Burada sizin reklamınız ola bilər

Məktəbli qızlar niyə məcbur evləndirilir? – DƏHŞƏTLİ NƏTİCƏLƏR
13 Avqust 2019 , 11:33

Məktəbli qızlar niyə məcbur evləndirilir? – DƏHŞƏTLİ NƏTİCƏLƏR


Ötən gün Zaqatalada 17 yaşlı qızın intiharı və səbəbinin məcburi evləndirilmə olması, həmçinin məktəbli qızın təhsilə deyil də, məhz evlənməyə yönləndirilməsi əksəriyyətin etirazına səbəb oldu. Təbii ki, bu, ilk belə hadisə deyil. Lakin bu cür halın yaşanması problemi yenidən gündəmə gətirib.

 

Mütəxəssislər hesab edir ki, ailədəki sosial durumun zəif olması erkən nikaha səbəb olur. Ailənin sosial durumu aşağı olduğundan valideyn övladına lazım olan məktəbli forması, eləcə də ləvazimatları ala bilmədiyindən çıxış yolu övladını məktəbdən çıxarmaq olur. Lakin araşdırmalar göstərir ki, maddi çətinlik məsələsi sadəcə olaraq bəhanədir. Maddi vəziyyəti yaxşı olan ailələr də qızlarını erkən yaşda ərə verirlər.

 

Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı Primetime.az-a danışarkən qeyd edib ki, bu mövzuda dəfələrlə danışılsa da, maarifləndirmə tədbirləri aparılsa da, istər bölgələrdə, istərsə də paytaxtda yenə də belə halların baş verməsi faciədir:

 

“Əslində müəyyən kütlə bunun faciə olmadığını, sadəcə individual olaylar olduğunu düşünür. Amma elə deyil. Hələ bu, mediada səs salan hadisələrdir. Halbuki mətbuatda yayımlanmayan olaylar da çoxdur. Nəinki 17 yaş, 15 yaşlı qızlar da evlənməyə məcbur edilir. Hamısı da intihar etmədiyinə görə gizli qalır. Bu mövzuda istər psixoloji, istər etik, istərsə də tibbi cəhətdən, cəmiyyətə vurduğu ziyandan o qədər danışmaq olar ki… Öncə qeyd etməliyəm ki, əgər bir qız məcbur və ya istəyərək 15-17 yaşında ailə qurmağa yönləndirilirsə, o, sabah hansı ailənin başçısı olacaq? Həmin qız erkən yaşında ana olacaq və cəmiyyət üçün bir insan yetişdirəcək, bəs o insanın psixoloji durumu necə olacaq? 17 yaşında hamiləlik depressiyası, doğuşdan sonrakı depressiyanı yaşamış bir uşaq gələcək övladına hansı tərbiyəni verəcək? Yaxud şəxsiyyətində hansı korreksiya işləri aparacaq? Bu da çox önəmlidir. Deməli, təkcə ailə deyil, həm də cəmiyyət ziyan çəkir. Digər tərəfdən əgər bir qız tez ailə qurduğu üçün intihar etməsə belə, yenə də mənim üçün o, mənəvi cəhətdən intihar etmiş sayılır. Çünki o, artıq cəmiyyətə heç bir faydası olmayan insandır. Özü hiss etməsə belə, onun daxili aləmi parçalanır”.

 

Psixoloq qeyd edib ki, qızlarını erkən yaşda evləndirən və ya məcbur edən ailə üçün cəmiyyət faktoru önəmli rol oynayır:

 

“Yəni, camaatın “filankəsin qızı ailə qurmadı” və ya “filankəsin qızı evdə qaldı” kimi fikirləri həmin ailə üçün əhəmiyyət kəsb edir. Sanki qızın evdə qalması bir yükdür. Bu, psixologiyada da var. “Qızın evdə qalması bir məsuliyyətdir, gərəksiz problemdir, evləndirim problemini qıraqda çəksin”, – deyə düşünürlər. Bir neçə ay bundan qabaq da ərə verilən azyaşlı bir qız evlənəndən 5-6 ay sonra intihar etmişdi. Özünü tövlədə asmışdı, daha sonra məlum oldu ki, bu qız ailədə işgəncələr görür, ailəsinə deyə bilmədiyi müəyyən problemləri var. Azyaşlı olduğu üçün təzyiqlərə qarşı tez sınıb. O qız ailə qurmamışdan qabaq intihar etməsə də, gördüyünüz kimi sonrakı mərhələdə buna cəhd etdi. Sanki tez ailə quran qızların hər hansı qırıqlıqları var.

 

Bir faktı da nəzərinizə çatdırım. Bu gün bölgələrdə anaların övladlarını qoyub qaçma halları yayılıb. Səbəbini isə heç kim aydınlaşdırmaq istəmir, müəyyən edilmir. Əgər bu halların statistikası olsa, görəcəksiniz ki, həmin analar erkən yaşda ailə quranlardır. Onların psixoloji durumu o qədər bərbaddır ki, analıq hissini belə duymurlar. Buna görə də övladlarını atıb qaçmaq onlar üçün canlarını qurtarmaq deməkdir”.

 

F.Mehmanqızı düşünür ki, bu problemlər istiqamətində sərt qanunlar olmalıdır:

 

“Bundan başqa, evlərə gedən, ordakı uşaqların psixoloji, fiziki durumlarını yoxlayan dövlət qurumu olmalıdır və bunlara nəzarət edilməlidir ki, valideynlər “övladın sənin malın deyil, dövlətin vətəndaşıdır və hüquqları dövlət tərəfindən qorunur” fikrini dərk edə bilsinlər. O cümlədən, qızlar dövlət tərəfindən məcburi təhsilə yönləndirilməli, maarifləndirilməlidir. Belə olduğu halda, bəlkə bir neçə nəsil sonra cəmiyyət tam olaraq erkən nikaha, erkən ana olmağa qarşı çıxar və bu haqda düşünməz. Bəzi kəndlərdə məktəblər 9-cu, hətta 4-cü sinfə qədərdir. Buna xüsusi diqqət yetirilməlidir. Qızların məktəbdən çıxarılma səbəbləri aydınlaşdırılmalıdır. Ciddi səbəb olmadıqda bu, qəbul olunmamalıdır. Belə olan zaman valideyn dövlətdən çəkinər və müəyyən məsuliyyət hiss edib “öz uşağımdır, istədiyim adama ərə verərəm” deyə yox, normal rəftar edər”.

 

Günay Rəsulqızı

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR