“Məndən fərli iş sahibi alınmadı” – Alim Qasımovla – MÜSAHİBƏ

12:20

16 Mart

lady gaga

Bu dəfəki müsahibim səsi ilə təkcə Azərbaycanda deyil, bütün dünyada şöhrət qazanmış xalq artisti Alim Qasımovdur.

Muğamı dünyanın hər bir yerində təmsil edən və sevdirməyi bacaran ustad sənətkarla ilk dəfə idi görüşürdüm. Əslində müəyyən qədər çəkinirdim desəm, yalan olmaz. Çünki şüuraltı düşüncəm onu zəhmli və ciddi biri kimi qəbul etmişdi. Ta ki, üzbəüz görüşüb, onun çox mülayim və səmimi olduğunu görənədək.

Xoş ab-havada düzənlənən müsahibədə lap əvvələ, uşaqlıq dövrlərinə getdik:  

  • Uşaq vaxtlarımdan heç danışmaq istəmirəm. Çünki qeyri-adi bir şey olmayıb. Cırıq şalvar, köynək, corab geyinən, köhnə topla futbol oynayan və bayramlara sevinən uşaq idim. Kimsə velosiped sürəndə əlimi qoyurdum üstünə elə bilirdim mən də sürürəm.

 

  • Şamaxı rayonunda dünyaya gəlmisiniz. Doğulduğunuz yerin sizin istedadınıza təsirinin olduğunu düşünmüsünüz?

 

  • Bəli, mən Şamaxının kəndindənəm, amma istedadımın məhz buna görə olduğunu sanmıram. Uşaq vaxtı məni dinləyən hər kəs bu sənətin ardınca getməyimi istəyirdi. Mən isə düşünürdüm ki, səs hamıda var və özümü istedadlı saymırdım. Çünki atamın da səsi olub. Cavanlığında o da oxuyurdu. Axırda çarəsiz qaldım, dedim ki, bu sahədə də özümü sınayım. Mənə kömək edənlər oldu. Allah onların ruhunu şad etsin. Çünki həmin vaxtlar tapşırıqsız məktəbə girmək mümkün deyildi. Şirinlik verilməsə qapılarını açmırdılar. Onda da mənim pulum yox idi. Allah qayınanama və Siyavuş Aslana rəhmət eləsin. Mənim üçün həmin qapıları açdılar. İmtahan vaxtı mənə 5  qiyməti yazılanda düzgün yolda olduğuma inandım. Ardı isə çalışmağımla oldu. Xalq artisti Əlibaba Məmmədov mənə dedi ki, sən 4 ilə sanki akademiyanı bitirdin. Çünki onlara çox suallar verirdim.

 

  • Deyirlər ki, Alim müəllimin ailə daxilində xüsusi qaydaları var. Bir az da bu haqda danışaq…

 

  • Əksinə, bizdə sərbəstlikdir. Tək qayda odur ki, hək kəs özünü sərbəst və səmimi aparmalıdır. Kim bunu yalandan edir deyə bilmərəm, amma hamımız səmimi olmağa çalışırıq.

 

  • Nəinki Azərbaycanda hətta ölkə xaricində də şöhrətiniz var. Lakin dəbdəbəli həyatdan uzaqsınız. Sizdən dəfələrlə az tanınanlar isə əlçatmaz və bahalı həyat sürürlər…

 

  • Bəlkə də sevilməyim dəbdəbənin yox əsl sənətin ardınca getməyimə görədir. Çünki sənəti sevsən, Allah sənin ruzini verəcək. Sənət həmin insanı hörmətli edir. Sənət və dəbdəbəni bir yerdə daşımaq çox çətindir.

 

  • Masa arxasını deyil, yerdə bardaş quraraq oturub yeməyi daha üstün tutursunuz…

 

  • Əgər süfrəni yerdən salsalar təbii ki, əyləşərəm. Çünki gözümüzü açandan süfrəni yerdə görmüşük. Vaxt keçdikcə isə yuxarı, yəni masaya qalxdıq. Amma hərdən nəvələrimi aşağı endirirəm ki, öyrənsinlər.

 

  • Yaxşı oğulun ataya bənzəməsinin sizinlə nə qədər uyğunluğu var?

 

  • Mənim atam tərəkəmə olub. O vaxtlar bacardığım qədər mən də onlara işində kömək etmişəm. Amma sənət insanı ayrı cür tərbiyə edir. Ona görə də bu sənətə gəlməsəydim yəqin ki, ailəm kimi olardım.

 

  • Alim Qasımov muğamdan öncə hansı peşə ilə məşğul olub?

 

  • Bir müddət elektrik ustasının yanında çalışmışam. Daha sonra isə Güzdəkdə neft doldurma məntəqəsində işləmişəm. Gecə 3-də çənlərin üzərinə çıxıb, ölçü götürürdüm. Həmin vaxt mənə yüngülvari pul verirdilər. İşə velosipedlə gedib-gəlirdim. Ümumiyyətlə, çox işlər görmüşəm. Hərbi komisarlığın hesabına sürücülük kursuna yazıldım. Sürücü kimi fəaliyyət göstərdim. “Xozeyini” daşıyırdım. Bir sözlə məndən fərli iş sahibi alınmadı.

 

 

  • Hazırkı dövrdə gənclər sənətə daha asan gəlir. Özünüzün də qeyd etdiyiniz kimi, sizin vaxtlarda bu heç də belə olmayıb…

 

  • Süzgəclərdən keçərək bu yolu çətinliklə və addım-addım gəlmək, həm sənətkarın yetişməsi, həm də tamaşaçının hörməti deməkdir. Birdən-birə hoppanıb sənətə gəlmək onlar üçün ağır olacaq. Onlar əsl sənətdən uzaq qalacaqlar. Ümumiyyətlə, bizim dövrümüzə qədər gələn sənətkarlar çox çətin yol keçiblər. Kimisini toyda bəyəniblər, digərini tədbirdə. Onlar sanki xana toxuyurdu. İndikilər isə xananı toxumağa başlayırlar və yarım qoyub sona keçirlər. Orta toxunmamış qalır.

  • Çoxları sizinlə birgə duet ifa etmək istəyir. Bəs Alim müəllimin ürəyindən keçən var?

 

  • Bir neçə dünya şöhrətli musiqiçilərlə işbirliyimiz olub. Amerikanın elə bir ştatı qalmadı ki, biz konsert verməyək. Amma yerli gənclərimiz müraciət edəndə söz, musiqi və əhval-ruhiyyəyə baxıram. Yerinə düşəndə xətrini qırmayıb ifa edirəm.

 

  • Muğamı həmkarlarınızdan fərqli olaraq yerdə əyləşib ifa etməyi üstün tutursunuz. Bu sizin dəyişilməz qanunuzdur, yoxsa?

 

  • Əgər bu bizim saat yarımlıq konsertimizdirsə o zaman çalışıram ki, yerdə olsun. Hansısa tədbirdə 10-15 dəqiqəlik çıxış edəcəyəmsə heç kimi yerə xalça sərməyə məcbur etmirəm. Bilirsiniz, yerdə əyləşməyimin səbəbi rahat olmasıdır. Həm də bu artıq vərdiş halını alıb. Qarşıma su və vərəq qoymaq mümkündür. Nə isə yadından çıxsa oradan oxuyursan.

  • Bəs müasir estradadan dinlədiyiniz var?

 

  • Xüsusi axtarıb dinlədiyim biri yoxdur. Ola bilər ki, təsadüfən avtomobil və ya təyyarədə eşidim. Yəni həmin an əhvalımdan asılıdır. Bəyəndiyim və xoşuma gələnlər də var…

 

  • Hazırda muğamın vəziyyətindən razısınız?

 

  • Muğamın vəziyyəti yüksək səviyyədədir. Amma tamaşaçının müğama həvəsi aşağı enib. Sanki insanlarda mənəviyyat azalır. Onlarda səbr yoxdur. Muğama ayaqüstü qulaq asıb keçmək istəyirlər. Lakin mənəvi musiqiyə belə münasibət göstərmək olmaz.

 

  • Sizin dövrdəki gənc muğam ifaçıları ilə hazırkılar arasında fərq çoxdur?

 

  • Özlərində çox olmasa da bazarlarında fərq çoxdur. Bizim dövrdə alıcı tam başqa idi. Hazırda hər şey sadələşib. Ona görə də günah musiqiçidə yox dinləyicidədir.

 

  • Ailədə də tamaşaçıların tanıdığı Alim Qasımovsunuz yoxsa evə daxil olduqda xasiyyətiniz dəyişir?

 

  • Sənətdə ciddi, ailədə isə sadə biriyəm. Tədbir vaxtı gərgin olduğum üçün gərək məni heç kim danışdırmasın. Amma adi günlərdə min belimə daşıyım səni. Düzdür belim ağrıyır (gülür).

  • Ailə üçün bazarlığı siz edirsiniz?

 

  • Əvvəllər edirdim. Sözün düzü həm də utanırdım. Çünki hamı məni tanıyırdı. Əvvəl havayı apar, sonra isə 50 manat deyirdilər. Evdə qiymətini soruşanda baha aldığımı anlayırdım. Daha sonra dedilər ki, bazarlıq mənlik deyil.

 

  • Növbəti sualım qızınız, əməkdar artist Fərqanə Qasımova ilə bağlıdır. Fərqanə xanıma xalq artisti fəxri adı verilsə eyni səhnədə çıxış etmək sizə çətin olmaz?

 

  • Fəxri adımızın bir-birimiz üçün heç bir fərqi yoxdur. Çünki səhnədə olanda onun balam olmasını unuduram. İkimiz də mənəvi düşmənə çevrilirik. Ona elə keçidlər verirəm ki, onu ata balaya etməz. Biz rəqibik. Ona görə də hansı adı alırsa alsın, Allah xeyrini versin.

  • Tələbələriniz var?

 

  • Bu sualı mənə tez-tez verirlər. Tələbə bilirsiniz nə deməkdir? Əgər bir sənətkar ortalığa bir musiqi, iz qoyursa, istər-istəməz bütün sənətkarlar ondan bəhrələnir. Amma indi hamı disklərdən, internetdən ifalara qulaq asır, öyrənir. Elə mən də hazırda öyrənirəm.
  • Öyrənməkdən söz düşmüşkən deyirlər ki, insan yaşlandıqca kamilləşir. Hələ də nəyisə öyrənməyə cəhd edən Alim Qasımov kamilliyə çatıb?

 

  • Gərək sonuncu bir hədd olsun ki, ora çatım və deyim ki, mən artıq kamil insanam. Qeyd etdiyiniz kamillik bilirsiniz nə vaxt olur? Öləndən sonra, Allah dərgahına gedəndə. Oradakı sorğu-sualdan sonra yerimizin cənnət ya cəhənnəm olacağı bilinəcək. Bax o zaman da kamilliyimiz bəlli olacaq. Kamil olduğumu desəm, deməli cənnətlik biri olduğumu iddia etmiş olaram.

 

  • Tələbəlik illərində imtahandan kəsilməyinizin səbəbi nə idi?

 

  • Rus dövründə bir az rüşvət filan var idi. Hazırkı Asəf Zeynallıya daxıl olmaq üçün 2500 rubl istəyirdilər. Hətta ondan aşağı məbləğ olsaydı belə mənim imkanım çatmırdı. Həmin vaxtlar yüksək səviyyəli xanəndə kimi ifa etmirdim. Onlar üçün “Bayatı-Kür” oxudum. Yəqin yaxşı oxumamışam ki, 3 yazdılar. Digər fənnləri isə öyrənmək qabiliyyətim yox idi. Ordan da kəsildim çıxdım, getdim.

 

  • Hansı janrda kitab və filmləri sevirsiniz?

 

  • Ancaq şeirləri oxumuşam. Ordan müəyyən qəzəl və s. köçürüb öyrənmişəm. Amma çox kitab oxumuşam desəm, yalan olar. Xarici filmlərə isə aktyorların obrazlarına görə baxıram. Sözün düzü, çox vaxt filmin nə haqda olduğunu bilmirəm. Aktyorların üzündən zövq alıram. Bir də hind filmlərini çox izləyirəm.

 

Teymur Məmmədov

Foto: Nurlan Gülməmmədov

Sizə maraqlı ola bilər