Oğlan tələbələrə niyə kirayə ev vermirlər? – Qızlarla oğlanların nə fərqi var?

14:51

10 Sentyabr

lady gaga

Yeni tədris ilinin başlamasına bir neçə gün qalıb. Universitetə daxil olan tələbələrin əsas problemlərindən biri də kirayə mənzil tapmaqdır.

 

Bölgələrdən paytaxta təhsil almağa gələn tələbələr kirayə ev üçün əmlakçılara müraciət edirlər. Onlar isə tələbələrin istəklərinə uyğun ev tapmağa çalışırlar. Lakin bu gün evini kirayə verənlərin əksəriyyəti qızlara daha çox üstünlük verirlər. Nəticə olaraq oğlan tələbələr çətinliklə ev tapa bilirlər.

 

 

Maraqlıdır, niyə oğlanlara kirayə mənzil vermək bu qədər çətindir?

 

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Primetime.az-a danışarkən bildirib ki, kirayə mənzil verərkən oğlanlarda risk ehtimalı daha yüksək olur:

 

“Yəni, oğlanlar bəzən kirayə götürdükləri evin pulunu vaxtlı-vaxtında vermirlər. O cümlədən, qonşularla müəyyən problemlərin yaşanmasına səbəb olurlar. Evi təmiz saxlamırlar, kirayə götürdükləri əşyaları bir çox hallarda pis vəziyyətə salırlar. Bunlar hamısı son nəticədə mənzil sahibi ilə problemlərin yaşanmasına gətirib çıxarır. Məhz ona görə də əksəriyyət oğlan tələbələrə mənzil kirayə vermək istəmirlər”.

 

Ekspert qeyd edib ki, oğlanların əksinə, qız tələbələrdə heç zaman bu cür problemlər müşahidə edilmir:

 

“Digər tərəfdən bəzən xaricdən gələn oğlan tələbələr daha rahat ev tapa bilirlər. Bunlar da adətən rəsmi müqavilə ilə olur. Çünki xarici tələbələr yerli tələbələrə nisbətən bir qədər ehtiyatlı olurlar, qorxurlar. Həmçinin çalışırlar ki, müqavilə şərtlərinə əməl etsinlər. Məsələn, xaricdən gələn oğlan tələbələr qonşularla daha az problem yaşayır, mənzildə dava salmırlar, ölüm hadisəsinə səbəb olmurlar və s. Yəni, xoşagəlməz hallar yaşanmır. Bunlar isə mənzil sahibi üçün əsas şərtlərdir”.

 

N.İbrahimovun sözlərinə görə, oğlan tələbələr yalnız tək yaşadığı halda rahatlıqla kirayə ev tapa bilərlər:

 

“Bu zaman bir o qədər problem olmur. Çoxluqdan daha çox narazılıq yaranır. Eyni zamanda oğlanlar daha ucqar yerlərə – kirayə ev verməyin çətin olduğu ərazilərə müraciət edə bilərlər. Yalnız belə olduğu halda rahatlıqla ev tapmaq mümkündür. Lakin universitetə yaxın ərazilərdə kirayə ev tapmaq oğlanlar üçün çox çətindir”.

 

Günay Rəsulqızı

Sizə maraqlı ola bilər