Burada sizin reklamınız ola bilər

SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olundu
03 Dekabr 2019 , 15:40

SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olundu


Bu gün “SOCAR-Tower”də Neftin, qazın nəqli və qaz təsərrüfatı üzrə vitse-prezident Rəhman Qurbanovun təqaüdə yola salınması və Daşqın İsgəndərovun yeni vitse-prezident vəzifəsinə təyin olunması ilə bağlı mərasim keçirilib.

 

Primetime.az xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, Rəhman Qurbanov Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb və bu uzun illər neft sənayesində çalışmış təcrübəli neftçinin əməyinin yüksək qiymətləndirilməsindən xəbər verir. Rəhman Qurbanovla birgə çalışdığı illərdə onu daim öz sənətinə sədaqətli bir mühəndis, son dərəcə məsuliyyətli bir rəhbər işçi kimi tanıdığını qeyd edən SOCAR prezidenti bütün neftçilər ailəsi adından ona dərin təşəkkürünü bildirib və gələcək həyatında uğurlar arzulayıb. Sonra SOCAR prezidenti yeni təyin olunmuş vitse-prezident Daşqın İsgəndərovu kollektivə təqdim edib.

 

Rövnəq Abdullayev SOCAR-ın qarşısında yaxın perspektivdə duran yeni vəzifələr, maliyyə və əməliyyat dayanıqlığının təmin edilməsi zərurətindən bəhs edib, TANAP kimi uğurlu layihənin reallaşmasında əldə edilən müvəffəqiyyətlərin davamlı olması üçün bütün güc və resursların səfərbər olunmasının zərurətini vurğulayıb.

 

Rəhman Qurbanov çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevə onun əməyinə verdiyi yüksək dəyərə görə minnətdarlığını bildirib. O, eyni zamanda SOCAR rəhbərliyinə və yeni təyin olunmuş vitse-prezident Daşqın İsgəndərova işlərində nailiyyətlər arzulayıb.

 

Qeyd edək ki, Daşqın İsgəndərov ali təhsilini başa vurduqdan sonra “28 may” NQÇİ-də əmək fəaliyyətinə başlayıb, 1999-2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və “BP Eksploreyşn LTD” şirkətində texniki istehsalat üzrə supervayzer vəzifəsində işləyib. 2007-ci ildə “28 May” NQÇİ-nin rəisinin birinci müavini, 2008-ci ildən “Azneft” İB-nin Baş mühəndisi - baş direktorun birinci müavini, 2011-ci ildən İstehsalat Birliyinin Baş direktoru vəzifələrində çalışıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR