Burada sizin reklamınız ola bilər

Oqtay Şirəliyev video-konfrans keçirdi
31 İyul 2020 , 17:15

Oqtay Şirəliyev video-konfrans keçirdi


Bu gün Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı missiyası AR Nazirlər Kabineti yanında Operativ Gərargah, AR Səhiyyə Nazirliyi, TƏBİB və digər dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə video-konfrans formatında görüş keçirib.

 

Səhiyyə Nazirliyindən Primetime.az-a verilən məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyev video-konfransda açılış nitqi ilə çıxış edib, ÜST-ün Azərbaycanla əməkdaşlığını yüksək giymətləndirdi və görülən işlərə görə bütün missiya üzvlərinə öz minnətdarlığını bildirdi. Görüş zamanı missiya nümayəndələri son aylar ərzində Azərbaycanın səhiyyə sahəsində atılan addımlar və həyata keçirilmiş işlərin nəticələri haqqında öz fikirlərini paylaşıblar.

 

Belə ki, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı öz çıxışında qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar ÜST-ün birinci missiyasının Azərbaycana ziyarəti cari ilin mart ayında baş tutmuşdu. Son 10 gün ərzində ÜST-ün Azərbaycandakı ikinci missiyasının üzvləri dövlət qurumlarının nüməyandələri ilə yanaşı həm Bakı şəhərinin, həm də bəzi rayonların xəstəxana və poliklinikalarının tibbi heyəti ilə də çoxsaylı görüşlər keçirib. Missiya üzvlərinin sözlərinə görə, mart ayında ÜST üzvləri tərəfindən təqdim olunan tövsiyələrin əksəriyyəti nəzərə alınıb və həyata keçirilib. Ümumiyyətlə, son bir neçə ay ərzində atılan addımlar sayəsində Azərbaycan səhiyyəsində çox ciddi irəliləyişlər müşahidə olunur.

 

ÜST-ün Azərbaycandakı nümayəndəsi nəzərə çarpan dəyişiklər haqqında danışaraq, bildirib ki, son aylar ərzində COVID-19 ilə mübarizəni gücləndirmək məqsədilə dövlət tərəfindən böyük maliyyə resursları ayrılıb. Onların müqabilində koronavirusun müalicəsi üçün nəzərdə tutulmuş modul tipli xəstəxanalar inşa olunur, yeni laboratoriyalar açılır, ilkin səhiyyə xidmətinin daha çevik fəaliyyət göstərməsi üçün yeni nəqliyyat vasitələri alınır, COVID-19 virusu ilə bağlı ölkədə vəziyyətin idarəolunmasını təmin etmək məqsədilə texnoloji yanaşma nəticəsində mobil applikasiyalar istifadəyə verilir və epidomioloji vəziyyətin idarəolunması üçün xüsusi elektron baza yaradılır. Bundan başqa, tibb müəssisələrinin heyəti üçün COVID-19 infeksiyası ilə bağlı mütamadi təlimlər keçirilir, ilkin səhiyyə gücləndirilir, belə ki, yoluxma sayının azalması üçün koronavirus şübhəsi olan vətəndaşlardan test analizini almaq üçün tibb heyəti bilavasitə evlərə gedir. Eyni zamanda Səhiyyə Nazirliyi nəzdində yaradılmış işçi qrupu tərəfindən statistik hesabatlar da hazırlanır.

 

Xanım Hande Harmancı həmçinin, xəstəxana və poliklinikalarda COVID-19 ilə aylar ərzində mübarizə aparan tibb heyətinin fədakarlığını təqdirə layiq olduğunu hesab edərək, onları “Bu günün ağ xalatlı qəhramanları” adlandırıb. Bundan sonra ÜST missiyasının üzvləri bildirib ki, son 10 gün ərzində müşahidə etdikləri proseslərə dair öz tövsiyələrini yaxın 2 həftə ərzində Azərbaycan dövlətinin səhiyyə sahəsində fəaliyyət göstərən qurumlarına təqdim edəcəklər.

 

Video-konfrans formatında keçirilən görüşün sonunda Oqtay Şirəliyev missiya üzvlərinə onların Azərbaycandakı həyata keçirdiyi fəaliyyətləri və ölkəmiz tərəfindən görülən işlərin yüksək qiymətləndirdiklərinə görə təşəkkür edib. Həmçinin, cənab nazir təqdim olunacaq hesabat nəticələrini və tövsiyələri aldıqdan sonra böyük məmnuniyyətlə birgə fəaliyyəti davam etdirmək hazırlığını bildirib. Öz nitqinin sonunda Oqtay Şirəliyev ÜST nümayəndələri ilə Azərbaycan arasında illər ərzində davam edən olduqca məhsuldar işbirliyinin olmasını qeyd edib, onun gələcəkdə daha yüksək nəticələr verəcəyinə inandığını söyləyib.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR