“Qocalmağa vaxtım yoxdur” – Suğra Bağırzadə – Müsahibə – FOTOLAR

10:00

12 May

“Məni yaratdığım əsərlər xilas etdi, yoxsa dəli olardım”

lady gaga

Suğra Bağırzadə ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında görüşdük. Ona doğma olan bu məkanda kiçik emalatxana var. Florist-rəssam, əməkdar artist Suğra Bağırzadənin emalatxanası. Otaq istedadlı xanımın əl işləri ilə bəzənib. Bizi çay süfrəsinə qonaq edən sevimli aktrisamızla sənət və kino həyatı barədə danışırıq.

– Suğra xanımın güzəranı, həyatı necədir?

– Şükür Allaha, qismətimizə nə yazılıb, o da olacaq. Naşükürlük etmək olmaz. Mənim hər günüm  insanlara həsr olunur. Televiziyadan, radiodan gəlirlər və ya sizin kimi jurnalistlərlə görüşürəm.Vaxt az, işlər çoxdur. Bu il yubileyim oldu. Yubileyimlə bağlı haqqımda müxtəlif verilişlər çəkildi.

– Fevralda 70 yaşınız tamam oldu. Hərçənd bu yaşı sizə vermək olmaz. Bir çox qadınlar yaş ötdükdə yubiley ifadəsini heç sevmirlər. Siz elələrindən deyilsiniz…

– Qətiyyən. Mən yaşa fikir vermirəm. Bilirsiniz, hansısa məsələni çox fikirləşəndə o əzaba çevrilir. Bu baxımdan necə deyərlər, boş buraxmaq lazımdır. Həyatından narazı qadınlar yaşlarını gizlətməyi, azaltmağı xoşlayırlar. Şükür Allaha, mənim narazılığım yoxdur.

– Bəlkə gözə gəlməkdən qorxurlar, ona görə?

– (Gülür) O, insanın özündən asılı deyil. Heç kim nədən gözə gələcəyini bilmir.

– Bayaqdan otağa göz gəzdirirəm. Bura sizin kiçik emalatxananızdır?

– Elə də demək olar. Hətta bu otaqda kiçik malbertim də var. Uzun illər kinostudiyada çalışmışam. Hazırda təqaüdə çıxmışam. Amma kinostudiyanın rəhbərliyi otağı məndən almadı. Təmənnasız olaraq buranı mənə veriblər. Məni çox istəyirlər. Həftədə bir neçə dəfə gəlirəm. Əsərlərimin tozunu alıram, yeni əsərlər çəkirəm, dostlarım yanıma gəlir. Beləliklə də doğma kinostudiyamdan ayrılmıram. Axı, kino mənə çox əzizdir.

– Kinonu bu qədər ürəkdən sevən insana kinostudiyanın bu vəziyyətini görmək ağır olar. Soyuq, boş dəhlizlər, sükuta tərk edilən boş otaqlar…

– Elədir. Bizim cavanlığımızda, kinostudiyaya ilk ayaq basdığımız günlərdə buralar insan əlindən dolub, daşırdı. İndi gördüyünüz boş dəhlizlərdə qaynar kino həyatı var idi. Məxmər salınmış pilləkənlər, dəhlizlər, tanınmış rejissorlar, aktyorlar. Bir sözlə, indi nağıl kimi xatırlanır. Kinostudiyanın 1500 nəfər işçisi var idi. Təəssüf ki, indiki cavanlar o günləri görə bilmədi.

– Suğra xanım gənclərdən söz saldınız.Gənc nəslin əksər nümayəndələri sizi ilk dəfə “Ulduz” filmindən sonra görüb və Yetər kimi sevib. Amma ilk filminiz “Yollar və küçələr” olub.

– Bəli. Rejissor Zeynəb Kazımovanın ekranlaşdırdığı “Yollar və küçələr” filminə 8-ci sinifdə oxuyanda çəkilmişəm. Həmin filmi çox adam görməyib. Qısametrajlı film idi.

