qeyd etdiyim kütləni arxasınca aparan ifaçılara doğru yolu göstərən biri olsun. Səsin olması doğru yolda olduğunu göstərmir.

 

  • Müğənni kitab oxumalıdır?

 

 

  • Hər kəs kitab oxumalıdır. Eyni zamanda da kimisə buna məcbur edə bilməzsən. Hər insanın bir aclığı olur. Kiminin geyimə, ətirə, kimininsə kitaba. Bu vasitə bizim həyata bağlanmağımız, dərk etməyimiz üçün əhəmiyyətlidir.

Teymur Məmmədov
Foto: Nurlan Gülməmmədov

Sizə maraqlı ola bilər