“10 yaşına çatmamış uşaqların sidiyini için” deyən xalq artistimizə CAVAB

13:08

10 İyul

lady gaga

Ötən gün Xalq artisti Flora Kərimovanın müsahibələrinin birində sidiklə müalicə üsulundan istifadə etdiyi ilə bağlı məlumat vermişdik. Xalq artisti urinoterapiyadan (sidiklə müalicə) bəhs edərək hətta 10 yaşadək olan uşaqların sidiyini içməyi məsləhət görmüşdü.

 

“Urinoterapiya bağırsaqları təmizləyir. Bütün xəstəliklər bağırsaqlardan gəlir. Həkimlər niyə bunun əleyhinədir? Qorxudurlar? Çünki urinoterapiyanın yolu ilə gedəndə adamlar hansısa mənfi fəsadla rastlaşır. Bədəni səpir və s. O saat qorxurlar, deyirlər olmaz, urinoterapiya bədənini zəhərlədi. Yox. Onu düzgün istifadə etmək lazımdır. O haqda məndən soruşurlar. Artıq 20 ildir nəticəsini bilirəm. Yəni, 78 yaşıma çatmağımda bu terapiyanın rolu var. Övladlarıma da bunu edirəm”, – deyə Flora Kərimova açıqlamasında bildirmişdi.

 

Məhz bundan sonra bu metodla maraqlananların sayında artım müşahidə edilib. Məsələ sosial şəbəkələrdə ciddi səs-küyə səbəb olub.

 

 

Tanınmış pediatr Vaqif Qarayev Primetime.az-a bildirib ki, Xalq artistinin açıqlamasından sonra əksəriyyət bu metoddan istifadə etmək istəyir:

 

“Xalq artisti urinoterapiyanın (sidiklə müalicə) hesabına cavan qaldığını iddia edib. Bundan sonra insanlardan çoxlu suallar gəlir. Lakin bildirməliyəm ki, sübutlu təbabətdə belə bir şey yoxdur! Başqa heç nə demək istəmirəm”.

 

Tibb üzrə ekspert Adil Qeybulla isə saytımıza açıqlamasında bildirib ki, adı çəkilən maddə ( sidik) bədəndən xaric olunur:

 

“Və bu cür maddənin bədəndə hər hansı müalicəvi təsir göstərməsi real bir şey deyil. Bu, yalnız mistikadır. Düzdür, insanlar zaman-zaman bundan istifadə ediblər. Urinoterapiya haqqında kitablar da var. Amma bunların heç biri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müalicə vasitəsi kimi qəbul olunmayıb. Hətta bu, böyük elmi əsası olan türk təbabətində də müalicə vasitəsi deyil. Sadəcə olaraq soda, hidrogen peroksid və s. kimi çoxsaylı müalicə üsulları mövcuddur. Ancaq bunların heç bir elmi əsası yoxdur”.

 

Müsahibimizin sözlərinə görə, təbabətdə elə bir maddə yoxdur ki, hər şeyi müalicə etsin:

 

“Digər tərəfdən bədəndən xaric olunan maddələr – tər, sidik, nəcis və s. – bunların müalicəvi önəmi yoxdur. Həmçinin yadda saxlamaq lazımdır ki, xaric olmuş sidik infeksiya mənbəyi də ola bilər. Əgər böyrəklərdə hansısa iltihabi proses varsa,  o, tərkibində ola bilər. Hər hansı elmi əsas görmürəm”.

 

Günay Rəsulqızı

Sizə maraqlı ola bilər