“Televiziyalar “proxodnoy dvor” olub” – Rasim Balayev – Müsahibə – Fotolar

10:00

27 Fevral

PrimeTime.Az-ın “Tet-a-Tet” rubrikasının budəfəki qonağı Azərbaycanın görkəmli sənətkarı, Azərbaycan kinosunun dəyərli kişi siması Rasim Balayevdır.

lady gaga

 

Ustad sənətkarla neçə vaxtdır görüşmək, dərdləşmək istəyirdim. Amma görüşümüz baş tutmurdu. Rasim müəllimin ailə qayğıları, xəstəxana ziyarətləri hər dəfə bu görüşün alınmasına mane olurdu.

Nəhayət, görkəmli  sənətkarla görüşmək şərəfinə nail oldum. İstəyimizi qırmadı. Şüvəlandan qalxıb, görüşümuzə gəldi.

İllər ötsə,  zahirən çox dəyişsə də, gözlərindəki ifadə eyni idi. Şair Nəsimi ilə üz-üzə əyləşmişdim. Rasim Balayevin baxışları hərdən Nəsimi kimi kövrək, hərdən isə Babək kimi sərt, qaynar olurdu.

Söhbətimizdə elə oldu. Kövrək, sərt, qayğılı və sənət həsrəti ilə …

– Rasim müəllim, sizinlə çoxdandır görüşmək istəyirdim. Amma alınmırdı.

– Elədir. Amma şəxsi problemlər çox oldu. Ona görə  görüşə bilmədik.

– Bilirəm, həyat yoldaşınız əməliyyat olunub. İndi səhhəti necədir?

– Dizindən əməliyyat olunub. Diz qapağına inplant yerləşdirilib. Hələ gəzə bilmir. Evdə bir-iki addım atır. İnşallah, yaxşı olar.

– Özünüz necəsiniz?

-Bu ölkə kimi. Son vaxtlar qəlbimdə paxıllıq hissləri oyanıb. Paxıllıq edirəm. Bilirsiniz kimə?

– Maraqlıdır, kimə?

– Bazar ertəsi “Space” də “Sevimli şou” deyilən bir veriliş var. Deyəsən, aparıcısı Mikayıl adlı oğlandır.

– Deyəsən. Mən baxmıram.

– Mən də elə hərdən baxıram. O verilişdə olanlara tamaşa edirəm. İlahi, bunlar nə qədər xoşbəxtdirlər. Necə qol götürüb, oynaya bilirlər. Elə şadyanalıq edirlər ki, sanki bu qədər torpağı biz itirməmişik. Yekə-yekə kişilər, qadınlar başını qaralayan müğənnilərə necə əl çalırlar, ay Allah… Adam dəhşətə gəlir. Onlara baxanda paxıllıq edirəm ki, kaş məndə belə olaydım. Dünyanın gediş-gəlişini çox dərk etməyəydim. Anlamamaq, nə böyük xoşbəxtlik imiş…

Allah, Cəlil Məmmədquluzadəyə rəhmət eləsin. Gözəl deyib. “Yaman olur, anlamaq dərdi”.

– Rasim müəllim, elə verilişlərə niyə baxırsınız? Baxıb, əsəblərinizi korlamağa dəyər?

– Daima baxmıram. Ötəri baxıram. Kanalı dəyişəndə görürəm və məəttəl qalıram. Əslində xəbərləri izləyirəm. Başqa verilişlərə baxmıram. Sizin verdiyiniz bu sualı həkim dostum da, məndən soruşub. Hərdən əsəbləşmək istəyirəm, onda baxıram (Gülür).

Allahın rizası ilə insana maddi və mənəvi olaraq nə lazımdırsa, hamısı məndə var.  Şükür Allahın bu gününə. Məni incidən sənətimdən ayrı düşməyimdir. Sənətimdən ayrı qaldım, depressiyaya düşdüm. Hər gün çəkilişdə olan adam, birdən passiv həyata başladım. Bizim idarəni bağladılar. Bunların hamısı mənə pis təsir elədi və sinir sistemimdə dəyişikliklər oldu. Bilirsiniz, elə sənət sahibləri var ki, müəyyən yaşdan sonra təqaüdə gedirlər. Amma aktyor sənəti təqaüdə göndərilə bilməz. Çünki hər yaşın öz rolu var. Vaxtilə cavan oğlanların obrazlarını yaratmışam. İndi isə yaşlı, ahıl insanların rollarını ifa edə bilərəm. Çox fikir edirəm ki, bu sənət niyə bu günə düşdü?

Sənəti bu kökə salanlar ekrandan elə sırtıq, xoşbəxt görünürlər. Onlar dərk etmirlər ki, nümayiş etdirdikləri sənət deyil. Boş hır-hır komediya deyil. Komediyaya baxıb, düşünməlisən. Düşünüb gülməyi və ibrət götürməyi bacarmalısan. Çox təəssüf edirəm ki, bəzi müğənnilər və dırnaqarası aktyorlar tamaşaçıların zövqünü korlayıblar. Bu səbəbdən insanlar ciddi şeylərə baxa bilmir. Çoxluq, mənasız hır-hır istəyir. Belə məsələlər mənə pis təsir edir. Ruhdan düşürəm.

– Rasim müəllim, konkret desək, neçə ildir kinoya çəkilmirsiniz?

–  Vallah, arada nəsə olub. Amma hamısı darıxmaqdan irəli gəlir. Kamera üçün darıxıram və bu səbəbdən istəməyərək, məcburi nəyəsə çəkilməyə razı oluram. Ötən il bir özəl filmə çəkildim.

– Hansı filmdir? Rejissoru kim idi?

– İnanırsınız, yadımda qalmayıb. Cavan uşaqlar idi.

– Obrazınız ürəyinizcə oldu?

– Öz yaşıdımı oynadım. Fuad Poladovla birlikdə çəkildik. Hər ikimiz məcburiyyətdən çəkilirik. Darıxırıq, neyləməli? Həm mənəvi, həm də maddi baxımdan.

– Heç olmasa normal qonorar ödədilər?

– Böyük mənada götürəndə normal deyil. Amma şəraiti nəzərə alsaq, o biri aktyorlara baxanda babat idi.

– Əziyyətinizə dəydi?

– Bilirsiniz, əziyyət nə vaxt olur? Mənim elə vaxtlarım  var idi, filmə çəkiləndə hirslənirdim, hətta çəkiliş vaxtı paltarımı da, çıxartmışam ki, gedirəm, çəkilmirəm. Amma sonradan həmin filmin yaxşı alındığını, əziyyətin hədər getmədiyini görəndə sevinmişəm. Peşman olmamışam. Amma indi çəkiləndə bilirsən ki, bunun sonrası olmayacaq. Bir dəfə nümayiş olunub, kənara atılacaq, unudulacaq, tarixdə qalmayacaq. Adamı darıxdıran, ağrıdan odur.

– Elə filmlərimiz çox olub?

– Son illər çəkilən filmlərin hamısı elədir. Yəni, bir-iki dəfə nümayiş olunur, sonradan rəflərdə atılıb,qalır. “Prokat” yoxdur. Ona görə. Əvvəllər ən zəif filmimiz də kinoteatrlarda nümayiş edilirdi. Camaat gedib, baxırdı. SSRİ boyda “prokat” var idi. Hətta ən zəif sayılan film, qoyduğu xərci artıqlaması ilə çıxarırdı. Bu gün o yoxdur. Əvəzində isə 30-40 min pul qoyub söyüşlə, hır-hırla dolu film çəkirlər və o filmlərə də, gedib baxırlar.

– Tələbat var…

– Bəli, tamaşaçısı var. Həmin filmlər sənət əsəri deyil, tarixdə qalmayacaq. Amma tamaşaçının zövqünü korlayır. Məsələn, bir zamanlar çəkilən köhnə filmlərə baxanda nə qədər zövq alırıq. İndi hanı elə filmlər? Qəribədir,  əvvəllər yazıçılar, şairlər ssenari yazmaq istəyirdilər. Ssenari həm də gəlir gətirirdi. Rəhmətlik Fərman Kərimzadə ilə həm qonşu, həm də dost olmuşam. Fərman “Axırıncı aşırım” filminin ssenarisinə görə 7-8 min pul almışdı. Sonra isə film SSRİ-də I-ci kateqoriya qazandı və Fərman Kərimzadəyə əlavə 21 min pul verildi. Ssenari müəllifinə üçqat artıq qonorar, aktyorlara isə daha az pul verirdilər.

– “Babək” filminə görə sizə də yaxşı qonorar verilib…

– “Babək” filmini SSRİ-də 30 milyondan çox tamaşaçı izlədiyinə görə, mənə 1000 manat mükafat göndərmişdilər. Bəlkə də daha çox tamaşaçı izləmişdi. Amma rəsmi 30 milyon adam bilet alıb, “Babək”ə tamaşa etmişdi.

– 30 milyon çox böyük rəqəmdir…

– Əlbəttə. Rusiyanın elə ucqar nöqtələrindən məktublar alırdım ki, özümə qəribə gəlirdi.

– O məktubları neçə il saxladınız?

– SSRİ dağılana qədər. Bəziləri indi də qalır. Sizə bir hadisəni danışım. On il əvvəl, Arxangelskdə Rusiya Filmləri Festivalı idi.  Məni də münsiflər heyətinin üzvü kimi dəvət etmişdilər. Bir gün şəhərdə gedirdim. Küçədə yanında qızı olan ortayaşlı qadın məni saxladı və  soruşdu: “Siz aktyor deyilsiniz?” Dedim, “Aktyoram, amma keçmiş”.

Rus qadını dedi ki, “Mən ciddi deyirəm. Siz “Nəsimi” filmində baş rolu ifa etmisiniz.”

İnanırsınız, çaşıb qaldım. Nəsimi mənim kinoda ilk rolumdur. 1973-cü ildə çəkilib. 2007-ci ildə uzaq Rusiyada mənə bu sualı ünvanladılar. Qadından soruşdum ki, “Film yadınızda qalıb?”. Dedi ki, “Filmə dərsdən qaçıb, gedib baxırdıq. Sizə məktublar yazıb, göndərmişik. Yəqin çatmayıb?”. Qadına məni necə tanıdınız? sualını verdim. Cavabı belə oldu: “Gözlərinizdən tanıdım.”

-Gözləriniz dəyişməyib. Yenə də Nəsimi kimi baxırsınız…

– Vyaçeslav Tixonov da məni gözlərimdən tanımışdı.

– “Nəsimi”filmində sizi Tixonov səsləndirib. Səsiniz, yaraşığınız da, bənzərdi. Tanışlığınız necə olub?

Vyaçeslav Tixonov böyük aktyor olmaqla yanaşı, çox istedadlı, kübar, alicənab, mədəni, tərbiyəli  insan idi. Onu elə sevirdilər ki, qadınların əlindən küçəyə çıxa bilmirdi. İmkan vermirdilər bir addım atsın.

1991-ci ildə Yaltada filmə çəkilirdim. Bir dəfə yaşadığım otelin restoranında şam yeməyi zamanı Tixonov bir kişi,  iki xanımla məkana daxil oldu. Uzaqda oturmuşdum və təbii ki, Tixonov məni  tanımırdı. Ofisiantı çağırıb, onların stoluna araq, konyak və şampan göndərdim.  Amma tapşırdım ki, kimin qonaq etdiyini deməsin. Özüm də kənardan baxıram. O tərəf bu tərəfə nəzər saldılar, gördüm narahat olub. Ofisiant gəlib dedi ki, “Xahiş edirəm, onlara yaxınlaşın, çox narahatdılar”. Mən yaxınlaşdım. Tixonov təşəkkürünü bildirdi və diqqətlə üzümə baxdı. “Mən sizi haradan tanıyıram. Əvvəl sizinlə görüşmüşük?”. Aktyor olduğumu demədim. Tixonova böyük hörmətimi və sevgimi bildirdim. O isə əl çəkmədi və diqqətlə gözlərimə baxdı. “Bu gözlər mənə çox tanışdır”.

Gördüm, çox əziyyət çəksə də, yadına sala bilmir. “Nəsimi” filminin adını çəkdim. Ayağa durdu, məni qucaqladı. Yanındakılara dedi ki, bu aktyorun ilk filmini mən səsləndirmişəm. Hətta o zamanlar vaxtım yox idi, amma filmin rejissoru xahiş edib, dedi ki, “heç olmasa filmə baxın”.

Filmin bir neçə kadrlarına baxandan sonra şair Nəsimini səsləndirdim. Ekranda istedadlı,  cavan aktyoru gördüm və inanmadım ki, bu obraz onun kinoda ilk roludur.

-Gözəl xatirədir. Daha Rusiyada filmlərə çəkilmirsiniz. Onlar da dəvət eləmir?

– Bir dəfə Rusiyada özbək serialına çəkilirdim. Rusiyada bir rejissor var. Royzman.

– “Dronqo” filmini çəkən…

– Bəli. Həmin Royzman məni, Fəxrəddin Manafovu, Həmidə Ömərovanı yaxşı tanıyır. Onun filmlərində çəkilmişik. Bir dəfə Fəxrəddin ondan soruşub ki, “Bu qədər film çəkirsən. Niyə bizi filmlərinə dəvət etmirsən?”. Zinovi Royzman erməni prodüserlərdən asılı olduğu üçün Bakıdan aktyor dəvət etmədiyini deyib. Bildirib ki, çəkdiyim serialların prodüserləri ermənilər olur. Onlar isə Bakıdan aktyor çağırmağa icazə vermir. Qəribə zamandır. Sovet dövründə rejissora göstəriş vermək olardı? Kim deyə bilərdi ki, onu çək və ya çəkmə?

– Mümkün deyildi?

– Rejissor özü seçirdi. Bədii Şura təsdiq edirdi. Bir rolu ifa etmək üçün neçə aktyor dəvət olunurdu. Sonda obraza ən çox uyğun gələn aktyoru çəkirdilər.

– Sizə qarşı belə haqsızlıq olmayıb?

– Mənə qarşı olmayıb. Amma bir dəfə “Dədə Qorqud” filmində belə hadisə yaşanıb. Rejissor Beyrək roluna Nodar Şaşıqoğlunu çəkmək istəyirdi.

– Tofiq Tağızadənin sevimli aktyoru olub…

– Elədir. Bütün filmlərində onu çəkib. “Dədə Qorqud” filmində yenə çəkmək istəyirdi. Amma Bədii Şura məni təsdiq etdi. Tofiq Tağızadə 20 nəfərə qarşı gedə bilmədi.

– Sonralar sizi  çəkdiyinə görə peşman olmadı?

– Yox. Peşman eləmədim. Amma onun cəmi bir filmində çəkildim. Nəsə xasiyyətimiz tutmadı. Bilirsiniz, filmin müəllifi rejissordur. Rejissorla aktyor dil tapa bilsə, qarşılıqlı inam, etibar yaransa, ortaya keyfiyyətli iş çıxacaq. Son sözü rejissor deyir. Amma rejissor aktyora meydan verəndə, bu daha gözəl olur.

– Sizə meydan yaradan, sərbəstlik verən rejissorlar çox olub?

– Olub. Amma o zamanlar indiki kimi deyildi. Sovet dövründə filmləri lentə çəkirdilər. Ona görə də artıq dubl etmək istəmirdilər. Əlavə dubl artıq xərc idi. Amma rejissorla həmfikir olanda aktyor sərbəstlik qazanır.

– Teatrda bu daha rahatdır. Kinoda çərçivəni aşmaq çətin olur.

– Teatrda əlbəttə rahatdır. Rejissor sənə nə edəcək? Məşqi belə etmisən, tamaşada istədiyini elə. Amma kino fərqlidir.

– Rasim müəllim, filmlərdə əlavələriniz çox olub?

– Deməzdim çox olub. Amma fikirlərimi rejissora deyə bilmişəm.

– Ən çox hansı rejissora fikrinizi deyə bilmisiniz?

– Həsən Seyidbəyli ilə belə söhbət olub. Rasim Ocaqov, Arif Babayev və s. Bilirsiniz, biz başqa nəslin nümayəndələriydik. Bizlər Rəşid Behbudov, Şövkət Ələkbərova, Sara Qədimovanın səsi ilə böyüdük, şöhrətli aktyorları, böyük rejissorları gördük. Amma bu gün necədir? Bir zamanlar bir narazıydıq ki, senzura var. Amma indi deyirəm ki, kaş senzura olaydı. Senzura olmasa mümkün deyil. Bu gün dəyərsizin biri efirə çıxıb deyir ki, mahnının sözləri, musiqisi özümündür. Özüm də oxuyuram. Əvvəllər belə şeylər etmək mümkün deyildi. Mən ilk dəfə efirə çıxanda bütün tərcümeyi-halımı öyrənib, sonra ekrana buraxmışdılar. O vaxtlar ekranda görünən, danışan adam nümunə sayılırdı. Hamı bilirdi ki, ona qulaq asmaq lazımdır. Çünki hər adamı efirə buraxmazdılar. İstər həkim olsun, istər alim və ya sənət adamı. Amma indi televiziya “proxodnoy dvor” olub. Kim gəlir, buraxırlar ora. Hərdən hirslənmək üçün televiziyaya baxıram və görürəm ki…

– Siz niyə tez-tez hirslənmək istəyirsiniz?

– ( Gülür) Nə bilim, hərdən hirslənmək istəyirəm və buna ən tez şərait yaradan televiziyalardır. Deməli, baxıram və görürəm ki, Azərbaycan musiqisini yaman günə qoyan bir adam çıxıb, deyir ki, “Allah musiqimizi pis günə qoyanların bəlasını versin”.

Mən özünə qarğış edən adama ilk dəfə rast gəldim. Musiqini pis günə qoyan adam elə özüdür, amma başqasına qarğış edir.

– Rasim müəllim, adını deməzsiniz?

– Yox, adını demirəm.

– Kişidir yoxsa qadın?

– Kişidir. Daha doğrusu kişi demək olar.

– Deməli, efirə baxıb hirslənirsiniz. Onda baxmayın.

– Hirslənmək üçün baxıram (Gülür). Nə vaxt baxıram, başını qaralayan müğənniləri görürəm. Bir dəfə də dedim ki, “Kim oxuya bilmirsə, başını qaralıyır”. Baxın, Arif Babayev, Alim Qasımov, Əlibaba Məmmədov, Süleyman Abdullayev bunlar sənətkarlardır. Görün onlar saçlarını qaraldar?  Balam, adam yaşlananda saçı ağarar. Bu Allahın yazdığı, insana bəxş etdiyi nemətdir. Hərdən səhər tezdən televizoru  yandıranda görürəm ki, bir dəstə müğənnilər verilişə çıxıb. Sıra ilə düzülüblər, hamısının da başı qaralı. Ay Allah, bunlar nə qədər “kraska” alır? Respublikada “kraska” qalmadı. Hamısı bunların başındadır. Sifətlərinə baxırsan, qırış-qırış, amma başları qap-qara. Axı, belə edəndə nə olur?

Bir dəfə acığım gələn birinə dedim ki, “Sən saçını niyə qaralıyırsan?”  Cavab verdi ki, “Mən səhnə adamıyam”

Dedim bəs biz kimik? Səhnə adamı deyilik? Bizim başımız niyə qaralı deyil? Olmaz, vallah belə olmaz. Allah istəsə, bu saçı ağartmaz. Elə qara qalar. Deməli, məsləhət belədir ki, müəyyən yaşdan sonra saç ağarmalıdır. Hər şeyin öz vaxtı, vədəsi var. Nəinki zahiri dəyişikliklər, hətta sənətdən də, vaxtında getmək, hörmətlə uzaqlaşmaq lazımdır. Bir haşiyə çıxım…

Günlərin birində qüdrətli sənətkarımız Əli Zeynalov teatrdan getdi. O zamanlar dublyaja gəlirdi və tez-tez yanaşı dayanıb filmləri səsləndirirdik. Mən ondan soruşdum ki,  “Əli müəllim, teatrdan niyə getdiniz?” Cavabında dedi : “Rasim, mən o səhnədə Antoni, Həsənzadə və s. kimi rollar oynamışam. İndi, qapıçı rolu oynaya bilmərəm.”

Belə sənətkarlar olub. Əli Zeynalov sonralar xəstələndi və onu  görən olmasın deyə Salyana getdi. Bakıdan uzaqlaşdı. Leyla Bədirbəyli də eyni taleyi yaşadı. Başına faciələr gəldi. Kino İttifaqda çalışanda neçə dəfə zəng etdim.  Hər dəfə telefonu evdə çalışan xanım götürürdü və Leyla xanımın danışmaq istəmədiyini deyirdi. Leyla xanım yoldaşından və qızından sonra saçını rəngləmədi, makiyaj etmədi və heç kimlə görüşmədi. Amma hamının yaddaşında gözəl, təravətli qaldı. Böyük sənətkarların uzaqlaşmağı belə olur.

-Çəkdiyiniz bu məsəlin sizə aidiyyatı nədir? Sizdə sakitcə uzaqlaşmaq istəyirsiniz?

-Sakit uzaqlaşmağa qoyursunuz ki? ( Gülür). Yox, mən hələ uzaqlaşmıram. Amma yaxın vaxtlarda möhtəşəm film, ekran əsərinin  çəkiləcəyinə də ümidim yoxdur. Hərdən düşünürəm ki, dünyanın səhnə, insanların aktyor olduğunu deyiblər. Belə olan halda mən özümü niyə dağa-daşa vururam. Biz rolumuzu oynadıq. İndi növbə gələn nəsillərindir. Mən bu fikirlə barışmaq istəyirəm, daha doğrusu barışmaq məcburiyyətindəyəm.

Rasim müəllim, kinodan, teatrdan, aktyorlardan danışdınız. İlk dəfə “İblis” tamaşasında Arif obrazında  Akademik Milli Dram Teatrının  səhnəsində çıxış etmisiniz. Uzun illərdən sonra “Aydın” da Dövlət bəyi ifa etdiniz. Amma teatrda qalmadınız. Peşman deyilsiniz?

– Mən bunu həmişə demişəm. Normal aktyor teatrda çalışıb, vaxtaşırı filmə çəkilməlidir. Teatr aktyoru formada saxlayır. Amma baxır hansı teatrda çalışırsan. Teatrda rejissor olmalıdır, yaxşı repertuar, əsər olmalıdır.

– Sizi teatra dəvət edəndə, sadaladıqlarınız var idi. Yaxşı rejissor, əsər. Bəs niyə qalmadınız?

– Məni görkəmli rejissor Mehdi Məmmədov teatra dəvət etmişdi. Elədir. Amma anladım ki, qala bilmərəm. Açığı, teatrın ab-havası xoşuma gəlmədi.  Həm də aktyoru duyan rejissor olmalıdır. Bir dəfə rəhmətlik Vaqif İbrahimoğlu ilə bir tamaşa üzərində işlədik. Düzdür, həmin tamaşanı sonradan oynamadıq. Amma iş prosesində hər ikimiz biri-birimizi duyduq. Həm teatrda, həm də kinoda əsas insan rejissordur. Ona görə də bir zamanlar teatrlar rejissorların adı ilə tanınırdı. Bu gün o məktəb yoxdur. İndiki aktyorlar 40 il əvvəl səhnədə olduqları kimi fəaliyyət göstərə bilməzlər. Tələblər dəyişib. Bu günün aktyoru həyatın özü qədər real olmalıdır. Tamaşaçı ona baxanda vəziyyətə inanmalıdır. Sonra deyirlər ki, tamaşaçı teatra gəlmir. Gəlməz də. O danışıq tərzinə baxan tamaşaçı teatra getməyəcək. Bu gün əksər aktyorlar var ki, qışqırmaqla məşğuldur. Teatrda sözsüz pauzaları oynayan aktyorlar azalıb.

-Sizin “Aydın”da olan pauzalarınız yadımdadır. Xüsusilə Gültəkinin yanına gəldiyiniz səhnələrdə…

– Mənim ən böyük pauzalarım “Sən həmişə mənimləsən” televiziya tamaşasında olub. Rejissor Gülcahan Güləhmədova-Martınova mənə deyirdi ki, “Rasim, mənə mətn lazım deyil. Sən düşün. Sadəcə, gözlərinlə oyna”. Ona görə də həmin tamaşada hay-küy yoxdur. Bilirsiniz, teatr və kino tamaşaçını arxasınca aparmalıdır. Tamaşaçının arxasınca getməməlidir. İndi əksinə olub. Mənim düşüncəm belədir. Kimlərsə, irad tuta bilər. Amma fakt budur.

-Deməli, Rasim Balayevin bəyəndiyi, onun sənət tələblərinə cavab verən, onu razı salan  teatr yoxdur?

– Demək olar yoxdur. Son illər bir neçə tamaşalara gedib baxmışam.

– “Şah Qacar”a baxmışdınız?

– Təəssüf ki, baxa bilmədim. Amma yaxşı sorağını aldım. O zamanlar xəstə oldum, gedə bilmədim. Fuad Poladovun Qacarına tamaşa etmək istəyərdim. Fuad dərin aktyordur. Aktyora nə lazımdırsa, hamısı Fuad Poladovda var. Çox obyektiv insandır. Amma bir gül ilə bahar olmur.

–  Azərpaşa Nemətlə münasibətiniz necədir?

