Bakıda inanılmaz TAKSİ FIRILDAQLARI – DİQQƏTLİ OLUN!

12:46

11 İyun

lady gaga

Taksi sahəsində bir sıra problemlərin olduğu məlumdur. Digər tərəfdən paytaxt Bakının küçələrində taksilərin sayı günü-gündən artır. Belə olan halda yeni problemlərin yaranması gözləniləndir. Son zamanlar havalar isindiyi üçün müştərilərdən əlavə kondisioner pulu alan sürücülərə də rast gəlinir.

 

Məsələ ilə bağlı yol nəqliyyatı eksperti Elməddin Muradlı Primetime.az-a danışan zaman bildirib ki, bu, gülməli situasiyadır:

 

“Taksidə xidmətlərin hamısı eyni qiymətə daxildir. Məgər taksi sifarişi verəndə operator bizə deyirmi ki, kondisioner qoşulsa 7 manat, qoşulmasa 5 manat olacaq? Bu şərtlər qoyulmur. Ümumi gediş haqqı tələb edilir və hava şəraitindən asılı olaraq  kondisionerdən istifadə olunmalıdır. Necə ola bilər ki, komfortlu maşına minirəm, lakin kondisionerin qoşulması üçün əlavə pul ödəməliyəm. Bu, normal yanaşma deyil. Şirkət bunu əvvəlcədən razılaşdırmalıdır. İnsanları cəlb etmək üçün “su qiyməti” qoyulur, sürücü də məcbur razılaşır. Lakin kondisioner işləyəndə əlavə yanacaq istifadə edildiyini, ona xeyir qalmadığını görəndə utanmadan sərnişindən pul istəyirlər. Əgər sürücü belə həyasızlıq edəcəkdisə, niyə şirkətə qul kimi işləyir? Özü müstəqil fəaliyyət göstərsin, istədiyi qiyməti də qoysun. Bu, insanları aldatmaqdır. Yəqin ki, aidiyyatı qurumlar taksi şirkətlərinin fəaliyyəti ilə bağlı qayda-qanun, standartlar müəyyənləşdirəcəklər. Ondan sonra taksi şirkətlərinin 90 faizi ləğv olunacaq, ortada iki-üç dənə şirkət qalar, ya qalmaz”.

 

E.Muradlı düşünür ki, taksi sürücüləri hədlərini aşıblar və insanları narahat edirlər:

 

“Sifarişi tez qəbul edib, gec icra edirlər, sürücülər kobud olur, yolda əlavə qiymət danışmaq hallarına rast gəlinir və s. Təsəvvür edin, maşında sərnişin ola-ola ikinci sifarişi qəbul edir. “15 dəqiqəyə çatıram” desə də, özü bilir ki, həmin vaxtda deyilən yerdə ola bilməyəcək. İndi də kondisioner məsələsi çıxıb və bu, həqiqətən də ikrah doğuran bir şeydir. Təsəvvür edin, bunu hansısa taksi sürücüsü xarici vətəndaşa qarşı edir. Biabırçılıq olar, ölkəmiz haqqında mənfi təsəvvür yaranar.  Vaxt var idi ki, nəqliyyat “qoçu”ları taksi sürücülərini gecə-gündüz döyürdülər, onda belə biabırçılıq olmurdu. İndi taksi sürücülərinə bu qədər sərbəstlik verilib, bəlkə də 60 faizi fərqlənmə nişanı almır, hansı ki, 18 manat rüsumu var, əlavə xərc tələb olunmur. Yəni, indi onları döyən yox, söyən yox, amma belə əməllərlə məşğul olmağa başlayıblar. Taksi sahəsi xidmət sahəsi olaraq özünü tam doğrultmadı. Yəqin ki, buna nə vaxtsa dövlət nəzarəti olacaq və ya hansısa dövlət şirkəti yaradıb bu şəkildə nizamlamaq məcburiyyətində qalacaqlar. Çünki özləri bu yola gedirlər. 70-80 qəpik artıq qazanmaq üçün hər yola əl atırlar. Bəzən bilərəkdən, bəzən məcburiyyətdən, bəzən də bilməyərəkdən. Bunlar əsasən məcburiyyətdən baş verir. Çünki sürücülər taksi şirkətlərinin əlində əsirdir, bir növ quluna çevriliblər. Taksi şirkətləri aylıq abunə haqqını alır, istəyəndə müştərini ötürür və ya əksinə. Bəzi söz-söhbətlər də gəzir ki, taksi şirkətlərindəki operatorlar əlavə olaraq hər sürücüdən pul istəyir. Məsələn, aylıq mənə 50 manat ver, sənə daha çox müştəri yönləndirim”.

 

Günay Rəsulqızı

Sizə maraqlı ola bilər