“Məhəllə 3″ə 3 gün qaldı: “Hazır olun” – FOTOLAR

16:05

28 Fevral

lady gaga

“Gülüş olan yerdə, qəmli notlar da olmalıdır. İnsan hər dəfə gülə bilməz. Haradasa o gülüşə fasilə də vermək lazımdır”.

 

Bu sözləri Primetime.az-a müsahibə verən əməkdar artisti “Parni iz Baku” KVN komandasının keçmiş üzvü, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, rejissoru, Tahir İmanov deyib. Sənətçi ilə martın 3-də təqdimatı baş tutacaq “Məhəllə 3” haqda danışdıq

 

–  Artıq mart ayında “Məhəllə 3″–ün geniş təqdimatı olacaq. Bu haqda danışardıq. Bu dəfə “Məhəllə” bizi nə ilə təəccübləndirəcək?

 

– “Məhəllə 3” demək olar ki, son illərin ən çox gözlənilən filmlərindən biridir. Tamaşaçı bunu inşallah özü də deyər. Amma mən özümüz üçün deyə bilərəm ki, bu filmi çoxdan gözləyirdik. Müəyyən səbəblərdən ərsəyə gətirə bilmirdik. Amma bu il bütün var gücümüzü topladıq və yaradıcı heyyət ilə birlikdə filmin üzərində işlədik.  Düşünürəm ki, çox maraqlı bir film alınıb. Çünki, burada elə bir hadisələr baş verir ki, onları maraqsız adlandırmaq olmaz.  Həm də bildiyiniz kimi, Bakı şəhərində istənilən sahədə, elə bir gün olmur ki, orada maraqlı bir hadisə baş verməsin. O ki, qaldı “Məhəllə”yə, elə ən maraqlı hadisələr bizim Bakımızın məhəllərində baş verir. Son zamanlar yavaş-yavaş məhəllələrimiz  sökülür. Bakının demək olar ki, bu köhnə məhəlləri artıq yeni mərhələlərə keçir, parklar salınır. Bununla belə, məhəllələr sökülsə də, sakinlər qalır. Onlar da köçürlər başqa yerlərə. Ən əsası odur ki, hara köçürlərsə köçsünlər, bu məhəllənin ab-havasını orada da qoruyub saxlayacaqlar. Biz bu filmdə çalışdıq ki, həm o məhəllənin sökülmə prosesini, həmin ərəfədə baş verən duzlu-məzəli əhvalatları, həm də filmin axırında təbii ki, onların yeni məkanlarını da göstərəcəyik.

 

 

– Bəs, yeni film üçün 15 il ara lazım idi?

 

– Yəqin ki, lazım idi. Amma yenə Allah bilən məsləhətdir. Əslində mən deməzdim ki, 15 il ara olub. Çünki, 2004-cü il “Məhəllə -2” çıxandan sonra, 2006-2012-ci illərdə məhəlləni “Planet Parni iz Baku” KVN Teatrının səhnəsində göstərdik. Demək olar ki, hər konsertimizdə  Eliş və Roşkanın yeni macəralarını göstərirdik. 2006-cı ildə Bəhram Bağırzadə qayıtdı. Beləliklə də, obrazın biri də artdı. Onun qayıdışından sonra da yeni macəralar yaranmağa başladı. Amma köhnə məhəllədən də qəhramanlarımız qalır. Onlardan biri Dilarə Əliyevanın  yaratdığı Məhəbbət obrazıdır. Bu də Dilarə tamaşaçıları yeni peşəsi ilə sevindirəcək. Çünki, ilk iki filmdə o evdar xanım idi.  İndi isə Məhəbbətin həyatında ciddi dəyişiklilər olacaq. O, artıq öz biznesini açır və film boyu onun nə işlə məşğul olduğunu görəcəyik. Onun yeni yaratdığı biznes cəsarət tələb edir. Tamaşaçı baxandan sonra başa düşəcək ki, söhbət nədən gedir.

 

 

– Məhəbbətin cəsarətli olması, Qüdrətin olmamağıdır. Yoxsa?

