Tahir İmanovla “Bəxt üzüyü 2”, Tofiq Quliyev və Talıb Tale haqda- MÜSAHİBƏ – FOTO

12:50

22 Yanvar

lady gaga

Onunla hər müsahibə yeni söz-söhbətin, müxtəlif mövzuların başlanğıcı olur. Dediyi az qala hər bir cümlə tənqid xarakteri daşısa da, həqiqətə söykənir və bu üzdən də bir çoxlarının aqresiyasına səbəb olur.

Primetime.az-ın “Tet-a-Tet” rübrikasında əsrin çempionlarından olan, bütün Azərbaycan teleməkanında qara siyahının dəyişilməz üzvü, “Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanovdur.

Onunla söhbətimizə ərsəyə gətirdikləri “Bəxt üzüyü 2” filmi ətrafında başladıq.

– 27 il öncə xalq artisti Ramiz Əzizbəylinin rejissoru olduğunu və Azərbaycan kino tarixində şedevr əsərlər siyahısında olan “Bəxt üzüyü” filminin ikinci hissəsini çəkdiniz.

– Desəm ki, bu ideya təzə idi, yalan olar. Əslində bu fikir çoxdan var idi və filmin ardını tamaşaçı da gözləyirdi. “Planet Parni iz Baku” KVN Teatrı olaraq 27 il sonra buna nail olduq. Bizdən öncə bir neçə prodakşlar bunu çəkmək istəsə də, filmin əsas qəhrəmanlarından olan xalq artisti Afaq Bəşirqızı yalnız bizimlə işləmək istədiyini söylədi. Onun bu sözləri şəxsən mənim kimi adi, balaca aktyor üçün böyük stimul idi. Bizim üçün ən vacib məqam, Afaq xanımın ekran işində rol alması idi. Çünki o olmasaydı film alınmazdı. Onun yaratdığı “Söylü” obrazı “Bəxt üzüyü”nün vizit kartıdır. O, öz obrazı ilə yerli kinemotoqrafiyaya yenilik qatıb.

Ümumiyyətlə, Afaq Bəşirqızı, Valeh Kərimov, Rafael Dadaşov kimi sənətkarlarla eyni çəkiliş məkanını bölüşmək şərəfdir. Onlar bizim qızıl fondumuzdur.

Afaq Bəşirqızı filmin bütün yaradıcı heyətinə dəstək olub. Elə bir sahə yox idi ki, onlarla dərdləşməsin. Misal üçün həmin ərəfədə operatorumuz Nadir Mehtiyevin doğum günü idi və mənim fikrimdən çıxmışdı. Birdə gördük ki, çəkiliş meydançasına tort gəldi. Afaq xanım bunu öncədən düşünüb və çəkiliş heyətinə  kiçik bayram yaşatdı.

Böyük aktyorlarımızdan olan Rafael Dadaşov… Mən onun onun özünə  də Azərbaycan kino və teatr miqyasına sıxmışmayan aktyor olduğunu dedim.

“Bəxt üzüyü 2” sayəsində 3 sənətkardan pulsuz ustad dərsləri almış olduq. Halbuki xarici ölkələrdə buna görə ödəniş alırlar. Çəkiliş meydanında kənarda onların necə işlədiklərinə baxırdım. 10 dubl olurdusa hərəsini bir başqa yaradırdı.  Mən bilirdim ki, bu montajda yaxşı mənada çox böyük problemlər yaradacaq. Afaq xanım da deyirdi ki, belə olmalı idi, indi özünüz seçin.

Baxmayaraq ki, Rafael Dadaşovun səhhətində çox ciddi problemlər var, amma peşəkar aktyor o deməkdir ki, hər vəziyyətdə bir çıxış yolunu tapır və  dəqiqlik, dissiplinli şəkildə hər kəsə nümunə olurlar.

Onu da deyim ki, birinci film çox çətin vaxtda, 91-ci ildə çəkilmişdi. Həmin dönəmdə Sovet hakimiyyəti dağılırdı, yeni Azərbaycan yaradılırdı. O ərəfədə imkan tapıb ekran işini ərsəyə gətirmək qəhrəmanlıq idi.

 – Sözün düzü indiki dövrdə də yaxşı film çəkmək qəhrəmanlıqdır.

-Mən indiki filmlərin əksəriyyətini “Odnorazovıy şprits” adlandırıram. Bu ifadənin dilimzdə duzlu tərcüməsini tapmadığım üçün, belə deyirəm. Yeni çəkilən əksər filmlər bu gün var, sabah isə yoxdur. Ancaq reytinq baxımından kinonun keyfiyyətini şişirtmək, biz filan rekordu vurduq demək nəyə lazımdır? Həmin filmlər 30 il sonra “Babək”, “Bəxt üzüyü”, “Ulduz” və s. kimi tarixdə qalacaqmı? Bu gün elə bir bayram yoxdur ki, “Ulduz” filmi göstərməsinlər.  Bu mənim üçün ikiqat vacib məsələdir.  Çünki filmin titrlarında Süleyman Ələsgərovun adı var. Fikir vermisinizsə, sonda qeyd edilir ki, film Süleyman Ələsgərovun eyniadlı operettası əsasında çəkilib.

Biz “Planet Parni İz Baku” komandası olaraq uzun zamandır efirin nümayişi, rekordlar və.s kimi məsələlərə önəm vermirik. Çünki bizim üçün keyfiyyət kəmiyyətdən üstündür.

– Sizin üçün filmin baxılması nəticə deyil?

– Təəssüflər olsun ki, tamaşaçıların zövqü korlanıb. İzləyicilər bayağı yumora, qurşaqdan aşağı hərəkətlərə, o mövzu ətrafında olan zarafatlara üstünlük verirlər. Mən demirəm ki, onların əleyhinəyəm. Olar, amma cüzi şəkildə. O zaman hər şey qaydasında görünür.

Bu gün filmlərdə olan bəzi zarafatlara, o tip mövzulara biz hələ 90-cı illərin əvvəlində toxunmuşuq. Yadınızdadırsa tamaşalarımızda “Bağban müəllim” var idi və o  “Təbiəti sökənlər” səhnəciyində marixuana kolunda yaşayan həşəratdan söhbət açırdı. Amma bu, o demək deyil ki, bütün konsert sözügedən mövzuya həsr olunmalıdır.

– Sizin üstünlüyünüz ağıllı güldürməyi bacarmağınızdadır… Düşündürücü yumora müraciət etmək çətindir, görünür.

– Bəli, biz intellektual və dərin satiraya üstünük veririk. Bu yoldan dönmürük və işləyirik. Bu bizim həyatımızın kredosudur. Necə ki, illər öncə mərhum kapitanımız Anar Məmmədxanov bizi bu yola yönəldib, biz də onu davam etdiririk. Çoxları elə bilir ki, “Bəxt üzüyü” adi komediyadır. Əslində bu heç də belə deyil. Müəllif və rejissor faciəvi məqamları çox gözəl işıqlandırıb.

Bizim çəkdiyimiz filmdə də hazırkı cəmiyyətin bəzi tradiq mövzularına toxunmuşuq. Ona görə də bu cür filmlər heç vaxt rekord vurmayacaq. Bir daha qeyd edirəm ki, tamaşaçıların zövqü korlanıb. Onlara bayağı yumor lazımdır. Biz Afaq xanımla bu mövzu ətrafında danışanda o dedi ki, mən heç vaxt bəzi tamaşaçıların zövqünün ardınca getməyəcəyəm.  Qoy onlar bizim dalımızca gəlsin!  Gəlin tamaşaçıların zövqünü dəyişərək, onları düzgün istiqamətə yönəldək. Böyük ustadın sözü mənim üçün qanun kimi səsləndi. Təbii ki, o bunu deməsəydi belə, mən məhz bu yolla getməyi yenə üstün tutacaqdım. Amma Afaq xanımın bu sözləri daha çox əminlik yaratdı.

– Son zamanlar çəkilən filmlərdən hansını izləmisiniz? Ümumiyyətlə, bəyəndiyiniz olub?

– “Xoxan”ı izləmişəm və bəyənmişəm. Filmdə həm rejissor həm də aktyorlar öz məqsədlərinə çatıblar. Bir tamaşaçı kimi deyirəm ki, normaldır. Amma sənət adamı kimi deməzdim ki, bu yüksək səviyyəli ekran işidir.

Hər bir filmin öz əhatə dairəsi var. Yəqin ki, onlar öz kütlələrini tapıblar. Ancaq bu mənə yaxın olan yumor deyil. Biz daha çox mənalı və savadlı zarafatlara önəm veririk.

– Gənc aktyorlardan bəyəndiyiniz kimsə var?

– Nə vaxtsa kimsə mənə dahi və böyük aktyor desə o zaman mənim də gənc aktyorlar barədə söz deməyə hüququm olar.

– Əslində bu sualın cavabını bilirdim. Çünki başda “Mənim kimi adi, balaca aktyor” ifadəsini işlətdiniz. Amma düşünmürəm ki, siz balaca aktyorsunuz. Sizin də teatr və kino sahəsində əməyiniz var.

– Əməkdar artist olmağım kiminsə haqda fikir bildirməyim üçün haqq qazandırmır. Fərdanı, Elməddini bəyənirəm. Düzdür, hərdən elə layihələrdə iştirak edirlər ki, bir rejissor kimi onlara yaraşdırmıram. Bilirəm ki, onların potensialları daha yüksəkdir.

– Pontensialı yüksək və karyerasına ümid bəslənəcək aktyorlarımızdır, düzdür, amma onların da yumorları standartdan kənara çıxmır. Kasıb obrazı onlardan əl çəkmir, sanki.

– Çünki onlar geniş kütləni nəzərə alırlar. Əgər onlara “Ölülər”i çək desəydilər, bəlkə də razılaşmayacaqdılar. Çünki bu kommersiya layihəsi deyil. Bu gün gənc nəsildən soruşsaq ki, “Ölülər”i orijinalda oxumusan? Cavab yox olacaq. Bəlkə də Cəlil Məmmədquluzadəni belə tanımırlar. Bunlar hamısı biri-birinə bağlı olan mövzulardır və burada  televiziyanın çox böyük rolu var. Televiziyalar tamaşaçının zövqünü bayağı sənət, mahnı və verilişlərlə korlayıb. Diktorlar şəhərlərin  adlarını düzgün tələffüz edə bilmir. Burada hansı intellektual səviyyədən söhbət gedə bilər­­!

Bu gün efirlərdə müğənni Eynşteyn kimi nəhəng alimə Yoxşteyn deyir. İfaçıların təhsili olmalıdır. Təəssüflər olsun ki, bayağı müğənnilər YouTube-da milyonlarla baxış toplayır.

– Milyonlarla baxış dediniz. Yadıma düşdü, siz Talıb Taleni tanıyırsınız?

– Tanımıram heç tanımaq da istəmirəm! Onun mahnıları nəinki Azərbaycan heç Qafqaz musiqisinə də yaxın deyil. Bu millətin Rəşidləri, Xan Şuşinskiləri, Bülbülləri, Şövkətləri olmasaydı, mən indi susardım. Onlar nümunə kimi sanki dərslik qoyub gediblər. Onlara baxıb öyrənmək lazımdır. Rəşid Behbudov mahnını oxuyanda sanki baş verən hadisələri özü yaşayırdı. O, adama elə baxırdı ki, mahnını məhz sənin üçün ifa etdiyini baxışında yaşayırdı.

Şövkət Ələkbərovaya qulaq asanda adam kövrəlir. Amma indiki ifaçıları dinləyəndə insana gic gülmək gəlir. Gic gülmək isə əsəbdən yaranır.

– Bəs bu gün dinlədiyiniz hansısa müğənni varmı?

– Təbii ki, var, Eyyub Yaqubov. Amma Azərbaycan mahnılarını oxuyanda. Eyyub mənim yaxın dostum, hətta ailə adamımdır və bu iradımı ona da bildirmişəm.

Müğənnilərimizlə bağlı məni bir çox məsələlər narahat edir. Ümumiyyətlə düşünürəm ki, ifaçılarımız milli musiqilərimizi təbliğ etməlidir.

Təəssüflər olsun ki, bəzi əməkdar artistlər el şənliklərində erməni müğənnilərinin repertuarından mahnılar oxuyurlar. Yadımdadır, bir məclisə getmişdim, və orada toyu idarə edən əməkdar artist 10 mahnıdan tam 8-ni erməni musiqisindən ifa etdi. Bizim Azərbaycan bəstəkarları yoxdur? Ələkbər Tağıyevin bütün mahnılarını yığsan olacaq bir toyun repertuarı.

Tofiq Quliyevə isə bütün müğənnilər ömürlərinin axırına kimi minnətdar olmalı və hər toydan onun ailəsinə ödəniş etməlidir.

Bədii Şuranın bərpa olunması haqda da hər zaman deyirəm. Görürsünüz, musiqimiz hansı vəziyyətə gəlib çıxıb? Bu faciədir!

Müstəqilliyimizi əldə edəndən sonra hansı dahi bəstəkar peyda olub? Olmayıb!

Mən demirəm ki, o vaxtlar bayağı müğənnilər yox idi. Amma həmin dövrlərdə Bədii Şura var idi. Hətta həmin müğənnilər özləri də bilirdi ki, efirlik deyillər və onlar sadəcə toylarda oxuyardılar.  Efirə kimləri buraxırdılar? Akif İslamzadə kimi bir çox dəyərli ifaçıları. Onun  kimi “Sarı gəlin”i ifa edən var? Çünki hər şeyin əsasında təhsil durur. İstisnalar var, amma çox cüzi halda. Ələkbər Tağıyev təhsil almadan sənətkar adını qazanmışdı. Düzdür, sonradan o bəstəkarlıq üzrə təhsilə sahibləndi.

Səsin varsa mütləq təhsil almalısan. Bizim Elçin Əzizovun da səsi var idi. O, Bir başa ifaçılığa keçə bilərdi. Amma o, musiqi savadını aldı və bu gün Böyük Teatrın solistidir.

– O da Azərbaycanın uğuru və fəxridir…

– Elçin Əzizov Yusif Eyvazov və Anna Netrebko bütün dünyanı gəzirlər. Amma bir televiziya bu haqda danışmır. Təsadüfən Elçin məni İtaliyada çıxış etdiyi operaya dəvət etdi. Tamaşa bitdikdən sonra tamaşaçılar onu 20 dəqiqə ayaq üstə alqışladı. Səfirimiz də orada idi. Ondan xahiş etdim ki, bu haqda Azərbaycan mediasına məlumat verəsiniz. Bəlkə də edib, amma bizim KIV bunu işıqlandırmadı. Çünki Elçin Əzizov və Yusif Eyvazov geniş kütləyə maraqlı deyil.

– Bu gün bir çox gənc ifaçılar da özünü aktyor kimi sınayır.

– Onlar başqa sahələrə də keçəcəklər. Bilirsiniz niyə? Çünki cinayət cəza tələb edir. Əgər bir cinayət cəzasız qalırsa o zaman onlar bir sahədən digərinə üz tutacaqlar. Gələcək nəsil də elə biləcək ki, ən düzgünü budur. 20-30 ildən sonra bayağı mahnılarımızı xalq mahnısı kimi təqdim edəcəklər.

Mənim üçün əsas odur ki, tarix düzgün yazılsın. Mən hər zaman danışıram və pis oluram. Danışmağım da axırı nə oldu?  Telekanallarda qadağa ilə üzləşdik.

– Sizcə bu qadağa hələ nə qədər davam edəcək və nə etməlisiniz ki, bu aradan qaldırılsın?

– Allah bilir. Amma bu mövzu mənim və kollektivim üçün çoxdan bağlanıb. Televiziya rəhbərləri bizi istəmirlər? Cəhənnəmə istəsinlər! Mən bu iy verən telekanallardan heç nə gözləmirəm. Allah canlarını sağ eləsin və öz bayağı verilişləri ilə birlikdə qalsınlar.

İnşallah AzTV-də bəlkə məni ölümümdən sonra yada salanda mən də  böyük aktyor olaram. Təbii ki, o günləri biz görməyəcəyik. Təəssüflər olsun ki, bizdə bir çox sənətkarlar ölümlündən sonra yada salınır. Rusiyada bu yaxınlarda çox böyük bir aktyor Mixayil Derjavin dünyasını dəyişdi. Komediya janrına onun qədər yenilik gətirən biri olmayıb.

Baxın, aktyor səhər dünyasını dəyişdi, nahardan sonra bütün verilişlər ona ithaf olundu. Fikir verin, qırxından, dəfnindən sonra yox, dərhal! Bizdə isə telekanal rəhbərləri gözləyərdi ki, kimsə onlara göstəriş versin.

– Rafiq Hüseynovu misal gətirmək olar…

– Rafiq Hüseynov mənim üçün başqa mövzudur. Azərbaycan televiziyası deyəndə Rafiq Hüseynov, Rafiq Hüseynov deyəndə Azərbaycan televiziyası ağıla gəlir. Sözün düzü, mən onun dəfninə getmədim. Çünki bəzi ikiüzlü insanlar var ki, R. Hüseynovun sağlığında qadağaya düşəndə, susurdular. İndi isə danışırlar… Bax elə həmin adamlara görə də getmədim. Çünki özümü saxlaya bilməyib sözlərimi üzlərinə deyəcəkdim. Amma bunun yeri deyildi.

 

Söhbətləşdi: Türkan Məmmədli

Foto: Nurlan Gülməmmədov

Primetime.Az

 

 

 

Sizə maraqlı ola bilər