Burada sizin reklamınız ola bilər

Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında görüşü başlayıb
30 İyun 2020 , 19:36

Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında görüşü başlayıb - YENİLƏNİB


İyun 30-da Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə video konfrans formatında görüşü baş tutub.

 

Bu barədə Primetime.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

 

Bir saat davam edən video konfransda tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə etdilər.

 

Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən infrastruktur dəyişiklikləri məsələsini qaldırdı.

 

Həmsədrlər son zamanlar aqressiv ritorikanın artdığını qeyd etdilər. Nazir Elmar Məmmədyarov Ermənistanın təxribat xarakterli hərəkətlərinin ritorikanın alovlanmasına gətirdiyini vurğuladı.

 

Tərəflər qarşıdan gələn ay ərzində Minsk Qrupunun həmsədrlərin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti video konfrans formatında görüşünün təşkilinə razılaşdılar. Həmçinin həmsədrlər nazirlərin birbaşa təmaslarının imkan olan ilk fürsətdə təşkili imkanlarını araşdıracaqlarını qeyd etdilər.

***

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və onun erməni həmkarı Zöhrab Mnatsakanyanın videokonfrans formatında görüşü başlayıb.

 

Primetime.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.

 

Görüş ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə keçirilir.

 

Qeyd edək ki, ötən gün E. Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə videokonfrans formatında görüşü keçirilib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR