Burada sizin reklamınız ola bilər

Azərbaycan şahmatçıları “İpək Yolu Kuboku”nda iştirak edəcəklər
21 May 2020 , 10:29

Azərbaycan şahmatçıları “İpək Yolu Kuboku”nda iştirak edəcəklər


Gənclər və İdman nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF), Gürcüstan Şahmat Federasiyası (GŞF) eləcə də SOCAR-ın təşkilatçılığıyla internet üzərində blits şahmat üzrə beynəlxalq turnir keçiriləcək.

 

AÇF-dən Primetime.az-a verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsüylə 26 - 28 mayda Azərbaycanda “Respublika Günü”, Gürcüstanda isə “Müstəqillik Günü”nə həsr edilən “İpək Yolu Kuboku” uğrunda yarış təşkil ediləcək.

 

Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan və Gürcüstanda bayram günlərində iki ölkə arasında idman əlaqələrinin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının saxlanılması eləcə də şahmatın təbliği ilə bağlıdır.

 

Yarış playchess.com virtual oyun platformasında keçiriləcək. Turnirdə ümumilikdə 50 iştirakçı olacaq. “İpək Yolu Kuboku”nda AŞF və GŞF tərəfindən FİDE əmsalına görə (01.05.2020 tarixinə) kişilərdə ilk 12, qadınlarda ilk 8 şahmatçı və 16 yaşa qədər gənclər arasında (01.01.2020 tarixinə 16 yaşı tamam olmamış) ilk 3 şahmatçı mübarizə aparacaq. Federasiyalar yarışa “wild card” ilə 2 şahmatçı dəvət etmək hüququna malikdir.

 

Yarışın ümumi mükafat fondu 20 min avro təşkil edir. Turnirdə mübarizə aparacaq bütün şahmatçılar göstərdikləri nəticəyə müvafiq olaraq pul mükafatı qazanacaq. İsveçrə sistemi üzrə təşkil olunacaq yarış 15 turdan ibarət olacaq.

 

Nəzarət vaxtı hər bir şahmatçıya oyunun sonuna qədər 3 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olmaqla müəyyən edilir. 1 - 7 turlar mayın 26-da saat 15:00-da, 8-15 turlar mayın 28-də 18:00-da başlayacaq.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR