Narkotik istifadə edən avtobus sürücülərini kim işə götürür? – BNA-dan rəsmi açıqlama

12:33

4 Avqust

lady gaga

Son günlər yol polisi tərəfindən narkotik satan və istifadə edən avtobus sürücülərinin saxlanılması bu sektorda vəziyyətin ürəkaçan olmadığından xəbər verir.

Narkotik istifadə edən sürücünün hansı peşəkarlığından danışmaq olar və ya ona yüzlərlə insanın həyatını necə etibar etmək olar? Onların işə götürülməsində məsuliyyəti kim daşıyır? Primetime.az-ın suallarını Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev cavablandırdı. Bildirdi ki, bu gün müntəzəm marşrut şəbəkəsindəki problemlərin əsas səbəblərindən biri də peşəkar sürücü çatışmazlığıdır. “Sürücülərin işə qəbulunun daşıyıcılar tərəfindən həyata keçirilməsi bu sahədə vəziyyəti daha da çətinləşdirir. Bakı Nəqliyyat Agentliyi dəfələrlə sürücülərin işə qəbulu məsələsində ciddi nöqsanların olduğunu bildirərək işə qəbulun daşıyıcılar tərəfindən həyata keçirilməsinin mənfi fəsadlara yol açdığını bəyan edib. Bu gün sükan arxasında avtobus idarə etmək hüququ olmayan və ya ümumiyyətlə sürücülük vəsiqəsi olmayan, sərxoş və ya narkotik vasitəsinin təsiri altında olan sürücülərin əyləşməsi daşıyıcıların işə qəbul zamanı məsuliyyətsizliyə yol verməsindən qaynaqlanır”-deyə mətbuat katibi əlavə etdi.

 

Qurum rəsmisinin sözlərinə görə Bakı Nəqliyyat Agentliyi (BNA) mütəmadi olaraq daşıyıcılara fəaliyyətlərini sərnişindaşıma ilə bağlı mövcud qanunvericiliyin tələblərinə uyğun qurmaq, sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımından önəmli olan məqamlara xüsusi həssaslıqla yanaşmaları ilə bağlı xəbərdarlıqlar edib.

“Bir daha bildiririk ki, edilən xəbərdarlıqlara əməl etməyən daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Son olaraq bildirim ki, bütün bu rastlaşdığımız bu kimi hallar bir daha onu deməyə əsas verir ki, sərnişindaşıma sahəsi daha çox sosial məsuliyyət tələb edir. Bu gün bu sektorda olan daşıyıcılar isə təəssüf ki, bu məsuliyyətlərini doğru anlamırlar. Bu səbəbdən də sözügedən sektorda dövlətin payı artırılmalıdır”.

Xatırladaq ki, son bir neçə gün ərzində avtobus sürücüləri İlkin Tağıyev və Natiq Əhmədov narkotik maddə qəbul etdiyi, Etibar Əhədov isə narkotik satdığı üçün polis tərəfindən saxlanılıb. Etibar Əhədovun 3 dəfə azadlıqdan məhrum edildiyi bildirilir.

Sevinc İSGƏNDƏROVA

Sizə maraqlı ola bilər