Qız övladlarını hələ doğulmadan qətlə yetirmək və ya selektiv abortların qanunsuz tərəfləri -ARAŞDIRMA

11:42

14 Fevral

lady gaga

 “Mən diqqət etmişəm ki, abortun tərəfdarı olanların hamısı artıq dünyaya gəlmiş insanlardır”  belə yazmışdı amerikalı siyasətçi Ronald Reyqan.  

 

Selektiv abort – qız uşaqlarının soyqırımı. Bu ifadə ağır səslənsə də, danılmaz bir faktdır. Çünki əksər ailələrin körpə sevinci onun cinsiyyətini öyrənənə qədər davam edir. Onlar ikinci yaxud üçüncü uşağın qız olacağını öyrəndikdə, aborta əl atırlar.

Azərbaycanda Avropa ölkələri ilə müqayisədə bu abort növü geniş yayılıb. Əksər azərbaycanlı ailələrdə qız arzuolunmaz övladdır. Bu tendensiya xalqımızın şüurunda lap əvvəldən kök salıb. Beyinlərdə “oğlun yoxdursa, kişi deyilsən”, “qızın olsa da, oğlun yoxdursa, sonsuzsan” deyimləri qız uşaqlarının qətlinə səbəb olur. Ailədə istənilməyən qız övladı ana bətnində ikən ölümə məhkum edilir.

 

Bəzən analar “oğul övladına qovuşmaq” üçün  ya öz istəkləri ilə, ya da məcburi şəkildə hələ doğulmamış körpəsinin qatilinə çevrilirlər.

Evdə yenidən körpənin qız olacağını öyrənən valideynlərlə  yanaşı həttə qohumlar belə “yasa batır”.

 

Beləliklə də analar növbəti qız uşağından xilas olmaq üçün abortu seçirlər.

Bəs qanun selektiv abortlar barədə nə deyir? Cinsi ayrı seçkiliyə görə abortun qarşısını necə almaq olar?

 

Hüquqşünas Anar Ramazanov abortun qanunvericilikdə qadağan olunmadığını bildirib:

 

“Selektiv abort, ümumiyyətlə növündən asılı olmayaraq heç bir abort tibbi əməl kimi qanunda qadağan olunmayıb. Lakin qanunvericilikdə ailə problemləri ilə bağlı olan dövlət proqramları var. Bu proqramlarda Səhiyyə Nazirliyinə və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə abortun gənc ailələrə, qadının sağlamlığına ziyanı ilə əlaqədar təbliğat işlərinin aparılması tapşırılıb. Burada abortla bağlı maarifləndirici fəaliyyətin həyata keçirilməsi əks olunub.

Qanuni tərəfinə görə abortu istisna edən sosial göstərişlər var. Adi qaydada olan abortda hamiləlik 12 həftəyə qədər müddətdə sonlandırılır. Lakin sosial göstərişlər olduqda hamiləliyin süni sürətdə pozulması 22 həftəyə qədər aparıla bilər. Hamiləliyin süni pozulmasına dair sosial göstərişlər Nazirlər Kabinetinin 12 yanvar 1999-cu il tarixli qərarı ilə müəyyən olunub. Bu siyahıda 12 hal öz əksini tapıb:

 

  1. Ərin 1-ci və ya 2-ci qrup əlil olması
  2. Hamiləlik dövründə ərin ölməsi
  3. Valideynlik hüququndan məhrum edilmə
  4. Qadının yaxud kişinin işsiz hesab edilməsi
  5. Qadının yaxud ərinin azadlıqdan məhrum edilmə yerində olması
  6. Nikahdan kənar hamiləlik
  7. Hamiləlik dövründə nikahın pozulması
  8. Hamiləliyin zorlanmaya məruz qalma nəticəsində baş verməsi
  9. Çoxuşaqlılıq ( 5 və daha artıq uşaq olarsa)
  10. Ailədə sağlamlıq imkanı məhdud uşağın olması
  11. Qadının qaçqın və ya məcburi köçkün statusunun olması
  12. Mənzilin olmaması, yataqxanada, şəxsi ev və kirayədə yaşama

Bu göstərişlərlə yanaşı hamiləlik müddətdən asılı olmayaraq tibbi zərurətə görə də pozula bilər. Buraya bətndə olan dölün ananın həyat və sağlamlığına mənfi təsir etmə halları aiddir.

Hamiləliyin süni surətdə pozulması dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı və peşakar həkimlər tərəfindən aparılmalıdır. Xəstəxanalardan və ya başqa tibb müəssisələrindən kənarda abort qanunsuz hesab olunur və Cinayət Məcəlləsinin 141-ci maddəsi ilə məsuliyyətə cəlb edilir.

Qanunsuz abort iki halla müşahidə edilir. Birincisi, həkim tərəfindən tibb müəssisəsindən kənarda abort etmə. Bu halda təqsirkar şəxs 1000 manata qədər cərimə və 6 aya qədər islah işi ilə cəzalandırıla bilər. İkinci vəziyyət isə, abort ali tibbi təhsili olmayan şəxs tərəfindən həyata keçirildikdə qadağan olunur. Belə olduqda həmin şəxslər 1500 manata qədər cərimə, 480 saata qədər ictimai işlər və 1 ilə qədər müddətdə islah işləri ilə cəzalandırıla bilərlər. Əgər hər iki halda abort edilən qadının sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurularsa, bu zaman təqsirkar şəxslər 1 il müddətinə  azadlıqdan məhrum edilirlər. Qanunsuz abort zərərçəkən qadının ölümünə səbəb olduqda isə onlar 5 ilədək azadlıqdan məhrum edilmə cəzası ala bilərlər”.

 

 

Cərrah mama-ginekoloq Ləman Əliyeva əvvəlki illərə nisbətən indiki zamanda selektiv aborta müraciət edənlərin azaldığını deyib:

 

“Biz cinsiyyətə görə aborta qarşıyıq deyə bizə bununla bağlı müraciət edən çox azdır. Lakin bəzən abortu istisna edən hallar var ki, hamiləliyi məcbur dayandırmaq lazım gəlir. Bu, dölün inkişafdan qalması, demofoma, ananın orqanizmində aşkarlanan hər hansı bir xəstəliklər və digər simptomlarla səciyyələnir. Bütün bunlar həm ananın, həm dölün həyatı üçün təhlükəli olduğuna görə, hamiləliyin dayandırılması zəruridir.

 

Lakin cinsiyyətə görə aborta gəldikdə biz bu proseduru həyata keçirmirik. Bu işin məsuliyyətini anlayan həkim selektiv abortdan boyun qaçırır. Bu halda xanımlar hamiləliklərini ya süni şəkildə (uşaqsalma) xüsusi dərman preparatları ilə sonlandırır, ya da qanunsuz yolla abort edənlərə müraciət edirlər.

 

Abortun qadın orqanizminə bir çox ziyanlı tərəfləri var. Abort qadın orqanizmi üçün təhlükəli olan bir sira infeksion xəstəliklərə yola aça bilər. Əvvəllər abort zamanı döl tibbi alətlərlə qaşınaraq götürüldüyünə görə qadının uşaqlıq yolunun ginekoloji və sonsuzluğa gətirib çıxaracaq xəstəliklərə yoluxma ehtimalı çox idi. Lakin müasir dövrdə texnologiyanın, tibbin inkişafı nəticəsində bu problem müəyyən qədər həll olunub”.

 

Selektiv abortlar oğlan və qızların say balansının pozulmasına gətirib çıxarır

 

“ELS” Müstəqil Araşdırma Mərkəzinin rəhbəri İradə Yaqubova selektiv abortların qarşısını almağın yolunu cəmiyyəti və qadınları maarifləndirməkdə görür:

 

“Təəssüflər olsun ki, ölkəmizdə uşağın cinsiyyətinə görə abortlar geniş vüsət alıb. Bu, ölkəmiz üçün ciddi problemdir. Uşağın cinsiyyətinə görə onlarla ailə aborta müraciət edir və hələ doğulmamış körpələrinin qatili olur.

 

Ümumiyyətlə abort adi əməliyyat yox, bir həyatın məhv edilməsi, qətldir. Ən dəhşətlisi də odur ki, bu qətlin kökündə ayrıseçkilik dayanır. Hamiləliyin dayandırılmasının müxtəlif ciddi səbəbləri ola bilər, ancaq bətnindəki uşaq qızdı deyə onu öldürmək insanlığa sığmır. Kim bilir, istəmədiyin o qız övladı gələcəkdə sənin taleyinə necə təsir edəcək?!

Bu, çox vaxt ailədəki təpkidən də irəli gəlir. Belə ki, qayınana evdə növbəti qız övladını istəmir və gəlinini aborta yönləndirir.

 

 

Selektiv abortlara qanunla qadağa qoyulsa da, onu etmək istəyənlər mütləq şəkildə bir yol tapıb “bəla” saydıqları qızdan qurtulacaq. Cəmiyyətdə mövcud olan bu münasibəti ancaq maarifləndirmə yolu ilə aradan qaldırmaq olar. KİV bu problemi geniş şəkildə işıqlandırmalı, lazımi monitorinqlər keçirməlidir. Ölkədə qız və oğlan uşaqlarının sayı gözə çarpacaq dərəcədə fərqlənir.

Bu hal gələcəkdə onların sayındakı balansın pozulmasına gətirib çıxaracaq”.

 

Nuranə Tofiqli

Sizə maraqlı ola bilər