Pulun yoxdur? Evlənmə! Subaylığın daşını sərvətinlə birgə atacaqsan – ARAŞDIRMA

14:36

13 Fevral

lady gaga

Toy ölkəmizdə əsas milli adət-ənənələrdən biridir.

O qədər əsasdır ki, toysuz ailə quran cütlüklərə cəmiyyətimizdə qınaqla yanaşırlar. Bir növ toy mərasimi cütlüklərin birlikdə olmasının rəsmi nikah kimi dəlili, sübutudur. Ya da sadəcə camaatın “ağzını bağlayan” vasitə…  Biz axı “camaat nə deyər?” şüarından yol alıb, yaşamağa alışmışıq.

Toy özündə bir çox adətləri birləşdirir. Məsələn, qız bəyənmə, həri, elçilik, nişan, nişanlılıq dövrü, toydan əvvəlki adətlər, toy, toy gecəsi,  üzəçıxdı və s. Bu adətlərin icrası da təbii ki, kapitalist bir cəmiyyətdə pulsuz mümkün deyil.

Elə götürək, elçilik mərasimini. Elçilik üçün yeni ənənəyə görə aparılan tortun qiyməti minimum 70 manatdan başlayır. Tortun qiyməti çəkisinə görə dəyişir. Kiloqramın 20 AZN-ə bişirənlər də var, nisbətən ucuz, 13-15 AZN-ə edənlər də.

Elçilik mərasimində gəlin namizəd üçün aparılan qırmızı yaylığın qiyməti 15-50 manat arası dəyişir. Bu özəl gündə iştirak edən insanlara paylanılması üçün nəzərdə tutulmuş şirinlik, yəni şokoladlar da mütləq bahalı olmalıdır. Əks halda insanların tənəsinə tuş gələrsiniz. Onların da qiyməti 15-25 AZN arasıdır.

Nişanın xərci restoran və evdə keçirilməsinə görə dəyişir. Orta statistik hesablamalar deyir ki, bir nəfər üçün nəzərdə tutulmuş menunun qiyməti ucuz restoranlarda 15-25 manatdır. Tanınan və elit məkanlarda isə 30-40 AZN-dir. Təbii ki, bu qız evinin üzərinə düşən xərcdir.

Keçək oğlan evinə. Nişanda gəlin üçün bir çox ləvazimatlar, müxtəlif şirniyyatlar, şokoladlar əsasən xonçalarda gətirilir. Həmin xonçaların qiyməti 15-50 manatdır. İçərisinə qoyulan geyimlərin, kosmetik ləvazimatların, şirniyyatların və s. qiyməti isə oğlan evinin seçiminə görə dəyişir.

Gəlinin saç düzümü ilə maraqlandıq. Nişanı olan gəlin namizədin saç düzümü toyla müqayisədə ucuz başa gəlir, deyə bilərik. Getdiyiniz salonlarda 70-200 AZN arası sizə qiymət oxuyacaqlar. Təbii ki, qiymət sizin seçdiyiniz məkanın hara olmasına görə dəyişə bilər. Brend və tanınan elit məkanlarda qiymət arta da bilər. Sıradan, adi bir salondursa, ucuz da qurtula bilərsiniz.

Nişan üçün geyimi icarəyə götürürsünüzsə, 100 manatınızdan keçməlisiniz. Yox, əgər almağı düşünürsünüzsə, 100-200 manatı bunun üçün nəzərdə tutun.

Nişan üzüklərinin qiymətini ağ və ya sarı qızıl olması ilə yanaşı, çəkisi də müəyyən edir. 200 AZN-ə də üzük ala bilərsiniz, 2500 AZN-ə də. 200 burada minimum qiymətdir.  Oğlan üçün nişan üzüyünün qiyməti ən ucuz 380 AZN-dir, ən bahalı isə 2000 AZN.

Nişanlı olduğunuz dövürdə siz də digər cütlüklər kimi “Love story” deyilən fotosessiyanı etdirmək istəyirsinizsə, minimum 200 AZN-dən keçməlisiniz. Yox əgər məhəbbət hekayənizi daha da göz qamaşdıran, fərqli məkanlarda, müxtəlif geyimlərdə etməyi düşünürsünüzsə, 500-1500 AZN arası bir məbləği indidən ayırıb, kənara qoysanız yaxşıdır. Rayonlarda məhəbbət hekayəsinin qiyməti 250-1000 AZN arası dəyişir.

Nişanlılıq dövrü təbii ki, bunlardan ibarət deyil. Onun bayramları var, qonaqlıqları var, ad günləri var. Var ki, var…

Artıq toya hazırlaşmağa başlasaq yaxşı olar. Belə ki, restoranları  ən tez 1 ay öncədən danışıb yer ayırmalısınız. Sonra yer tapmamaq kimi probleminiz olmasın.

Restoranlarda qiymətlər məşhur, elit və elit olmayan, az tanınan kimi kateqoriyalara görə müəyyənləşir. Az tanınan, elit olmayan məkanlarda bir menyunun qiyməti 20-25 AZN-dən başlayır. Elit məkanlarda isə minimum qiymət 40 AZN-dir. Sizin seçiminizə görə digər menu qiymətləri də var. 50-60 və 70 AZN-ə olan menyuları da seçə bilərsiniz. Təbii ki, daha yüksək qiymətə elit məkanlar da mövcuddur.

Toydan öncə baş tutan xınayaxdı mərasiminin qiymətləri ilə də maraqlandıq. Əgər xınayaxdı mərasiminizi evdə deyil də, restoranda etmək istəyirsinizsə, minimum 2000 AZN xərciniz çıxacaq. Bu təkcə restoran və dekor üçün nəzərdə tutulmuş məbləğdir. Yox əgər xınayaxdı mərasiminizi bu işlə məşğul olan hər hansısa bir komandaya etibar etməyi düşünürsünüzsə, o zaman  8000 AZN-ə qədər pul xərcləməli olacaqsınız. Ümumiyyətlə isə xınayaxdı mərasimi 500-8000 AZN arası məbləğə başa gəlir. Bu da sizin seçimlərinizə görə dəyişir. Evdə keçirməyi düşünürsünüz, ya restoranda? Kimlərin iştirak etməyini istəyirsiniz? Qonaq sayınız nə qədərdir? Bu kimi amilləri nəzərə almağınızı tövsiyə edirik.

Bəy-gəlin maşını 90-1000 AZN-ə arası məbləğə icarəyə verilir. Bu işlə məşğul olan həmsöhbətimiz Əli Səfərov bildirdi ki, maşınların icarə qiyməti modelinə və gedəcəyi məsafəyə görə dəyişir. Bakı daxilində qiymət standartdır. Ancaq Bakıdan kənara gedəcəklərsə, o zaman qiymət artır.

Toy üçün bəylik kostyumları 70-200 AZN arası bir qiymətədir.

Gəlinliklər 100 AZN-1500 AZN-ə icarəyə verilir. Əgər özəl gününüz üçün  gəlinliyinizi tikdirmək istəyirsinizsə, 1000 AZN də bunun üçün nəzərdə tutun. Daha ucuz başa gələn gəlinliklər də var. Bu artıq sizin seçiminizə bağlıdır.

Gəlin üçün qızıl dəstin qiyməti 1500 AZN-dən 25 000 AZN-ə və daha yuxarı qiymətə qədərdir. Dəstə boyunbağı, sırğa, üzük və qolbaq daxildir.