 

– Təbii ki, burada hardasa Qüdrətin olmaması, haradasa cəsarət tələb edir ki, o, hansısa bir bizneslə məşğul olsun. Amma biz filmi elə yaratdıq ki, bu film ayrı-ayrılıqda da baxılsın. Tamaşaçı “Məhəllə -3” kimi yox, yeni “Məhəllə” kimi qəbul eləsin. Çünki, mən elə hesab edirəm ki , belə işləri müqayisə etmək, qəbahətdir. Misal üçün məşhur  “Ceyms Bond”filmini  götürək. Baxın, həmin rolu görün necə aktyorlar canlandırıb. Hamısı da baxılıb. Film yaratmaq çox çətin bir məsələdir. Tənqid etməyə nə var. Təəssüflər olsun ki, son zamanlar tənqid edənlər balaca qız və oğlanlardır. Onlar da böyük-böyük danışırlar. Əsil sənətkarların rəyi bir kənarda qalır. Problemdə bundan yaranır. Amma mən belə şeyləri normal qəbul edirəm. Çünki, tarixə nəzər salsaq, Azərbaycanın kino sahəsində artıq sedevr kimi, yaradılan filmlər  də ilk illərində  böyük,qeyri-sağlam tənqidlə rastlaşıblar. Çox uzağa getməyək, “O olmasın, bu olsun” filmi haqqında nələr yazıblar.  Epizodik rollardan tutmuş, böyük rollara kimi,  nəhəng, sözün əsl mənasında karifey sənətkarlarımız olub. Sizi  yaradıcı heyyətin daxili vəziyyətini təsəvvür edirsiniz. Onlar illərlə əziyyət çəkiblər. O vaxtı indiki olan texnologiya olmayıb. Lentin əziyyəti bir qırağa, səsyazması var hələ. O elə təsəvvür edir ki, mən Azərbaycan üçün gənc Sovet respublikası üçün iş görürəm, mənə ən azı bir fəxri fərman verəcəklər. Amma onun rastlaşdığı  isə nə olur, qeyri-sağlam tənqid. Mən həmişə demişəm ki, Eldar Quliyevin şedevri sayılan “Bir cənub şəhərində” filmi ilə bütün dünyanı gəzmək olar.  20 il o film rəflərdə qalıb. Nəyə görə? 4-5 nəfərin qeyri-sağlam, qeyri-obyektiv  tənqidinə görə, o filmin üzərindən bir xətt çəkdi. Amma illər ötdü, o film işıq üzü gördü. İndi hamı ona şedevr deyir. Bunu vaxtında demək olmazdımı? Mən demirəm ki, heç bir film nöqsansızdır. Allah insanı belə yaradan da nöqsanlı yaradıb. Cüzi nöqsanlara göz yummaq olmazdımı? Həmişə mən bu sualı vermişəm.  Niyə biz bir-birimizin qələbəsinə sevinmirik.  Niyə dərhal paxıllıq, qeybət, neqativ düyməsinə basırıq.  Qonşu ölkələrdə, bizə düşmən olan ölkədə, baxın görün onlar bir-birlərinin qələbəsinə necə sevinib, dayaq olurlar. Bir yumruğa çevrilib, bir hədəfə vura bilirlər. Buna görə də nəinki, Rusiya mediası, demək olar ki, dünyanın bir çox ölkələrində onlar kök salıb, öz layihələrini yaradırlar. Biz isə nə işlə məşğuluq? Biz isə başlayırıq, “o niyə belə oldu?”, “niyə Qüdrətsiz gəldi?”. Ay qardaşım, həyat davam edir. Sən ümumiyyətlə, kino sahəsində olan yeniliyə sevin, sonra paxıllıq et. İndi yadımda deyil, bilmirəm məşhurlardan kim bu sözü deyib, tənqid etmək çox asandır, özünüz bir sınaqdan keçirin. Demirəm ki, film çəkin. 3 cümləlik ssenari yazın. Görək bunu bacaracaqsınız, ya yox. Afaq xanım ilə danışdım. Mənə qayıdıb bir söz dedi ki, “Tahir inanırsan ki, mənim heç o yaşım deyil ki, onların bir dənə sözünə qulaq asım. Nə deyirlər, desinlər. Əsas faktlardır”. Məsələn, bizim bu sonuncu işimiz, artıq  baxışlar “YouTube”-də 1 milyonu keçir. Mənim üçün də əsas faktlardır. Faktda ondan ibarətdir, bu gün baxışların sayı milyonları keçir, demirəm ki, populyarlığın pik zirvəsindəyik, amma ən gözəl pilləsindəyik ki, kino və konsertlərimiz baxılır. Bundan artıq nə ola bilər. Bu kino sahəsində, işsiz bir dövrdə, biz iş başındayıq. Buna şükür etmək lazımdır. Tək “Planet Parni iz Baku” yox, bizim digər kino sahəsində çalışan kolleqalarımız nəsə yaradır.

