Burada sizin reklamınız ola bilər

Tofiq Bəhramovun bürüncdən heykəlini kim ağ rəngə
12 Yanvar 2021 , 23:05

Tofiq Bəhramovun bürüncdən heykəlini kim ağ rəngə "kraska"layıb? - FOTO


Dünyaca məşhur hakim Tofiq Bəhramovu tanımayan yoxdur. İngilislərin sevimlisi, bizim fəxrimiz olan T.Bəhramovun, elə özünün adını daşıdığı Gənclik metrosunun yaxınlığında yerləşən stadionun qarşısındakı heykəlinin başına iş gəlib.
 

Primetime.az xəbər verir ki, bürüncdən hazırlanan heykəl ağ rəngə boyanıb. Tanınmış hakimin nəvəsi Tofiq Bəhramov saytımıza açıqlamasında bildirib ki, heykəlin boyanması onu təəccübləndirib və bunu qəbul etmir:
 

"2012-ci ildə stadionda yenidənqurma işləri görüləndə babamın heykəli müvəqqəti olaraq stadionun girişindən götürülüb, görünməyən başqa bir hissəyə aparıldı. Sonradan da yerinə qoymadılar, elə kənarda bir yerdə qaldı. Bir neçə gün öncə oradan keçəndə gördüm ki, ağ ləkəli nəsə var. Yaxınlaşanda gördüm ki, babamın heykəli ağ rəngə boyanıb. Məsul şəxslərdən soruşanda dedilər ki, stadionun ofis olan hissəsindən sol tərəfindəki boş ərazini bir tibb mərkəzinə verilib. Təmir-tikinti gedir. Bildirdilər ki, oranı təmir edən memar belə bir təklif verib ki, ağ rəngə boyayaq və belə məsləhət oldu. Onlara dedim ki, heykəlin öz rəngi olar, bu cür olmaz, qaytarın əvvəlki vəziyyətinə. Mənə dedilər ki, bizlik deyil, Gənclər və İdman Nazirliyinə bildirin, göstəriş versinlər. Bundan başqa, heykəlin aşağısında, babamın doğum və vəfat tarixi olan lövhə var idi, onu da çıxarıb 1926-cı il yazıblar. Halbuki, babam 1925-ci ildə anadan olub. Bunu da irad bildirəndə də, işçilərdən biri qayıtdı ki, siz bilirsiniz ki, bu heykəli buradan çıxarmaq istəyirdilər biz qoymadıq. Dedim ki, kim çıxarmaq istəyirdi?! Bu heykəli Prezident İlham Əliyevin göstərişi ilə düzəldiblər. Bunu heç kim çıxara bilməz. Hər il İngiltərədən, Almaniyadan və digər ölkələrdən gəlib çəkilişlər edirlər. Siz isə babamın heykəlini boyamısız, üzr istəyirəm, sanki darvaza "kraska"lamısınız".

 

Qeyd edək ki, 2004-cü ildə oktyabrın 13-də Tofiq Bəhramov stadionunun qarşısında Prezident İlham Əliyevin göstərişi ilə dünyaca məşhur hakimin heykəli ucaldılıb. Mərasimdə 1966-cı ildə Tofiq Bəhramovun rəhbərlik etdiyi Dünya çempionatının final matçında Almaniyaya qarşı qətiyyətli qolun müəllifi Cefri Herst, FİFA prezidenti Yozef Blatter və İcraiyyə Komitəsinin üzvü Mişel Platini də iştirak edib. Tədbirin sonunda Blatter Tofiq Bəhramov abidəsinə çələng qoymuşdu.

SİZƏ MARAQLI OLA BİLƏR