Pomidor-xiyar niyə bahadır? – Ekspert bazardakı qiymətləri ŞƏRH ETDİ

12:34

10 İyul

lady gaga

Son bir-iki həftə ərzində mövsümün əsas tərəvəzlərindən sayılan pomidor və xiyarın qiymətində bahalaşma müşahidə edilir. Hər iki məhsulun qiymətində 40-60 qəpik yüksəlmə var.

 

Kənd təsərrüfatı eksperti Nicat Nəsirli Primetime.az-a açıqlamasında deyib ki, son günlər xüsusilə pomidorun qiyməti əsas müzakirə mövzusudur:

 

“İyul ayını hamı həsrətlə ona görə gözləyir ki, el dilində desək Xaçmaz, Şəmkir, Sabirabad, Masallı pomidoru çıxsın, qiymətlər ucuzlaşsın, bir tərəfdən evlərə qış tədarükü başlasın, digər tərəfdən insanlar yayın bürküsündə pendir-çörək süfrəsi açıb istinin ləzzətini çıxarsınlar. Lakin iyulun onuncu gününü yaşasaq da, hələ açıq sahə pomidoru bazarlara çıxmayıb.

 

Bu ilki təsərrüfat mövsümünü istisna hal kimi qiymətləndirmək olar. Məsələ burasındadır ki, ilkin yazdan başlayaraq havaların qeyri-sabit keçməsi, temperatur dəyişmələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün ciddi risklər ortaya çıxardı. Əlverişsiz havalar ilkin yaz mövsümündə tumlu meyə ağaclarının potensial məhsuldarlığa çatmasına imkan vermədi, ağaclarda mayalanma prosesi yağışların təsiri ilə başa çatmadığına görə məhsuldarlıq (gilas, ərik, alça və s.) aşağı düşdü. İyun-iyul aylarındakı meteroloji göstəricilərinin təhlili deməyə əsas verir ki, əlverişsiz havalar artıq açıq sahə tərəvəzçiliyinə də mənfi təsir göstərir. İstehsal təqviminə görə, temperaturun yüksəlməsi, şitillərin məhsulvermə dövrünün başa çatması ilə əlaqədar olaraq iyunun ikinci on günlüyündə istixanalar fəaliyyətini dayandırır, iyulun əvvələrində isə açıq sahədə yetişdirilən tərəvəz məhsulları bazara girərək istehlak zəncirində fasilənin yaranmasına imkan vermirdi. Bu il zəncirdəki harmonik əlaqə pozuldu, iyunun sonunda istixanalar təsərrüfat mövsümünə qismən yekun vursalar da, açıq sahədə əkilmiş bostanlarda məhsul vaxtında yetişməyib”.

 

Ekpsret bildirib ki, istilik bütün bitkilər kimi tərəvəz məhsullarının yetişməsi üçün ən mühüm şərtdir:

 

“Artıq iki həftədir ki, məhsulun yetişməsi üçün faydalı istilik əmsalı yaranmadığı üçün kütləvi yetişmə prosesi gecikir. Dünən əsas tərəvəzçilik rayonlarında apardığımız müşahidələr görə, iki həftəyə yaxındır ki, pomidorun yetişməsi üçün tələb olunan müsbət 25-26 dərəcə temperatur yaranmadığı üçün bostanlarda təxminən 15 günlük gecikmə əmələ gəlib.

 

Ötən ilə qədər bostanlarda iyulun 1-dən kütləvi tədarük başlayırdı. Dünənki müşahidələrə görə, fermerlər yalnız ala-kal məhsulların yığımına başlayıb, oda ki, “yavaş-yavaş”. Fermerlər deyirlər ki, tez, orta və gec yetişən sortlar əksələr də yetişmə prosesində ardıcıllıq itib, tez yetişən sortların yığımı iyulun 10-a qədər baş çatmalı idi, lakin hələ yığımı yenicə başlayıb. Məntiqi olaraq istehsalda təbii amillərin təsiri ilə yaranmış bu qısamüddətli fasilə bazarlardakı qiymətlərə öz təsirini göstərib. Lakin iqlimdəki qeyri-stabillik düzələrsə, ən uzağı bir həftədən sonra sahələrdə kütləvi yığım başlayacaq və bununla da bazarlarda qiymət təlatümü xeyli səngimiş olacaq”.

 

Günay Rəsulqızı

Sizə maraqlı ola bilər