Burada sizin reklamınız ola bilər

İqtisadiyyatın
23 İyul 2020 , 15:36

İqtisadiyyatın "kölgə"dən çıxarılması büdcə gəlirlərinin əsas artım mənbəyidir"


“Azərbaycan iqtisadiyyatının “kölgə”dən çıxarılması büdcə gəlirlərinin əsas artım mənbəyidir”.

 

Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Primetime.az-a verilən xəbərə görə, bunu Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Maliyyə Nazirliyi tərəfindən bu ilin altı ayında dövlət büdcəsinin icrasına dair təqdim etdiyi operativ məlumatı şərh edərkən deyib. O, əsas diqqəti “kölgə iqtisadiyyatı” ilə mübarizəyə yönəldib.

 

V. Qasımlının sözlərinə görə, Azərbaycanda iqtisadiyyatın leqallaşması prosesi gedir: “Bu ilin ilk yarısında iqtisadiyyatın 2,7% geriləməsinə baxmayaraq, dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 15,5% artıb. ÜDM deflyatorunu da nəzərə alsaq, büdcə gəlirlərinin artımı daha çox iqtisadiyyatın “ağardılması” ilə bağlıdır. Bu ilin ilk yarısında vergi orqanları proqnoza 326,6 mln. manat və ya 8,9% çox əməl edib. Özü də qeyri-neft sektorundan vergi daxilolmaları 367,7 mln. manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% çox olub. Pərakəndə ticarət dövriyyəsi 1,8% və əhaliyə göstərilən ödənişli xidmətlər 19,2% azaldığı halda, bu sahələrdən vergi daxilolmaları artır. İqtisadiyyatın kölgədən çıxarılması tikinti və ictimai iaşə sahələrində də davam edir. Elektron qaimə dövriyyəsinin, ƏDV depoziti hesabına mədaxilin, özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığının, qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı fondunun və elektron ticarətin həcminin artması da “kölgə iqtisadiyyatı”nın həcminin azalmasına dəlalət edir”.

 

V. Qasımlı onu da bildirib ki, bu ilin altı ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2 019,3 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 98,1 mln. manat və ya 5,1% çoxdur: “Hansı ki, bu müddətdə xarici ticarət dövriyyəmiz də azalıb. Ötən ilki monetar qızıl idxalını nəzərə almasaq, bu ilin ilk altı ayında idxalımız 5,2% azalıb, qeyri-neft üzrə ixracımız isə 911 mln. dollar olunmaqla 67,5 mln. dollar az olub. Azalan xarici ticarət dövriyyəsi fonunda gömrük orqanlarının xətti ilə büdcə daxilolmalarının artması bilavasitə bu sahədəki şəffaflaşma və leqallaşma ilə bağlıdır”.

 

Mərkəzin rəhbəri qeyd edib ki, pandemiya şəraitində büdcə daxilolmalarının artması Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan vergi-gömrük islahatları ilə bağlıdır və bu ilki vergi islahatlarında əsas məqsəd hamıya bərabər şəraitin yaradılması, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi yükünün yüngülləşdirilməsidir: “2020-ci ildə vergi islahatlarının bəzilərini qeyd edək: sabit qəbz almaqla vergi ödəyən fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğinin azaldılması, yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin ƏDV-dən azad edilməsi, dövlət büdcəsindən ödənilən ixrac təşviqinin vergidən azad edilməsi, yeni nəsil nəzarət-kassa aparatına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməsi, yeni tikilən binalardan dövlətə ayrılan hissəyə güzəştin verilməsi, sənaye və texnologiyalar parklarının rezidentlərinə verilən vergi güzəştlərinin müddətinin 7 ildən 10 ilədək artırılması və s. Pandemiya şəraitində müvəqqəti vergi rejiminin qəbulunda məqsəd vergi yükü azaldılmaqla, həmçinin inzibati prosedurlarda güzəştlər və tətillər verilməklə vergi sisteminin və inzibatçılığının çevikliyinin qorunması, sahibkarlıq subyektləriinə stabil fəaliyyətinin təmin edilməsi və şəffaflığın artırılmasıdır. Məcburetmə prinsipindən könüllü riayətə keçid baş verir, heç kimə “imtiyaz” tanınmaması rəqabət mühitini yaxşılaşdırır və iqtisadiyyatı gücləndirir. Beləliklə, ədalətli vergi rejimi həm də rəqabəti və iqtisadi artımı stimullaşdırır və yenidən bu yolla vergi bazasını genişləndirir. Vergi-gömrük siyasəti və iqtisadi artım arasında “müdrik çevrə” yaranır. Ödəyici verginin ədalətliliyinə nə qədər çox inansa, bir o qədər də intizamlı olacaq. Vergi ədalətə bağlıdır”.

 

V. Qasımlı iqtisadiyyatın leqallaşması nəticəsində əldə olunan gəlirlərin Prezident İlham Əliyevin tapşırığı əsasında ilk növbədə əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldiyini bildirib: “Bu ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 42,5%-i və ya 4 984,4 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,1% və ya 1 030,7 mln. manat çoxdur”.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR