Burada sizin reklamınız ola bilər

Operativ Qərargah AVRO-2020 üçün tribunalara azarkeşin buraxılmasına qərar verdi -
08 Aprel 2021 , 17:09

Operativ Qərargah AVRO-2020 üçün tribunalara azarkeşin buraxılmasına qərar verdi - RƏSMİ


Futbol üzrə Avropa çempionatının (AVRO-2020) Bakıda keçiriləcək dörd oyununda tribunalara nə qədər azarkeş buraxılması məsələsinə aydınlıq gəlib.


Primetime.az xəbər verir ki, UEFA-nın qərarında qeyd olunmuşdu ki, pandemiya ilə əlaqədar AVRO-2020-nin oyunlarının keçiriləcəyi stadionlara azarkeşlərin hansı sayda və hansı prosedurlar əsasında buraxılacağı barədə qərar yerli hökumət və dövlət strukturları tərəfindən qəbul ediləcək.
 

Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və AVRO-2020-nin yerli təşkilat komitəsinin birgə iclasında UEFA-nın tövsiyələri və Bakı şəhərində pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq Bakıda keçiriləcək dörd oyunun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeşin iştirak edə biləcəyi barədə qərar qəbul olunub.
 

Qərar yerli azarkeşlərlə yanaşı, oyunlarda iştirak edən milli komandaların mənsub olduğu ölkələrin vətəndaşlarına da şamil olunacaq (Viza və koronavirusla bağlı müvafiq tələblərin yerinə yetirilməsi şərtilə).
 

Bakı Olimpiya Stadionunun 69 870 tamaşaçı tutduğunu nəzərə alsaq, təxminən 35 min azarkeşin oyunlar üçün tribunalara buraxılacağını demək olar.
 

Məsələ ilə bağlı bütün zəruri məlumatlar artıq UEFA-ya təqdim olunub. Azarkeşlərin AVRO-2020-nin Bakı şəhərində keçiriləcək oyunlarını stadionda izləməsi üçün tətbiq olunacaq prosedurlar ilə əlaqədar yaxın gələcəkdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.
 

Qeyd edək ki, AVRO-2020-nin bu il iyunun 11-dən iyulun 11-dək olan müddətdə keçirilməsi barədə qərar qəbul olunub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR