Tanınmış stilist: “Əgər imzamla olan diplom dünyanın heç bir yerində tanınmırsa…”-MÜSAHİBƏ

11:41

23 Fevral

lady gaga

Top-stilist Elnur Həsənov PrimeTime.Az saytının “Tet-a-Tet” rubrikasının qonağıdır.

Tanınmış simaların yaxın dostuna çevrilən, lakin özünü şou-biznesdən kənar sayan Elnurla  söhbətimiz həmkarından başladı:

  • Mən kimləsə rəqib ola bilərəm. Amma burada nömrə 1, 2, 3 , 5 söhbəti deyil. Mənim üçün toxunulmaz bir neçə insan var. Onlardan biri stilist Ruxadır, digəri isə Nigar İbrahimova. Hətta bü gün iş görməsələr belə bu insanlara söz deyə bilmərəm. Anar Malik də qeyd etdiyim insanlardandır.

  • Bəs Anar Ağakişiyev toxunulanlar sırasındadır?
  • Yox, məsələ ondadır ki, Anar Ağakişiyev bu gün çalışır. Nigar İbrahimova isə iş qadınıdır. Artıq makiyaj etmir. Deyirlər ki, Ruxa var? Niyə yoxdur! O bundan sonra işləməsə belə öz adını həkk edib. Elnurla Anar isə hələ də çalışır.

 

  • Başqa kimlər işləyir?

 

 

  • Zövqlü insanlar çox azdır. Mən Ağakişiyevlə sağlam rəqabət aparıram. Heç vaxt onun gördüyü işlərin paxıllığını çəkmərəm. Çünki biz Azərbaycanlıyıq. Əsas odur ki, bizim aramızdan kimsə irəli getsin, dünya miqyasına çıxa bilsin. Bunu da Anar bacardı. İnsan əziyyət çəkir və dəyər vermək lazımdır.

  • Siz nəyi bölə bilmirsiz? Yollarınız tez-tez kəsişir. İkinizlə də dost olduğum üçün dəqiq deyə bilərəm ki, ilin yarısı bir-birinizdən küsülüsünüz.
  • Bizim yolumuz kəsişmir. Sadəcə olaraq ara vuranlar çoxdur. Əgər birinin ardınca danışmaq istəsəm, ən yaxın dostumun yanında danışaram. Bilərəm ki, söz kənara çıxmayacaq. Əgər bir adamı çox istəmirəmsə bunu onun üzünə deyirəm ya da ondan uzaq qaçıram. Gör-götür dünyasıdır. Niyə görə insanları müqayisə etməliyik? Sağlam rəqabət anlayışım bilirsiniz necədir? Əgər kimsə yaxşı bir iş ərsəyə gətirirsə o zaman mən çalışıram ondan da gözəlini edim. Gördüyüm iş bir öncəkindən aşağı səviyyədə olmamalıdır.
  • Buna bir çox zamanlar “kopyalamaq” deyirlər…
  • O zaman hamımız bir-birimizdən nə isə götürürük?! Məsələ orasındadır ki, mən onun etdiyini təkrarladığımı demirəm. Mən özümə aid başqa işlər görürəm. “Master Class”lar təşkil edirəm. Bunun üçün mənə tanınmış kosmetika brendləri müraciət edir. Bu meyar mənim üçün çox əhəmiyyətlidir. Bacaran varsa buyursun məndən sonra etsin. Çünki mən tələbə hazırlaşdırmıram. Əgər mənim möhür və imzamla olan diplom dünyanın heç bir yerində tanınmırsa o zaman mən heç kimə diplom vermirəm.Mövzu Anardan gedirsə, səmimi deyim. Anarın üzü yanmış xanımı dəyişməsi səs-küyə səbəb oldu. Amma bunu dünya miqyasında edənlər də olub axı. Sadəcə olaraq bu qədər ajiotaj yaratmadı. Mən qalmaqal və davadan bezən adamam. Anardan nə qorxacağım nə də keçəcəyim var. Heç ondan yuxarı və aşağı səviyyədə də deyiləm. Əgər xalq və dostlar bizi rəqib görürsə, deməli hər ikimiz eyni səviyyədəyik. Ola bilər ki, o hazırda beynəlxalq arenaya çıxır. Amma bir ildən sonra mənim nə edəcəyimi bilmək olmaz. Çünki layihələr çoxdur. Öncədən danışmaq lazım deyil. Anar da bu məqamları neçə vaxt gözləyib. Allah da onu mükafatlandırdı. Onun da qəlbində xainliq yoxdur. Bir-birimizə qısqanclıq ola bilər. Bu normal bir şeydir. Amma efirdə təhqir etmək düzgün deyil. Bizim sahədə bir-birimizin nömrəsini tapmaq çox asan məsələdir. Məncə aramızda söhbət olan zaman birbaşa bir-birimizə telefon açsaq daha yaxşıdır. Ancaq sosial şəbəkədə, efirdə, saytda həmkarlıq xətrinə daha yaxşı davranmaq lazımdır.Təkrarçılıq olmasın, ancaq Anarla bəzi zamanlarda problem yaşamağımız ortada söz aparıb-gətirən adamlardır. Şükür Allaha ki, az vaxt keçdi və Anar özü də o saxta adamları tanıdı. Birdə ki, mənim bəzən ürəyimdən Anarın əl işini paylaşmaq keçir. Ancaq bilirəm ki, aradakı sözbazlar bunun adını yaltaqlıq qoyacaq. Mən də içimdəkiləri bilirəm axı, sevinərək etdiyim paylaşıma yaltaqlıq damğası vuracaqlar deyə, vaz keçirəm. Burdan Anara səslənirəm ki, ortadakı qeyri-səmimi adamlara inanmasın. Mən onun uğuruna sevinənlər sırasındayam.