– Çox yaxşı. Azərpaşa yaxşı rejissordur. Bir yerdə oxumuşuq. Amma tək rejissorla iş bitmir. Yaxşı material, əsər olmalıdır.

– Sizi dəvət etsə, Akademik Milli Dram Teatrına gedərsiniz?

– Vallah, belə dəvət olmayıb. Amma olsa, əsər məni düşündürsə, bəlkə də gedərəm.

– Teatr səhnəsində hansı rolu oynamaq ürəyinizdən keçib? 

– Cavanlıqda Romeo oynamaq istəyirdim. Sonra Qacarı oynamaq ürəyimdən keçib.  Özü də Qacarı bizə nümayiş edilən qaniçən kimi yox, insan kimi onun faciəsini oynamaq istəmişəm. Bir də “Otello”da Yaqo oynamaq ürəyimdən keçib.

– Otello yox, məhz Yaqo?

– Bəli, Yaqonu oynamaq istəyərdim. Amma daha keçdi. İllər ötüb. İndi ürəyimdə olan elə bir rol yoxdur.

-Rasim müəllim,  2018-ci ildə 70 yaşınız tamam olur. Sağlıq olsun, yubileyinizi necə qeyd etməyi düşünürsünüz?

– Allah can sağlığı versin. Qismət olsa, dostlarım, doğmalarımla birlikdə keçirəcəm.  Xüsusi təmtəraq  gözləmirəm və etməyi də sevmirəm. 60 illik yubileyimi Ağsuda qeyd etdik. 65 yaşım tamam olanda dostlarımla birlikdə yığışdıq.

– Dövlət səviyyəsində qeyd olunmadı?

– Yox. Amma eləsələr də, eləməsələr də, sağ olsunlar. Heç lazım deyil.

– İnşallah, 70 illik yubileyi qeyd edərlər.

– Özləri bilər. Mənə ən böyük təltifləri, mükafatları Heydər Əliyev zamanında verib.Bundan sonra ən böyük mükafatım yaxşı obraz ola bilər. Kinoda maraqlı, ürəyim istəyən obraz yaratsam, bu mənə ən böyük hədiyyədir.

– İki oğlunuz var?

– Hə, iki oğlum, iki qız nəvəm var.  Şükür Allaha onlar sarıdan nigaran deyiləm. Ailələri, ev-eşikləri var. Allahdan bir arzu diləyirəm.

– Can sağlığı?

– Hə. Yaş ötdükcə, sağlamlıq azaldıqca tək dilək bu olur. Gecə-gündüz Allaha yalvarıram ki, “Məni sən yaratmısan. Şükürlər olsun. Nə qazanmışamsa, sənin böyüklüyün sayəsində olub. Görkəmimi də, sən vermisən. Mənə gözəl ölüm bəxş elə”.

– Allah gecindən versin. Elə deməyin.

-Yox, həyatın qanunu, ömrün sonu budur. Allah yatağa salmasın. İnsanın ətrafını və özünü bezdirən xəstəlik verməsin. Heç kəsi incitmək, darıxdırmaq istəmirəm. Ən gözəl ölüm- yatıb qalxmamaqdır. Allah ölümün də gözəlini, şərəflisini bəxş eləsin. Mən bu dəqiqə ölmək istəmirəm. Bunlar ürəyimdən gələn sözlərimdir. Ən doğrusunu Allah bilir.

– Müqəddəs kitabımız olan “Qurani-Kərim”i ana dilində siz səsləndirmisiniz…

– Özü də sevə-sevə səsləndirmişəm. Avtomobilimdə hər zaman o diskə qulaq asıram. Orada Məkkəli vaizin səsi var. Quranın ərəbcə səsləndirilməsi, sonra isə mənim tərcüməm gəlir. Hara gedirəm, dinləyirəm. Əsəblərim sakitləşir, mənə müsbət təsir edir.

– Sizi sevən dostlarınız çoxdur. Bildiyimə görə, onlarla da az-az görüşürsünüz…

– Həqiqətən yaxşı dostlarım var. Allah mənə gözəl dostlar qismət edib. Ara-sıra görüşürəm. Amma Şüvəlanda yaşayıram. Tez-tez şəhərə gələ bilmirəm. Həm də tünlük olan məclisləri sevmirəm. Yoruluram. Ona görə də az-az görünürəm.

Ülviyyə Həsənqızı

Foto: Rahib Hacıyev

Sizə maraqlı ola bilər