 

– Bəs həmkarlarınız ərsəyə gətirdiyi işi bəyənirsiniz? Belə demək olarsa, son illər hər ay yeni bir film təqdim olunur. Amma eyni aktyorları bənzər obrazla hər dəfə görürük.

 

– Bəs, nə etsinlər? Mən sizi başa düşürəm ki, eyni obrazları yaradırlar. Amma bu da onların seçimidir. Buna hörmət ilə yanaşmaq lazımdır. Şəxsi fikrimizi, subyektiv, obyektiv fikrimiz kimi təqdim etməyək. Əsas məsələ budur. Mən hər dəfə deyirəm ki, mən xahiş edirəm, mənim dediklərimi həqiqət kimi qəbul etməyin. Bu 10 milyonluq Azərbaycan Respublikasının cəmi bir vətəndaşının, bir fikridir. Hansına ki, onun buna haqqı və hüququ var. İctimai xadimik deyə, tanınmış insanıq deyə, biz bunu səsləndiririk ki, tamaşaçı bizim rəyimizə ya “like” qoysun, ya da “ unlike”. Mən bu cür filmlərin ərsəyə gəlməsinə sevinirəm. Niyə də yox? Rusların bir sözü var, səhvlər üzərində biz öyrənirik. Amma bir yumorist kimi, təbii ki, bəzi zarafatlar olub, mən bəyənməmişəm. Çünki, bizim zarafatlar KVN sayağıdır. Obrazdan asılı olaraq dəyişir. Hər hansı bir bayağı müğənni göstəririksə, o necə dərin satiralı zarafat, cümlə işlədə bilər. Onun intelekt səviyyəsinə uyğun olmalıdır. Ümümilikdə yenə götürsək, mən sevinirəm. Düşünürəm ki, bu böyük bir işin əvvəlidir. Çox adam soruşur ki, filmin büdcəsi nə qədərdir? Açıq-aşkar bəyan etmək istəyirəm ki, o büdcəni çoxları niyə səsləndirmir. Çünki, qonşu Qafqaz ölkələrin filmlərinin büdcəsi ilə müqayisə etsək, çox biabırçı bir rəqəm ortaya çıxır. Az bir pula, böyük bir işlər ərsəyə gətirirlər. Bu da əslində böyük bir qəhramanlıqdır. Heç kimi qınamayaq, əksinə dəstəkləyək. Baxın, Fərda ildə neçə dəfə kinoya çəkilir. Mən əminəm ki, ona gürcü, russayağı maaş verilsəydi, inanın mənə o, ildə maksimum iki filmə çəkilərdi. Ailəsini dolandırmalıdır, ya yox?

 

 

– Fraqmanlardan xalq artisti Nübar Novruzovanı gördük. Artıq uzun zamandır ki, ona heç bir işdə görmürdük.

 

– Böyük aktrisamız. Mən onu özünə də demişəm ki, sizi axırıncı dəfə uşaqlıqda görmüşəm. Uzun fasilədən sonra Yuli Qusmanın “Qorxma, mən səninləyəm” filminin ikinci hissəsinin çəkilişində görmüşəm. Düzdür orada rolum epizodik olsa da, mənim üçün şərəfli rol idi. Həmin filmdə Məbud Məhərrəmov, Nübar Novruzova kimi aktyorlar ilə bir epizodda çəkilmişəm.

 

 

– Çətin olmadı sizə?

 

– Şəxsən mənim üçün çətin idi. Çünki, o cür simalar ilə bir çəkiliş meydançasında olmaq böyük məsuliyyət tələb edir. Hər adama da qismət olmur. Misal üçün xalq artisti Nəsibə  Zeynalova ilə  ilk “Məhəllə”də çəkilmişik. İnanırsınız mən həmin gecə yatmamışam, həyacan içində olmuşam.  Nəsibə xanım Azərbaycan kino sahəsinin nəhənglərindəndir.

 

 

– Bəs yeni simalardan kimisə görə biləcəyik?

 

– Mən rejissorumuzu qeyd edə bilərəm. Biz çox fikirləşdik ki, kimə həvalə edə bilərik. Cabirin təklifi o oldu ki, İsmayıl Zeynalov adında bir rejossor var. O da xalq artisti Azər Zeynalovun oğludur. Mən onun çəkdiyi kliplərə, filmlərə baxdım, çox bəyəndim. Onun peşəkar baxışı var. Təhsilini Türkiyədə alıb. Bir maraqlı məqam da var ki, o həm də bizim məzunumuzdur. 2009-cü ildə Space telekanalında “Yumor kuboku” adlanan layihəmiz var idi. Həmin ərəfədə İsmayıl məktəbli idi. Qardaşları ilə iştirak edirdi. İlk təcrübəsi KVN-dən başlayıb. Biz o azərbaycanlılardanıq ki, biz digərlərinin qələbəsinə sevinirik.

 

– Çəkilişlər nə vaxt baş tutub?

 

– Çəkilişlərimiz payız aylarında baş tutub. Amma günəşli hava idi. Maşallah, Bakıda payız havası demək olarki, ya havası kimi keçir.  Biz düşünürdük ki, çəkilişlər uzanacaq. Çünki, uzunmüddətli fasilədən sonra başladıq. Adi bir futbolçu aldığı zədədən sonra, meydançaya çıxanda, ilk dəqiqələr əvvəlki kimi oynaya bilmir. Biz də düşündük ki, ilk əvvəl dərhal o effekti, məhəllənin abı-havasını ala bilməyəcəyik. Sən demə yanılırdıq.  Çəkiliş meydanına girən kimi, dərhal hamı, Tahir “Roşka” oldu, Cabir “Eliş” oldu. Sən demə, Dilarə də bu 15 ilin 15-də “Məhəbbət” kimi yaşayırmış.  Bu da aktyorların təcrübəsindən irəli gəlir. Film bir nəfəsə çəkildi. Bir sirr də açım nəhayət ki, məhəlləmiz əsl məhəllədə çəkilib. Çünki, ilk dəfə çəkiləndə məhəllə olsa belə, o Sovetskidə olan məhəllə deyildi. İçərişəhər ətrafındə çəkmişik. Axı biz əvvəlcədən bu məhəlləni yaradanda, biz onu Sovetskini nəzərdə tutmuşduq. Biz axı özümüz də o ərazidə böyümüşük.

– Sonuncu müsahibənizdə demisiniz ki, “Məzi” özü aramızda olmasada, filmdə görə biləcəyik. Bunu deməklə nəyi nəzərdə tuturdunuz?

 

– Siz elə istəyirsiniz ki, filmdə baş verən hadisələri indi burada danışım (gülür). Tək “Məzi” deyil, bizim “Məhəllə” filmlərimizdə çəkilən mərhum sənətkarlarımız hamısını görəcəyik, Elçin Həmidovu, Yaşar Nuriyevi, Ələsgər Məmmədovu, Nəsibə Zeynalovu, Ramiz Sərkərovu. Təbii ki, gülüş olan yerdə , qəmli notlar da olmalıdır. İnsan hər dəfə gülə bilməz. Haradasa o gülüşə fasilədə vermək lazımdır. Bu cür aralarla, qəmli notlarla biz tamaşaçılara sanki, bir nəfəs veririk ki, yeni bir gülüşə hazır olsunlar. Biz həmişə onların xatirəsini uca tutmağa çalışırıq.

 

 

– “Məhəllə 4” üçün yenə 15 il gözləməli olacağıq?

 

– Çünki, biz obrazları qocaltmaq istəmirik. Hələlik belə bir fikrimiz yoxdur. Yəqinki, tamaşaçı çox gözləməz. “Məhəllə” bizim ən sevimli səhnəciklərimizdən, KVN-nin brendlərindəndir. KVN-nin bir çox obrazları yaddaşlara həkk olunub. “Ağanatiq” deyəndə , artıq heç bir açıqlama lazım deyil.  Hamı başa düşür ki, Bakının ən məşhur taksi sürücüsüdür. “Məhəllə” də eynilə. Kim nə deyir desin, kim necə istəyir tənqid etsin. Bu bizim vecimizə deyil.

 

“Məhəllə” Heydər Əliyev sarayında film təqdim etmənin təməlini qoydu.

 

– Bəli. O vaxtı bu qədər kinoteatrlar yox idi. Biz inanırsınız ki, təsəvvürümüzə gətirə bilməzdik ki, bu cür populyarlıq qazana bilərik. İlk “Məhəllə” 2 gün,  sonrakı işdə isə 3 gün zal dolu oldu.  Bizim planımızda belə  yox idi ki, fimi sarayda təqdim edək. Sadəcə o ənənəni pozmaq istəmədik.  Filmimizin uğuruna inanıram.

Sərvər Mehtiyev

 

Sizə maraqlı ola bilər