– Heç mən də görməmişəm…

– Görürsünüz, sizin kimi çoxları baxmayıb. Amma “Ulduz” tammetrajlı film idi. Həm də “Ulduz”da çox gözəl aktyor truppası var. Görün, kimlər var. Onları necə unutmaq olar?.

– Sizin sənətə gəlişiniz “Cücələrim”lə başlayıb.

– Hə.  “Cücələrim” mahnı və rəqs ansamblının solisti olmuşam. Həm də ikinci sinifdə oxuyandan kinoya, dublyaja gəlirdim. O illərdə dublyaj edilən əksər filmlərdə uşaq rollarını mən səsləndirmişəm. İkinci sinifdə oxuyan məktəbli üçün Ələsgər Ələkbərovu, Hökumə Qurbanovanı görmək, onlarla eyni film səsləndirmək bilirsiniz nədir? Böyük səadət. Sadəcə, bunu sonralar, illər ötdükdə dərk edirsən.

– Yaddışınızda necə qalıblar?

– Ələsgər Ələkbərov çox zəhmli olmasına baxmayaraq, diqqətli insan idi. Mənə hər dəfə deyərdi ki, “Qızım, məktəbdən gəlmisən. Səhər yeməyi yemisən. Ac deyilsən?”. Mən ac olduğumu deyəndə, dublyaja başlamazdı. Mənim üçün çay və buterbrod gətirilməsini xahiş edirdi. Yeyəndən sonra işimizə başlayırdıq. Dublyaj çox çətindir. İki böyük sənətkar, vaxtları da az.

– Suğra xanım, o zamanlar münasibətləri hansı səviyyədə idi. Yəqin ki, boşanmışdılar.

– Hə, ayrılan vaxtları idi. Hərçənd onda mən çox uşaq olmuşam. Amma münasibətlərinin soyuqluğu hiss olunurdu. Deməli, mənim səsimi əvvəlcə Ələsgər Ələkbərovla yazırdılar. Sonra Hökumə xanımla. Daha sonra səsləri filmdə birləşdirirdilər.

– İlk dublyaj etdiyiniz filmi xatırlayırsınız?

– Təbii ki. “Kor musiqiçi” adlı film idi. Mən həmin musiqiçinin uşaqlıq səsini yazmışam. Balaca oğlanın səsi.

– Siz belə incə səslə oğlan rollarını səsləndirirdiniz?

– Əsasən balaca oğlanlar və qızlar. Fərq etmirdi. Səsimin incəliyinə görə,  mənə çox yaşlı adamların səslərini həvalə etməzdilər.

– Kinoya belə erkən yaşda “aşiq” olan balaca qız uşaqlığını yaşaya bilməz…

– Yaşamadım ki. Uşaq olduğumu 1959-cu ildə dekadaya gedəndə başa düşdüm. 5-ci sinifdə oxuyurdum. Məni ayrıca kupedə aparırdılar ki, başqa uşaqlara qoşulub, soyuq su içməyim, dondurma yeməyim. Mən isə ağlayırdım. Çünki dondurma yemək istəyirdim. Xüsusilə qatar Minvoddan keçəndə bütün uşaqlara dondurma aldılar. Amma mənə söz verdilər ki, konsertdən sonra sənə çoxlu dondurma alacayıq. Mən isə həmin anda istəyirdim. Uşaq nə başa düşür ki? Çox ağlamışdım. Amma indi düşünürəm ki, Maestro Niyazinin rəhbərliyi ilə “Cücələrim” mahnısını Böyük Teatrın səhnəsində oxumuşam. Bu gün düşünəndə qürur hissi keçirirəm.

– Həqiqətən qürurverici duyğulardır. Gör kimləri canlı görmüsünüz, necə dahilərlə ünsiyyətdə olmusunuz…

– Elədir. O, aktyorlar, musiqiçilər, rejissorlar… daha kimlər, kimlər. Onlardan bir daha gəlməz. Nə yaxşı ki, mən onlarla çalışmışam. Hər insana belə xoşbəxtlik nəsib olmur.

– Sizə söz verdikləri dondurmanı aldılar?

– (Gülür) Konsertdən sonra dondurma aldılar və ilk dəfə Moskvada “Jizel” baletinə tamaşa etdim. Müəlliməm məni “Jizel” baletinin tamaşasına apardı. Həmin gündən baleti çox sevdim.

– 9 yaşınız olanda Moskvada “Jizel” baletini seyr etdiniz. Bu gün 9 yaşlı hər hansı uşağı baletə aparıb, ona böyük sənəti sevdirmək olar?

Yəqin ki, yox. Bilirsiniz, maddi və mənəvi cəhətdən də bu gün çox çətindir. Amma kökdən, düzgün təməldən çox şey asılıdır. Biz uşaq olanda bu qədər informasiya bolluğu yox idi. İndi internet əsridir. Buna baxmayaraq, mən nəvələrimi hər zaman teatra, baletə aparıram. 4 nəvəm var. 3 nəvəm artıq böyükdür. Uşaq olanda onları ilk dəfə Fikrət Əmirovun “Min bir gecə” baletinə apardım və şərt kəsdim ki, heç bir telefon, internet olmayacaq. Sakit oturub, baleti seyr edirik. Əgər xoşunuza gəlməsə, bu son olacaq. Amma tamaşanı bəyəndilər və böyüdükcə özləri teatra, baletə tez-tez getməyə başladılar.

– Suğra xanım, kinoya aktrisa kimi gəldiniz. Sonra mühəndis oldunuz. Bu gün həm də rəssamsınız. Hansı təqdimatı sevirsiniz-aktrisa, mühəndis yoxsa florist-rəssam?

– İndi təbii ki, məni aktrisa və rəssam kimi təqdim edirlər. Amma əvvəllər mən diplomuma çox hörmət edirdim. Çünki orta və ali məktəbi əla qiymətlərlə bitirmişəm. Neft Kimya İnstitutunu bitirmək çox çətindir. Bizim vaxtımızda daha da çətin idi.

– Nə üçün peşəkar aktyor təhsili almadınız?

– Açığı, atam aktrisa olmağımı istəmirdi. Baxmayaraq ki, uşaqlıqdan musiqiyə, kinoya bağlanmışdım. Amma atam İncəsənət İnstitutuna daxil olmağıma etiraz etdi. Məni Moskvaya, Ümumittifaq Kino İnstitutuna göndərirdilər. Çünki aktyor “stavkam” var idi. Hətta bu “stavka”ya görə “Ulduz”da çəkiləndə mənə böyük aktyorlarla eyni qonorar verilirdi. Bu, bəzi böyük aktyorların xoşuna gəlmirdi, amma Sovet dövründə kinonun qayda-qanunu belə idi. Mənim kinoda ən davamlı rollarım ailə qurduqdan sonra oldu. Atamdan fərqli olaraq, həyat yoldaşım məni kinodan uzaq tutmadı.

– Ailə quranda neçə yaşınız var idi?

– 26 yaşım var idi. Ailə qurandan sonra ömrümü kinostudiyaya bağladım. Əvvəlcə mühəndis-texnoloq, sonra növbə rəisi, axırda isə plyonka şöbəsinin müdiri oldum. Bu vəzifələr çox məsuliyyətli idi. Filmlərin aşılanma sexində müdir olmaq, hər filmə cavabdehlik daşımaq demək idi. Həm də rejissorların gözünün önündəydim. Mənə uyğun rol olanda kinoya da çəkilirdim.

– Suğra xanım, rəssamlığa marağınız deyəsən ailədən gəlib. İncəsənət genlərinizdə var…

– Elədir. Rəssamlığa marağım və qabiliyyətim atamdan gəlir. Atam memar və gözəl rəssam idi. Güllərə qarşı olan sevgim isə anamdan keçib. Anam çiçəkləri-gülləri çox sevirdi. Güllər solanda kədərlənirdi, üzülürdü. Evimizdə çoxlu dibçək gülləri var idi. Ona görə gülləri qurudub, onlardan gözəl tablolar yaradıram.

– Bu günə qədər neçə tablo yarada bilmisiniz?

– 300-dən çox əl işim var. Amma əsərlərimin çoxunu hədiyyə vermişəm. Dostlarımın yubileyi, doğum günü, xeyir işləri olanda özləri xahiş edirlər ki, “bizə əl işlərindən hədiyyə et”. Mən də məmnuniyyətlə arzularını həyata keçirirəm.

– Aylarla əziyyət çəkib, ərsəyə gətirdiyiniz əsərlərinizi hədiyyə edəndə heyfslənmirsiniz?

– Yox, heyfslənmirəm. Çünki əsərlərimi dəyərini biləcək insanlara hədiyyə edirəm. Əsərlərim mənim övladlarımdır. Hansı valideyn övladını sona qədər yanında saxlaya bilir? Gec-tez pərvaz edib, gedirlər.

– Suğra xanım, hər dəfə sizə baxanda, ünsiyyətdə olanda düşünürəm ki, Azərbaycan səhnəsi sizin simanızda gözəl aktrisa itirib. Niyə teatra getməmisiz?

– Teatrda bir dəfə çıxış etmişdim. Rejissor Hafiz Fətullayev “Sönməyən ulduzlar” teatrında Şıxəli Qurbanovun “Sənsiz” pyesini hazırlayırdı. Mənə Maral obrazını tapşırdı. 10-15 il əvvəl olub. İki gün Milli Dram Teatrının səhnəsində anşlaq oldu. Elə iki dəfə səhnəyə çıxdım. Bu mənə kifayət etdi. Bilirsiniz, mən kinonu sevmişəm. Ona görə də kinostudiyada mühəndis kimi çalışmaq və arabir filmlərə çəkilmək mənə daha doğma idi. Kinonu teatrdan çox sevirəm.

– Ümumi hesabla götürsək, neçə filminiz var?

– 15-16 film olar. Sonra seriallara da çəkilmişəm. Düzdür, az çəkilirəm, amma hərdən olur.

– Seriala çəkilmək sizin kimi aktrisaya maraqlıdır? Yəni bu işə ciddi yanaşırsınız yoxsa…

– Ciddi yanaşıram. Çünki tamaşaçı sənə baxanda işimə qiymət verir. Ona görə də aktrisa gərək özünə və gördüyü işə hörmətlə yanaşsın. Nəinki serial, məsələn mən az sayda reklamda və klipdə çəkilmişəm. Amma harada çəkilməyimdən aslı olmayaraq, yadda qalmağa və işimə diqqətlə yanaşmağa səy göstərmişəm.

– Bildiyimə görə, reklamda və klipdə çəkilməyi sevmirsiniz…

– Elədir. Sevmirəm. Amma hərdən olur ki, xahiş edirlər. Yox demək olmur. Sizə deyim ki, seriala çəkilmək filmdən çətindir. Filmdə bir ssenari var, əvvəldən sona  qədər həmin ssenari əsasında çəkilir. Serial isə belə deyil. Ssenari gündəlik yazılır və ya tez-tez müxtəlif dəyişikliklər olur. Sonuncu çəkildiyim serialda ssenari elə dəyişdi ki, mən başladım ağlamağa, qışqırmağa, əsəbi olmağa, öldürməyə. Bir sözlə, serial dönüb oldu ağlamalı.

– Belə obrazı ifa etmək sizə xoş idi?

– Qətiyyən. Mənim xarakterimə tamamilə yaddır. Bilirsiniz, bizim tamaşaçı səni hansı obrazda görür elə də qəbul edir. Tamaşaçılarımız elə başa düşür ki, kinoda, serialda xarakterin belədirsə, deməli həyatda da beləsən. Pis insanı səhnədə və kinoda canlandırıb, buna tamaşaçını inandırmaq yaxşı aktyor oyunundan irəli gəlir.

– Suğra xanım, bir tamaşaçı olaraq, bütün filmlərinizi bəyənirəm. Amma “Güllələnmə təxirə salınır!” filmində ifa etdiyiniz Nərgiz obrazı çox maraqlıdır.

Zövqlərimiz üst-üstə düşür. Çünki o film mənim ən çox sevdiyim ekran işimdir. Həmin filmdə gözəl tərəf müqabilim var- Fuad Poladov. Amma o filmdə mənim obrazımdan heç nə qalmayıb.

– Montajda çox kəsilib?

– Yox. Montaj məsələsi deyil. Deməli filmin aşkarlanması Kiyevdə aparılıb. Hazır plyonkalar 10 il zirzəmidə qalıb və çəkilmiş materiala  “neqativ göbələyi” deyilən mikrob düşüb. Kino aləmində belə “xəstəlik” var. Həmin mikrob plyonkanı yararsız hala salır. Məhz buna görə Fuad Poladovla mənim səhnələrimin çox hissəsi məhv oldu. Filmin ilk nümayişi  Kinematoqrafçılar İttifaqında oldu. Mən ən gözəl kadrları ekranda görməyib, çox pis oldum. Bu səbəbdən filmin əsas nümayişi Nizami kinoteatrında keçiriləndə mən orada iştirak etmədim. Rejissordan bərk incimişdim.

– Ələkbər Muradovdan…

– Bəli. Siz mənim belə sakit olmağıma baxmayın. Çox tərs adamam. Mənə qarşı düzgün hərəkət edilməyəndə, sakit qala bilmirəm.

– Rejissordan çəkilən lentləri qoruyub, saxlaya bilmədiyinə görə incidiniz, yoxsa yenidən çəkiliş etmədiyinə görə?

– Hər ikisinə görə. Çünki rejissor öz filminə məsuliyyətlə yanaşmalıdır. Həm də belə gözəl ssenarisi, aktyor ansamblı olan filmə. Bilirsiniz, “Güllələnmə təxirə salınır!” filmi sponsor hesabına çəkilirdi. Ona görə də filmin taleyi 10 il uzandı. Sonradan “Azərbaycanfilm” kinostudiyası filmə sahib çıxdı və ekran işi yenidən montaj edildi. Bir sözlə, həmin filmin taleyi kədərli oldu. Bu səbəbdən də filmin nümayişinə getmədim. Təkcə bir dəfə Əmircana getdim. Həmin filmdə obrazını canlandırdığım qadın sağ idi. Mərhum Ələkbər Muradov gəlib “Bilirəm, məndən incimisən. Amma o, qadın filmi izləməyə gələcək. Səni görmək istəyir. Filmdə onun həyatını, sevgisini canlandıran aktrisa ilə şəxsən tanış olmaq istəyir” dedi.  İlk dəfə onda filmi o qadının xatirinə seyr etdim.

– Reaksiyası necə oldu? Bəyəndi?

– Çox bəyənmişdi. Ön sırada əyləşmişdi. Bizi görüşdürdülər. Mənə təklif etdi ki, yanında əyləşim. Amma ona mane olmaq istəmədim. Arxa sırada oturub, onun reaksiyasına baxırdım. Filmin əvvəlindən sonuna qədər ağladı.

– Həmin qadın Xandan sonra ailə həyatı qurub?

– Yox. Ailəsi və övladları yox idi.

– Zahirən bənzərliyiniz var idi?

– Sizə deyim ki, çox bənzərlik var idi. Ağbəniz xanım idi.  Gözlərinin rəngi də göy. Baxmayaraq ki, çox qocalmışdı. Amma gözəl xanım idi.

– İndi yəqin ki, dünyasını dəyişər…

– Yəqin. Mən sizə uzun illər əvvəl olan hadisəni danışıram. Aradan çox vaxt keçib.

– Suğra xanım, maraqlı xatirə oldu. Belə başa düşdüm ki, bu filmlə bağlı ürəyinizdə nisgil qalıb. Başqa hansı rolunuzu çox bəyənmisiz?

– Rəhmətlik Rasim İsmayılovun “Tələ” filmi var idi. Həmin filmdə oynadığım obrazı çox sevirəm. Müdrik qadın obrazıdır.

– Kinonun gözəl, qaynar günlərini görən Suğra Bağırzadəyə  kinosuz yaşamaq çox çətin olar…

– Çox çətindir. Kinosuz qalmaq bu sənəti sevən insanlar üçün dözülməz dərddir. Bilirsiniz, incəsənət adamları elədir ki, daxilində olanları büruzə verməlidir. Məni boşluqdan yaratdığım əsərlər xilas etdi. Yoxsa dəli olardım. Çox aktyorlarımız, rejissorlarımız  kinosuz qalandan sonra xəstəliklərə düçar oldular. Hamısının ölüm səbəbi ürək, infarkt və xərçəng oldu. Bunun səbəbi fikir, dərd, əzab çəkmələri idi.

– Ən yaxın dostunuz kim idi?

– Hamı ilə münasibətim yaxşı olub. Amma yaxın dostum rəhmətlik Ceyhun Mirzəyev idi.

– Sizi kövrək xatirələrdən ayırım. Suğra xanım, çox gözəl xanımsınız. Bildiyimə görə gənclik illərində idmanla məşğul olmusunuz.

– İndi də məşğulam. İdmanı atmaq olmaz.

– Özünüzə necə qulluq edirsiniz? Gözəllik sirləriniz nədir?

– (Gülür) Təbii ki, gözəllik ilk olaraq genetik faktordur. Ailədən, nəsildən gələn gözəllik olmalıdır. Yeməyimə fikir verirəm. Köhnə xörək yemirəm. Hər gün təzə xörək bişirməliyəm. Qızlarım ailə qurandan sonra yoldaşımla ikimiz qalmışıq. Ona görə də gündəlik iki nəfərlik yemək bişirirəm. Az-az, tez-tez yeyirəm.  Hər gün tərəziyə çıxıb, çəkimi yoxlayıram. Əgər 200 qram artım varsa, deməli həmin axşam heç nə yemək olmaz. Sonra kosmetoloqa getməyə vaxtım olmur. Amma tənbəllik etmirəm. Hər gün üzümə müxtəlif maskalar edirəm. Adi qatığı üzə çəkməyə nə var ki? Qadınlarımız tənbəllik edirlər. Yediyiniz tərəvəzləri daxilə az qəbul edin və üzünüzə çəkin. Çox effektli olacaq. Yuxu rejiminə riayət edirəm. Hər gün 22:00-da yatmağa hazırlaşıram. Səhər isə 6:00-da qalxıram. Hərdən məndən soruşurlar ki, “Niyə qocalmırsınız?”. Cavab verirəm ki, “Vaxtım yoxdur”. Həqiqətən də qocalmağa vaxt olmur. Qadının ən yaxın rəfiqəsi güzgüdür.

– Həm də ən amansız rəfiqəsi…

– Güzgüyə baxanda çalışmalarının nəticəsini görürsən. Yaşıdlarınla fərqini görürsən və düşünürsən ki, bunu mən qazanmışam.

– Heç bir əməliyyat etməmisiniz?

– Etmişəm. 2003-cü ildə göz qapağımda əməliyyat etdirmişəm. Mənim işimlə əlaqədar olaraq, başım aşağı əyilir. Göz qapağımda sallanma müşahidə olunurdu. Əməliyyat yolu ilə aradan qaldırdım. Bunu hər zaman deyirəm və gizlətmirəm. Mən plastik əməliyyatlara normal baxıram. Amma qədərində. Bilirsiniz, unutmaq olmaz ki, qocalıq hər adama qismət olmur. Onun da qədrini bilmək lazımdır.

 

Ülviyyə Həsənqızı

Foto: Rahib Hacıyev

 

Sizə maraqlı ola bilər