Avtobus qəzasında xəsarət alanlardan 8 nəfər evə buraxıldı – YENİLƏNDİ

23:00

7 Dekabr

lady gaga

Bakının Xocahəsən qəsəbəsində 119 saylı xətt marşrutu üzrə hərəkətdə olan avtobusun aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 7 nəfərdən 6-sı evə buraxılıb.

 

Primetime.az xəbər verir ki, bu barədə mərkəzdən Trend-ə məlumat verilib. Bildirilib ki, xəstəxanaya yerləşdirilən yaralılardan 6 nəfərin vəziyyəti yüngül olduğundan onlar tjbbi yardım göstəriləndən sonra öz xahişləri ilə ambulator müalicəyə buraxılıb: “Yaralılardan 1 nəfər qadın, 1951-ci il təvəllüdlü Hüseynova Mehriban Tağı qızının isə vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. O, hadisə zamanı ağır kəllə-beyin travması alıb”.

 

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Bakı-Xırdalan marşrutu ilə hərəkət edən avtobusun qarşısına qəfil minik avtomobilinin çıxması qəza baş verməsinə səbəb olub: “Bir qədər əvvəl Bakı-Sumqayıt yolunda, 20 Yanvar dairəsi istiqamətində 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “10-TG-174″ dövlət qeydiyyat nişanlı avtobus qəzaya uğrayıb. Hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agnetliyinin əməkdaşları hadisə yerinə yollanıb. İlkin araşdırmalar nəticəsində və şahidlərin bildirdiyinə görə hadisə minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması səbəbindən baş verib. Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq”.

 

***

 

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut avtobus aşıb.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb olunub.

 

Qəza zamanı 3-ü qadın, 6-sı isə kişi olmaqla 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan 2 nəfər Respublika Klinik Xəstəxanasına, 7-si isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan 63 yaşlı qadının vəziyyəti ağırdır, digərlərinin vəziyyəti qənaətbəxşdir.

 

Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Sizə maraqlı ola bilər