Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalı milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədilə II “4.4 Qısa Tamaşalar Festivalı”na (QTF) tamaşa qəbulu elan edir.
Nazirlikdən verilən məlumata görə, festival “Şuşa İli”nə ithaf olunur.
Ötən ilin noyabr ayında baş tutan ilk festivaldan fərqli olaraq II “4.4 Qısa Tamaşalar Festivalı”nda tamaşaların onlayn deyil, canlı təqdimatı nəzərdə tutulur.
Festival çərçivəsində nümayiş olunacaq tamaşalarla yanaşı, treninq, seminar və panel müzakirələr təşkil olunacaq ki, bu da teatr mühitindəki durğunluğu aradan qaldırmağa, prosesi canlandırmağa, teatr sənətinin təbliğinə və inkişafına xidmət edəcək.
Janr məhdudiyyəti yoxdur və mövzu sərbəstdir.
Qaliblər peşəkar teatr xadimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən ediləcək. Hər yer üzrə bir qalib seçiləcək.
Mükafat fondu: I yer - 5000 AZN, II yer - 3000 AZN, III yer -1500 AZN.
Müsabiqəyə qəbul şərtləri ilə buradan http://mct.gov.az/az/umumi-xeberler/14428 tanış ola bilərsiniz.
Əlaqə vasitəsi: +994 50 6602025.