  • Ən çox nəyə görə narahatlıq hissi yaşayırsan?

 

  • Hər gün Allaha şükür edən insanam. Əlim, ayağım yerindədir. Savadım, diplomum, dünyagörüşüm var. Kimdən də 5 artıq və ya 5 əskik bilirəmsə, öyrənməyə çalışıram. Öyrənmək ayıb deyil. Əgər özümdən aşağı bir vizajistin yanına getsəm onun da əlinə baxıram. Çünki onda da yenilik var. Nə qədər sadə olsan səni bir o qədər də sevəcəklər.

 

  •  Bilirəm ki, sən kinli insan deyilsən. Hətta həmkarlarından daha səbrli, daha sakitsən.  

 

  • Bilirsən Türkan, mən insanlara şans verirəm. Dostluqda bir neçə dəfə küsmək olar. Amma sildimsə həmin adamı üstü toz basmış kitabların arasına qoyuram. Həmin şəxs artıq mənim qəlbimdə yoxdur. Küsüb barışmaq daha çox şou nümayəndələrinə şamil edilir. Amma mən şou-biznesdə deyiləm.

  • Kimi dindirirsən deyir ki, şou-biznesdə yoxam. Bəs bu qədər şou-nümayəndəsi kimlərdir?
  • Biz “Celebrity”yik. Yəni tanınmış. Hansısa bir məkana gedəndə media bizim üstümüzə gəlir. Bizim başqalarından fərqimiz budur. Biz də evimizdə ayağımızı ayağımız üstünə qoyub otururuq, yemək yeyirik və s. Mənim üçün əlçatmaz insanlar var idi. Hansılara ki, televiziyadan baxırdım. Hər zaman Zülfiyyə Xanbabayevaya qulaq asırdım. Bu gün isə onun yanındayam. Mənim üçün sənətkar anlamı Brilliant Dadaşovadır. Kiçik yaşlardan onunla görüşməyi arzulamışam. Bu gün o cür xanımı vizaj etmək nəsibim olub. Mən daima xəyallarla yaşayıram. Vaxt keçdikcə də həmin xəyallarım gərçək olur.Çalışaq mehriban olaq. Çünki hər yüksəlişin bir çöküşü var.  Biz də qocalacağıq və sənətimiz əlimizdən çıxacaq. Ona görə də insan olmaq, insan qalmaq lazımdır.

 

 

Söhbətləşdi : Türkan Məmmədli

Foto: Nurlan Gülməmmədov

Hazırladı: Teymur Məmmədov

PrimeTime.Az

Sizə maraqlı ola bilər