“Xənnas”ın rejissoru “Güc sahibi” haqda: “Çox gülməli və qeyri-peşəkar…”

16:21

14 Mart

lady gaga

Xəbər verdiymiz kimi, ötən gün Azırbaycanın ilk mistik filmi şüarı altında “Güc sahibi” ekran işinin qala gecəsi baş tutub.

Ötən il “Xənnas” filmini təqdim edən və yetəri qədər səs-küy yaradan rejissor Elvin Abdulla təqdim olunan filmin PR işi və şüarı ilə razılaşmayıb:

“Güc sahibi” filmini ərsəyə gətirənləri təbrik edirəm. Amma faktiki olaraq bir il bundan öncə Azərbaycanın ilk mistik filmi adı altında iş təqdim etmişik. Şükürlər olsun ki, yetəri qədər də uğurlu ekran işi oldu. “Xənnas”ın PR işinə 40 min manata yaxın vəsait xərcləmişdik. Təkcə sosial şəbəkələr üçün 3500 dollar ayırmışdıq. Bu məbləğlə insanlara bunun ilk qorxu filmi olduğunu aşılamışdıq. Yəni bizim reklamı bunun üzərində etmişdik. Amma bizdən 1 il sonra kimsə çıxıb deyir ki, mən 2015-də bir film çəkmişdim sadəcə hansısa səbəblərə görə saxlamışdım. Bu çox gülməli və qeyri-peşəkar səslənir.Eyni zamanda da heç bir məntiqə sığmır.

Hər bir layihə üçün yaxşı düşünülsə və yaradıcı beyinlər olsa insanı qarmağa keçirtmək üçün çox üsullar var.

Bəli onların filmi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ilk mistik film kimi qəbul olunub. Lakin təqdimatı da nəzərə almaq lazımdır”.

Rejissor “Xənnas 2” barədə də danışıb:

“Əvvəl belə fikrimiz yox idi. Amma bu yaxınlarda düşündük ki, mütləq “Xənnas 2”ni təqdim etməliyik. Çünki birinci hissə yetəri qədər səs-küy salmağı bacardı.

Onu da deyim ki, 30 ildən artıqdır ki, Türkiyə kino sənayesinin nəhəngi sayılan “Avşar Film”in direktoru Murat Çiçek “Xənnas”a baxdı və bildirdi ki, bizim ekran işi Türkiyədə çəkilən 10 qorxu filminin 7-dən yaxşıdır.

İşimizin müsbət və bir neçə mənfi tərəflərini sadaladı. Həmin neqativ halları təbii ki, büdcəyə bağlayıram”.

Elvin Abdulla hazırda daha çox komediya filmlərinin çəkilməsinin səbəblərini də açıqlayıb:

“Film sferası hazırda daha çox biznesi xatırladır. İnvestorlar müəyyən vəsaiti xərcləyib qarşılığını almaq istəyirlər. Araşdırmalar göstərir ki, komediyadan başqa digər janrların kassa yığması çətin məsələdir. Bu riskə isə heç kim getmək istəmir.

Qeyd etdiyim riski biz etdik və 140 min manat xərclədik.Lakin ekran işi həmin vəsaiti geri qaytarmadı. Buna bir neçə səbəb var. Birincisi tamaşaçı Azərbaycanın ciddi mistik triller çəkə biləcəyinə inanmırdı. Həm digər filmlərin uğursuz olması öz təsirini göstərdi.

Əsas nüanslardan biri isə bizimlə eyni gündə “Recep İvedik 4” filminin nümayişi oldu. Təbii ki, tamaşaçı Azərbaycan üçün yeni olan “Xənnas”a deyil, bundan öncə 3 hissəsini izlədiyi və sevdiyi obraza baxmaq istədi”.

E.Abdulla, hazırkı film bazarında onu qane etməyən cəhətlərdən də söz açıb:

“Məni qane edən və etməyənlər var. Amma hər bir halda bu qədər filmin çəkilməsi insanı sevindirir. Lakin bir məsələ var ki, investorlar işini bilənə pul xərcləmək istəmir.

Misal üçün “GülƏhməd” filmini cəmi 6 dəqiqə izlədim və zalı ilk mən tərk etdim. Çünki filmin yaradıcı heyəti ekrandan tamaşaçını təhqir edirdi.

Sadəcə rejissorun türkiyəli Metin Yücel olduğunu bilib vəsait ayırdılar. Düşündülər ki, rejissor xaricdən gəlibsə yaxşı film çəkəcək.

Onu da deyim ki, M.Yücellə heç bir intriqam yoxdur”.

Rejissor aktrisaların qonorarlarının verilməməsini belə izah edib:

“Bu hadisələrin hamısı qarşılıqlı razılaşma ilə baş verir. Adətən film istehsalçılarının əlində az pul olur və aktrisaya deyirlər ki, mən sənə 2 min manat ödəyirəm, amma kassa yığılsa 10 min verəcəyəm.

İstənilən vəsait yığılmayanda təbii ki, aktrisaya ödəniş etmək mümkün olmur. Sonra da çıxıb deyirlər ki, mənim ödənişimi etmədi”.

Teymur Məmmədov

Sizə maraqlı ola bilər