Gəlin bəzəyi üçün tanınmış stilist Elnur Həsənova müraciət etdik. Stilist bildirdi ki, bu vaxt aparan iş olduğu üçün qiymətlər də baha olur. Çünki stilistlər demək olar ki, bütün günlərini onlara sərf edirlər:

“Həmişə sual verirlər ki, niyə gəlin bəzəyi baha olur? Nişan və digər özəl günlər üçün gələn xanımların makiyajı və saç düzümü ilə fərqi nədir? Fərq budur ki, toy insanın həyatında bir dəfə olur. Buna görə də qızlar həmin gün fərqli, özəl görünmək istəyirlər. Toy üçün gələn gəlinlərə demək olar ki, bütün günümüzü sərf edirik. Hərəsinin bir kaprizi olur. Səni seçib gəlir, amma durur göstəriş verir ki, dodaq boyası bu rəng olmasın, başqa rəng olsun. Deyirsən ki, bu sənin makiyajına uyğun deyil. Amma gəlindir, özəl günüdür deyə xətrinə dəyməyib dediyi rəngi vurursan. İki dəqiqə sonra fikrin dəyişir, biz seçdiyimiz rəngi istəyir. Dəqiqə başı güzgüyə baxırlar, hər incəliyə diqqət yetirirlər. Həyəcanlı olmaqları da işimizə mane olur. Elə vaxt olur ki, valerian veririk ki, sakitləşsinlər”.

Həsənov xanımların az xərc çıxsın deyə yalan danışdıqlarını da bildirdi:

“Gəlib  deyir ki, bəs bacımın, nə bilim qardaşımın toyudur. Xüsusi görünmək istəyirəm. Bir saat sonra bəlli olur ki, bacı-qardaş yox elə öz toyudur. Bunu ona görə edirlər ki, ucuz başa gəlsin. Elə insanlara görə çox təəssüflənirəm”.

Stilist qiymətlərlə bağlı bəlli bir rəqəm demədi:

“Bilirsiniz, qiymətlər yerə və stilistə görə dəyişir. Necə? Bir var, adi, sıradan salonlar, bir də var artıq bir brendə çevrilmiş, bəlli bir imici olan və o salonlarda çalışan stilistlər. Təbii ki, markaların qiyməti həmişə fərqli olub. Çünki markanın yaratdığı obraz da digərlərindən seçilir. Gəlini 100 manata da bəzəmək olar, 1000, 2000, hətta 5000 manata da. Amma bu qiymət əvvəldə qeyd etdiyim kimi, birinci məkana və şəxsə görə müəyyənləşir, ikinci o qiymətə daxil olan prosedurlara görə. Məsələn, elə qızlar olur ki, gəlir deyir mən həmin gün çox fərqli olmaq istəyirəm, tamam başqa bir obraz yarat. Geyimindən tutmuş saç düzümünə kimi hər şeyi sənə həvalə edir. Gəlinliyi belə gedib bir yerdə seçirsiniz. Bu çox vaxt alan bir işdir. Yəni elə iki-üç günlük iş deyil. Elə olur ki, aylarımızı sərf edirik. Hər şeyi birlikdə seçirik, ən xırda detalına kimi müzakirə edirik və sonda onun xəyal etdiyi obrazı yaradırıq. Təbii ki, bu zaman qiymət daha yüksək olur. Üstəlik istifadə etdiyimiz kosmetik ləvazimatlar da bahalı markalardır. Azərbaycanda barmaqla sayılacaq qədər stilist var ki, brend məhsullardan istifadə edir”.

Bir sözlə, əgər ailə qurmağı düşünürsünüzsə, bəlli bir büdcəniz olmalıdır. Oğlan evi üçün çıxardığımız orta rəqəm 15 000 AZN-dir. Qız evi cehizi çıxmaq şərti ilə 10 000 AZN xərcləməli olacaq. Cehizlə birlikdə məbləğ 40 000 AZN-ə gedib çıxa bilər.

Bu yerdə dahi Üzeyir Hacıbəyovun  “Arşın mal alan” əsərində Gülçöhrənin  dediyi yada düşür:

  • Pulun var? Pulun var, gələrəm…

Ayşən Ağayeva

Sizə maraqlı ola bilər