Burada sizin reklamınız ola bilər


07 İyun 2022 , 13:18

"Doğulmağımız və ölməyimiz Allahın əlindədir" - atdan yıxılaraq xəsarət alan Cəlal Qurbanov


"Doğulmağımız və ölməyimiz Allahın əlindədir. Verilən ömrün öhdəsindən gəlmək isə öz əlimizdə. Bernard Şou deyib ki, bir yolun çətinlikləri yoxdursa, o yol səni heç yerə apara bilməz. Mənim çaparlıq həvəsim də buna bənzəyir. Çətinlikləri, qəzaları olan bir sevgidir. Amma bu bağlılığın geri dönüşü yoxdur".

 

Primetime.az xəbər verir ki, bu sözləri ötən gün atdan yıxılaraq xəsarət alan nəğməkar-şair Cəlal Qurbanov sosial şəbəkədə yazıb. O, yıxıldığı atla fotosunu paylaşaraq bunları qeyd edib:

 

"Heyvanlar insanın ən etibarlı dostudur. Büdrəsəm də, yıxılsam da, dura bilməsəm də, onlara həmişə dost olacağam. Bu, Qarabağın havasına, suyuna öyrəşmiş, adına Xallı dediyim həmin atdır. Mənim kimi yerində dayana bilmir, macəra sevir. Ayağı qum boşluğuna düşüb yıxılan atımızın vəziyyəti yaxşıdır, itlər də bizə heç bir zaman təhlükə yaratmayıb. Onlar sadəcə bizim yaratdığımız həyəcana qoşulub bələdçilik etmək istədilər.

 

Bəlkə sınaqlar ətrafını daha yaxşı tanımaq, etdiklərinin hesabatını görmək üçündür. Və mən sayənizdə illərimin hesabatını 1 gündə verdim. Xəbəri eşidib xəstəxanaya tələsənlər, içəri buraxılmayacağını bilə-bilə istidə məndən xəbər gözləyənlər, bir ailə olduğumuz şəhid yaxınları! Məni ayaqüstə saxlayan sizin dualarınızdır! Siz mənim ən böyük qazancım oldunuz, bu həyatı boşuna yaşamadığıma əmin oldum. Hər zaman yanımda olan dostlarım, doğmalarım, şəhidlərin yadigarı olan balalarım! Mənə sevginin, diqqətin də bumeranq olaraq qayıtdığını sübut etdiniz. İndi tez ayağa qalxıb, özümə missiya seçdiyim yolumu davam etdirmək arzusundayam. Mənə dəyər verən hər kəsə yaxşı ki, varımsınız deyirəm. 2 gün ərzində məni şəxsən tanımayan insanların da dəstək və dualarını hiss etdim. Xoşniyyətli insanlara, başqalarının problemlərinə həssaslıqla yanaşan, laqeyd olmayan, sağlamlıq arzulayan hər kəsə ürəkdən minnətdaram. Allah hər birinizi təhlükələrdən, bədbəxt hadisələrdən qorusun!"

 

SİZƏ MARAQLI OLA BİLƏR