Prezident İlham Əliyev: “Böyük islahatlar aparılıb və aparılacaq” – FOTO

19:46

16 May

lady gaga

“İqtisadi və sosial sahədə aparılan islahatlar nəticə verir. Biz Dünya Bankının biznes mühitinə dair hesabatına görə, bu gün dünyada 25-ci yerdəyik. Mən bunu dəfələrlə qeyd edirəm ictimaiyyət bilsin ki, nə qədər böyük islahatlar aparılıb və aparılacaq. Bu, imkan verir ki, biz sosial sahəni də gücləndirək, işsizliyi aradan qaldıraq, yerli istehsalı artıraq və beləliklə, vətəndaşların sosial təminatını gücləndirək. Bu il atılan addımlar, imzalanmış sərəncamlar, qəbul edilmiş qərarlar bizim siyasətimizi əks etdirir. Biz sosialyönümlü siyasət aparırıq və bu siyasət öz nəticəsini verir”.

 

Primetime.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodunun açılış mərasimində çıxışı zamanı deyib.

 

Dövlət başçısı sözlərinə belə davam edib: ” Əlbəttə, gələcəkdə hələ çox işlər görüləcək. Regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı artıq icra edilməyə başlamışdır. Əminəm ki, bu il nəzərdə tutulan bütün vəzifələr icra ediləcək. Dinamik inkişafa nail olmaq üçün qeyri-neft sektorunun xüsusi rolu var. Biz bu məsələ ilə çox ciddi məşğuluq və nəticələr də göz qabağındadır. Biz bir neçə il bundan əvvəl bu zavodun yaradılmasını bəlkə də təsəvvür edə bilməzdik, xüsusilə Pirallahı rayonunda. Burada ümumiyyətlə qeyri-neft sektoru ilə bağlı işlər demək olar ki, yavaş gedirdi. Ancaq bu gün bu zavod reallıqdır. Bu, Pirallahı Sənaye Parkında birinci zavoddur. Çünki burada bir neçə müəssisə yaradılacaq. Hazırda tikilməkdə olan böyük dərman preparatları zavodunun fəaliyyətə başlaması nəticəsinə daha çox iş yerləri açılacaq və biz dərman preparatlarının idxalından asılılığı müəyyən dərəcədə aradan götürəcəyik. Digər zavodların fəaliyyətə başlaması nəzərdə tutulur. O cümlədən sosial məsələlər öz həllini tapır. Məcburi köçkünlər üçün yeni evlər tikilir və burada 300 köçkün ailəsi evlə təmin olunacaq, məktəb tikilir. Yəni, bu gün bu zavodun timsalında görülmüş işlərin gözəl nəticələrini görürük, siyasətimizin uğurlu nəticələrini görürük və bu, bizi gələcəkdə yeni addımların atılmasına sövq etməlidir. Biz düzgün yolla inkişaf edirik və dinamik inkişaf bundan sonra da mütləq gedəcək.

 

İslahatlarla bağlı bizim siyasətimiz bu gün burada bir daha özünü göstərir. Əminəm ki, növbəti dövrdə həm sənaye, həm kənd təsərrüfatı, həm də infrastruktur sahələrində daha geniş miqyasda əlavə nəticələr olacaqdır.

 

Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm, zavodun əməkdaşlarına uğurlar arzulayıram. Sağ olun”.

 

Sizə maraqlı ola bilər