Burada sizin reklamınız ola bilər

Zakir Həsənov NATO nümayəndəsi ilə görüşdü
12 Oktyabr 2021 , 15:54

Zakir Həsənov NATO nümayəndəsi ilə görüşdü - FOTO


Oktyabrın 12-də müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turanla görüşüb.
 

Primetime.az xəbər verir ki, müdafiə naziri qonağı salamlayaraq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində hazırkı vəziyyətlə bağlı onlara ətraflı məlumat verib.
 

General-polkovnik Z.Həsənov NATO ilə əməkdaşlığın cari vəziyyətindən və bu sahədə əldə edilmiş müsbət nəticələrdən məmnunluğunu bildirərək qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
 

Kontr-admiral B.Turan Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud hərbi əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Görüşdə NATO ilə tərəfdaşlıq çərçivəsində keçirilən birgə tədbirlərə dair fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev də NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan ilə görüşüb.

General-leytenant Kərim Vəliyev Azərbaycan Ordusunun bölmələrinin Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində əldə etdiyi müsbət nəticələri və əməkdaşlığımızın bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Kontr-admiral Bülent Turan NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə Azərbaycan Ordusunun hərbi qulluqçularının fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

Görüşdə NATO ilə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

 


Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR